“Mədhiyyələrdən özünüzü qoruyun, tənqiddən qorxmaq lazım deyil”

Milli Məclisin iclasında deputat Arif Rəhimzadə də çıxış edib və bildirib ki, 1991-ci ildə keçmiş Ali Sovetin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə 43 deputatın səs verməsi yanlış məsələdir. Modern.az saytının məlumatına görə, A.Rəhimzadə deyib ki, bu məsələ həmin mart ayının 8-də müzakirəyə çıxarılıb. “Bu məsələ ondan ibarət idi ki, deputatlar Azərbaycanın SSRİ-nin tərkibində qalmasına ya referendum yolu ilə razılıq verməli idilər, ya da bunun o vaxtki Ali Sovet tərəfindən həll olunmasına razılıq verməli idilər”.

A.Rəhimzadə bildirib ki, o zaman rəhbərliyə inanmadığı üçün bu məsələnin referendum yolu ilə həllinə imza atıb: “Sadəcə bu gün məsələ ilə bağlı yanlışlıqlar var. Guya 43 nəfər deputat müstəqillik aktına imza atib”. A.Rəhimzadənin bu sözləri istiqlalçı deputat Sabir Rüstəmxanlının etirazına səbəb olub. O bildirib ki,  Arif Rəhimzadənin dediyi sözlər həqiqətə uyğun deyil: “Doğurdan da həmin vaxt SSRİ-nin saxlanılıb-saxlanılmaması məsələsi müzakirəyə çıxarılıb və SSRİ-nin saxlanmamasına qarşı çıxanlar elə müstəqilliyimizə imza verən deputatlar kimi dəyərləndirməlidirlər. Ola bilsin ki, Arif Rəhimzadənin yaddaşında bu cür qalsın, ancaq həqiqət mən dediyim kimidir, Arif Rəhimzadənin dediyi kimi deyil”.
S.Rüstəmxanlı bildirib ki, 1991-ci ildə müstəqilliyin lehinə imza atan 43 nəfərdən biri olduğuna görə, qürur duyur. Xalq hərəkatından danışarkən deyib ki, bu məsələyə yanaşmada Milli Məclisdə iki münasibət ortaya çıxır: “Bir qism israrla deyir ki, SSRİ-nin dağılması ayrı-ayrı respublikalardakı xalq hərakatından irəli gəldi, digər qism isə deyir ki, yuxarıdan oldu. Mən hesab edirəm ki, bunları bir-birindən ayırmaq düzgün deyil. Hər ikisinin birliyindən doğdu”. S.Rüstəmxanlı qeyd edib ki, xalq hərəkatı Heydər Əliyevlə birgə fəaliyyət göstərirdi, Ayaz Müttəllibov, Əbdürrəhman Vəzirovun rejiminə qarşı fəaliyyət göstərirdi: “Biz heç vaxt Heydər Əliyev rejiminə qarşı mübarizə aparmamışıq. Sonra bəzən “43-lər”lə bağlı fikirlər səsləndirilir ki, onlara müəyyən köməkliklər olunsun. Məsələn, müəyyən dövrdə nazir işləmiş Firudun Ağasıoğlu böyük alimdir, amma bu gün acından ölür. Ona hər hansı köməkliyi kim edə bilər? Sonra mən üzümü İlham Əliyevə tuturam, rəhmətlik atanız Heydər Əliyev deyirdi ki, “mənim çörək verdiyim çox adamlar bəzən mənə qarşı çıxırlar”. Mədhiyyələrdən özünüzü qoruyun, tənqiddən qorxmaq lazım deyil. Tənqid inkişaf üçündür, inkişafa köməklik edən məsələdir. Tənqiddən qorxmaq lazım deyil. Niyə Milli Məclisdə bu gün deyilmir ki,  bir qrup məmur xalqa qarşıdır? Xalqa qarşı olmaqla elə o, İlham Əliyev, Heydər Əliyev siyasətinə qarşıdır”.
S.Rüstəmxanlı qeyd edib ki, burda keçmişdən gələcəyə körpü yaratmaq lazımdır.

Comments are closed.