17 Noyabr – Milli Dirçəliş günü ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan xalqını təbrik edib.  Təbrikdə deyilir:

«Əziz soydaşlarım!

Bu gün xalqımız üçün olduqca əlamətdar bir gündür. 25 il bundan əvvəl – 1988-ci ilin 17 noyabrında milyonlarla insan Sovet imperiyasına etiraz olaraq Meydana toplandı. Milli tariximizin şanlı səhifəsi olan həmin günlərdə biz bir millət, xalq olaraq öz iradəmizi ortalığa qoyduq və müstəqilliyə haqqımızın çatdığını bütün dünyaya bəyan etdik. Məhz Meydan hərəkatından başlayan böyük bir mübarizənin məntiqi nəticəsi Sovet dövlətinin süqutunu qaçılmaz etdi və Azərbaycan xalqı öz istiqlalına qovuşdu. 17 noyabr – bir tarix səhifəsi olaraq anılsa da, əslində bu günə gələn yol 1920-ci ildən başlayırdı. Azərbaycan Xalq Cümhuriyyətinin işqalından sonra formalaşan və illərlə davam edən psixoloji-mənəvi mübarizəni 37-ci illər xofu bir qədər səngitsə də, repressiya dalğasının azacıq yumşalması ilə ziyalı-dissidentlərin geniş sırasının meydana gəlməsi azadlıq dalğasının yaddaşlarda daha dərin iz buraxdığını, müstəqilliyə doğru can atımlarının daha da şiddətləndiyini bir daha ortaya qoydu. 60-cı illər müstəqillik, birlik hisslərinin növbəti mərhələsi kimi yadda qaldı. Bu dövrdə milli şüurun formalaşması və istiqamətlənməsi yönündə ziyalılarımızın mücadiləsi yaxın tariximizin canlı şahidlərinin hələ də yaddaşındadır. Sənətin müxtəlif sahələrində – poeziya, nəsr, kino, rəssamlıq, musiqi və s. – milli şüura təsir edən əsərlərin yaranması və geniş yayılması nəticə etibarilə 80-ci illər ədəbi birliklər kimi fəaliyyət göstərən, əslində isə xalqın azadlığını düşünən beyinlərin təşkilatlanma cəhdinə gətirib çıxardı. Meydan hərəkatı – təsadüfən yaranmadı. Erməni işğalı bu mübarizənin açıq müstəviyə çıxmasında son damla idi və ona görə də milyonları əhatələyən Meydan Hərəkatı qısa müddətdə bütün SSRİ-ni silkələdi.

Əziz soydaşlarım!

17 noyabr – 70 il əsarətdə yaşayan və repressiyalar, qadağalar içində sıxılan bir xalq gücünün hayqırtısı, böyük enerjinin birdən-birə üzə çıxması idi! 17 noyabrda – millətimiz birliyinin, həmrəyliyinin, gücünün təntənəsini yaşadı və bu təntənə layiq olduğu qələbəni, ölkənin müstəqilliyini təmin etdi. Tariximizin ən işıqlı səhifələrindən olan Milli Dirçəliş günü münasibətilə hamınızı təbrik edir və dövlətçilik ənənələrinin güclənməsi və vətəndaş cəmiyyəti quruculuğunda sizlərə uğurlar arzulayıram”.

Comments are closed.