Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın Qəbələ rayon təşkilatının sədri Nazlı Ağayevanı doğum günü münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

“Əzizimiz Nazlı xanım!

Şəhər – həmişə qaynar mühit olub: həm ədəbi, həm də ictimai-siyasi məsələlərdə ölkənin ziyalı kəsiminin iradəsini ifadə edib. Bunun bir səbəbi də bölgələrdə yetişən ziyalıların paytaxta gəlməsi, yaxud istedadların məhz mərkəzdə yetişməsi və sonradan geri dönməməsi ilə əlaqəlidir. Ziyalıların paytaxta toplanması isə bölgələrin ziyasız – işıqsız qalmasıyla nəticələnir.

Yazılarımın birində bölgələrimizdə olan ziyalıları – işıqlı insanları göy üzündəki gecə ulduzlarına bənzətmişdim. Onlar qaranlıq dünyamızda öz olduqları yerdən işıq saçaraq ölkəmizin xəritəsini göz önünə gətirir, öz nurları ilə Vətənin tam görünməsinə səbəb olurlar.

Nazlı xanım, mübaliğəsiz deyirəm ki, siz ölkəmizi bütöv görməyə xidmət edən həmən bölgə işıqlarından, ulduzlarından birisiniz. Sizin işığınızı, aydın təfəkkürünüzü görmək çox xoşdur: çünki siz həm də zərif xanımsınız və bu cür işıqlı xanımlar Azərbaycanımızda o qədər də çox deyil.

Sizin 9 mayda – Qələbə günündə Qəbələdə anadan olmağınızı taleyin qismətinizə yazdığı “söz naxışı” adlandırmaq olar. Bu “naxış” sizin yazılarınızda – ədəbi yaradıcılığınızda da, publisistikanızda da özünü göstərir və inanıram ki, apardıınız ədalətli mübarizənizdə qələbəyə varacaqsınız. Çünki bir dünya qaranlıq heç vaxt bir şam işığına qalib gələ bilmir, nə qədər qatılaşsa, zülmətə çevrilsə də, bircə ziya qaranlığı yarmağa kifayət edir. Siz illərlə qaranlıq dünyamızda zərif şam kimi yanır və ətrafınızı aydınlığa çıxarmağa çalışırsınız; məhrumiyyətlərə baxmayaraq, haqqın yanındasınız, haqqın yanında olmaq çətinliyinin bəhrəsini də Haqq özü verəcək.

Sizin haqqınızda ürəklə “əzizimiz” deyə müraciət edirik. Çünki siz sözün bütün mənalarında fərqlisiniz, tərbiyəli, əxlaqlı davranışınız, səmimi, təmənnasız mübarizənizlə əqidədaşlarınızın sevimlisisiniz. Ona görə də özünüzdən əvvəl sorağınız gələndə VHP-çilər sanki doğma, əziz adamlarını qarşılamağa hazırlaşırlar.

Əzizimiz Nazlı xanım!

Sizi ad gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm və ziyalı ömrünüzü dolğunluqla davam etdirmək üçün can sağlığı, səadət arzulayıram.

 

Hörmətlə,

Sabir Rüstəmxanlı

VHP sədri, xalq şairi

Comments are closed.