Asif Şəkərli: ” Heç bir beynəlxalq normanı və bəşəri prinsipi tanımayan bu şəxs rus şovinizmi xəstəliyinə yoluxmuş manyaka çevrilib”

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanın işğal olunduğu 28 aprel günündə “keçmiş SSRİ respublikalarının əraziləri Rusiyaya aiddir” söyləməsi Azərbaycan ictimaiyyətində narazılığa səbəb olub.

VHP Ali Məclisinin katibi Asif Şəkərli açıqlamasında Rusiya liderinin açıqdan-açığa ölkəmizin suverenliyini və müstəqilliyini şübhə altına aldığını deyib: “Putin artıq bölgə və dünya üçün təhlükəyə çevrilir. Heç bir beynəlxalq normanı və bəşəri prinsipi tanımayan bu şəxs rus şovinizmi xəstəliyinə yoluxmuş manyaka çevrilib. Gürcüstan, ardınca Ukrayna ərazisinə hərbi təcavüzünün lazımınca cavablandırılmaması Putində özü haqqında məğlubedilməzlik sindromu yaradıb. Putinin əməlləri hamının gülüş obyektinə çevrilən Jirinovskinin xəstə təxəyyülünün Rusiyanın rəsmi dövlət siyasətinə çevrilməsini göstərir. Dünyanın demokratik güc mərkəzləri, beynəlxalq təşkilatlar bu diktatoru yerində oturtmalıdırlar, əks halda Avropa yeni bir Hitler faciəsi yaşayacaq”.

VHP rəsmisi konkret olaraq Azərbaycanla bağlı son açıqlama haqda bildirib ki, bu fikirlər Rusiyanın zaman-zaman Azərbaycana qarşı yürütdüyü siyasətin açıq ifadəsidir: “Bu sözləri 90-cı ilin 20 yanvarında Bakıda dinc insanların üzərinə yeriyən, 92-ci ilin fevralında Xocalıda insanlığın faciəsini törədən ordunun, dövlətin rəhbəri deyir. Rus şovinist siyasəti hər zaman Azərbaycan türklərinə, Azərbaycan dövlətinə eyni münasibətdə olub. Dəyişən yalnız rəhbərlər olub. İndi Putin də bu rəhbərlərin ən şovinistidir. Dünyanın hansı siyasət yürütməsindən asılı olmayaraq, biz gərək şimal qonşumuza özümüzü xatırladaq. Əgər söhbət tarixdən və keçmişə söykənərək ərazilərə sahiblənməkdən gedirsə, Dərbənddən Volqa boyunca Ural dağlarına, ordan da Sibirədək böyük bir ərazi bizə – türk millətinə aiddir. Putin bunu unutmamalıdır və bilməlidir ki, bu sözlərinin qarşılığı olaraq bir gün bu ərazilərdə yenidən türk dövlətlərinin bayrağı dalğalana bilər”.

Comments are closed.