Fevralın 4-də Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr edilmiş daha bir tədbir keçirilib.
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) akt zalında “Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan milli dövlətçilik tarixində rolu” mövzusunda keçirilən toplantıda VHP sədri Sabir Rüstəmxanlı, Musavat Partiyasının başqanı İsa Qəmbər, Klassik Xalq Cəphəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Milli Şuranın sədri Cəmil Həsənli, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev və bir çox siyasətçilər, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər. 

Tədbiri açıq elan edən VHP-nın sədri Sabir Rüstəmxanlı öz çıxışında bildirib ki, bu il Məhəmməd Əmin Rəsulzadə ili olmalıdır: “Bu günkü tədbirimiz də “Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan milli dövlətçilik tarixində rolu” mözusundadır. Rəsulzadənin 130 illiyi ilə bağlı artıq bir neçə tədbir keçirilib və bu yenə də davam edəcək. Bu tədbirlərdən bir çoxunda iştirak etmişik. Bu yaxınlarda Türkiyədə də Rəsulzadəylə bağlı tədbir keçirildi. İnşallah ilin sonuna qədər tədbirlərimiz davam edəcək. Bu il Məhəmməd Əmin Rəsulzadə ili olmalıdır”.
Tədbirdə iştirak edən partiya liderləri və siyasi xadimlər də çıxış etdilər.

Milli Şuranın sədri Cəmil Həsənli: “Məhəmməd Əmin Rəsulzadə bu xalqa, bu millətə böyük bir tarix yaşatdı. O tarixi qoruyub saxlamaq, hər bir azərbaycanlının borcudur. Bayrağın anlamını, onun dəyərini, qiymətini Rəsulzadə bizə bəxş edib. O bayraq ki, meydanlarda dalğalananda qürur hissi duyuruq. Azərbaycanın yanlız keçmişini deyil, həm də gələcəyini ehtiva edən bayrağımız var. Bu bayraq bizə Rəsulzadədən miras qalıb. İllər, əsirlər keçəcək, nəsillər dəyişəcək, amma Məhəmməd Əmin Rəsulzadə ənənəsi, dəyərləri, onun tarixdəki rolu unudulmayacaq”.

Müsavat Partiyasının başqanı İsa Qəmbər: “Mən öncəliklə bu tədbiri təşkil etdiyi üçün Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıya təşəkkürümü bildirirəm. Biz Müsavat Partiyası olaraq, qərara almışıq ki, ilin sonuna qədər tədbirlər silsiləsini davam etdirək və belə də olacaq. Artıq bir neçə tədbirlər keçirmişik. İlin sonuna qədər də bu tədbirlər davam edəcək. Hakimiyyətin Rəsulzadənin 130 illiyinin qeyd edilməsi haqqında verdiyi qərar isə gözdən pərdə asmaqdır, sadəcə… Çünki bizə öncə yer vermək istəmirdilər, sonra dedilər ki, Bakının qəsəbələrindən birində sizə yer veririk. Sonradan aydın oldu ki, verilən yerlərin istilik sistemləri bərbad gündədir. Biz özümüz təşəbbüs göstərib, tədbirimizi çox bahalı olmasına baxmayaraq, Beynəlxalq Mətbuat Mərkəzində keçirmək istədik. Amma buna da bir vasitə ilə mane oldular. Fevralın 1-nə qədər dolu olduqlarını deyiblər. Budur Azərbaycan hakimiyyətinin Məhəmməd Əmin Rəsulzadəyə qoyduğu hörmət… Yalançı qərarlar verərək, yalnız özlərini aldadırlar. Türkiyədə səfirliyimiz “Azərbaycan Kültür Dərnəyi”nə müraciət edib ki, gəlin, tədbiri birlikdə keçirək. Dərnək də dəyərlər naminə etiraz etməyib və razılaşıb. Tədbir zamanı yalnız səfirlik nümayəndələri və başqaları çıxış ediblər, dərnəyin heç bir nümayəndəsinə söz verməyiblər. Səbəb olaraq isə bir çox bəhanələr gətiriblər. Ümumiyyətlə, hakimiyyət çalışır ki, Rəsulzadəni Cumhuriyyətin banisi kimi yox, banilərdən biri kimi qələmə versin. Amma bu, mümkün olan bir şey deyil. Mənim fikrimcə, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan tarixində əvəzolunmaz bir şəxsiyyətdir və ona bərabər ikinci bir insan yoxdur. Bu, mənim şəxsi fikrimdi, həm siyasətçi kimi, həm də bir tarixçi kimi…”

Klassik Xalq Cəphəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu: “Bizim, hakmiyyətin Rəsulzadənin 130 illiyi ilə bağlı verdiyi sərəncama aid bir müraciətimiz var. Rəsulzadənin büstü geri qaytarılsın, anma mərasimləri düzgün, qaydasında keçirilsin və sairə və ilaxır. Amma bu müraciətlərə baxan olmadı. Maraqlı bir faktı sizin diqqətinizə çatdırmaq istəyirəm. Xatırlayırsınızsa, bir müddət əvvəl qonşu dövlətin prezidenti parlamentdə çıxışı zamanı Azərbaycan dilində “Bir kərə yüksələn bayraq, bir daha enməz” sözünü işlətdi. Hətta qonşu dövlət başçıları belə, bizim bayrağımıza, milli dəyərlərimizə hörmət edirlər. Amma bizim ölkəmizdə bunun tam əksinədir. Baxmayaraq ki, hər seçkidən sonra o bayraq qarşısında əyilib, onu öpürlər, amma o bayrağa, bayrağın yaradıcısına hörmət və ehtiram yoxdur. Məncə, bunun bir səbəbi var. Tarixi, onlara sərf etməyən tarixi gizlətmək istəyi… Çünki Rəsulzadənin abidəsi Bakıda qoyulsa, o artıq dövlət protokoluna düşəcək. Yəni ölkəmizə gələn xarici dövlət təmsilçiləri bu abidəni ziyarət edəcəklər, Rəsulzadə haqqında maraqlanacaqlar. Təhsil ocaqlarında onun haqqında məlumatlar veriləcək. O zaman aydın olacaq ki, Heydər Əliyev azərbaycançılıq üçün heç bir iş görməyib”.
Tədbir digər iştirakçıların çıxışları ilə davam etdirilib.
Məhəmməd TÜRKMƏN,
Musavat.com 

Fotolar, Video müəllifindir

































Comments are closed.