Vətəndaş Həmrəyliyi Partiyasının qusar rayon təşkilatının növbəti, 5-ci konfransı keçirilib. Konfransda rayon təşkilatının özəklərindən seçilmiş nümayəndələr, həmçinin VHP mərkəzi aparatından təşkilat şöbəsinin müdiri Samir Əsədli və Gənclər Təşkilatının sədri Emil Bağırov iştirak ediblər. “Qafqazinfo”nun məlumatına görə, konfransda təşkilat sədri Həsənbala Məmmədovun hesabat məruzəsi dinlənilib.

VHP-nin 1992-ci ildə, AXC-nin bazası əsasında yarandığını diqqətə çatdıran H.Məmmədov «vətəndaş həmrəyliyi» ideologiyasının qusarlılar üçün böyük önəm daşıdığını bildirib: «Bu gün Qusarda ən güclü və fəaliyyət imkanları geniş olan yeganə partiya məhz VHP-dir. Bütün müxalif düşüncəli insanlar bizə üz tutur və bizə güvənirlər. Çünki həm ideoloji baxımdan yerli camaatın rəğbətini qazanmışıq, həm də ictimai-siyasi kursumuza görə qəbul edilirik. Bu amillər 19 ildir ki, bizim ayaqda qalmağımıza səbəb olub».

Nəzarət-Təftiş Komissiyasının sədri Fərahim Hacıyevin təşkilatın Nizamnaməyə uyğun fəaliyyəti və pozuntuya yol verməməsi barədə məruzəsindən sonra VHP təşkilat şöbəsinin müdiri çıxış etdi. Samir Əsədli demokratik mühitin boğulduğu hazırkı ictimai-siyasi şəraitdə bölgələrdə siyasi mübarizə aparmağın xeyli çətin olduğunu söylədi: «Xüsusilə dövlətçilik üçün həssas olan səhəd rayonlarında bu fəaliyyət ikiqat çətinləşir. Məhz belə şəraitdə siyasi qurumun mübarizədən bir addım da olsun çəkilməməsi və daha da güclənməsi siyasi təcrübə tələb edir və hesab edirəm ki, VHP-nin bu baxımdan bəxti gətirib». H.Məmmədovun 1988-ci ildə başlayan Milli Azadlıq Hərəkatına qoşulan ilk ziyalılardan olduğunu xatırladan Əsədli AXC-nin Qusar rayon təşkkilatının qurucusu və ilk sədri kimi onun böyük siyasi məktəb keçdiyini söyləyib: «Yeri gəlmişkən, AXC-nin yaranmasının 22-ci ildönümü, AXC-nin nail olduğu dövlət müstəqilliyimizin isə 20 illiyi münasibəti ilə Həsənbala müəllimi ayrıca və xüsusi olaraq təbrik edirəm».

Daha sonra Kamran Xammətov, Albert Rəhimov, Radik Abamuradov, Ağabala Muradov, Vladimir Orucoviç və s. çıxış edərək rayondakı ictimai-siyasi vəziyyət, siyasi mübarizə imkanları barədə fikirlərini bölüşdülər.
Sonda gizli səsvermə ilə Həsənbala Məmmədov yenidən rayon təşkilatının sədri seçilib və konfransda 25 nəfərlik Məclis, 3 nəfərlik NTK formalaşdırılıb. Məclisin yığıncağında 9 Şura üzvü və sədrin 5 müavini müəyyənləşib.
NTK üzvləri isə toplantı keçirərək Rahib Babayevi NTK sədri seçiblər.

Comments are closed.