Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin növbəti sessiyası keçirilib.

VHP mətbuat xidmətinin məlumatına görə, konfransın gündəliyinə ictimai-siyasi məsələlərin və qarşıdan gələn bələdiyyə seçkilərinin müzakirəsi, Siyasi Şura və Ali Məclisə yeni üzvlərin seçilməsi, partiyanın növbəti qurultayının keçirilməsi və cari məsələlər daxil edilib.

VHP Ali Məclisinin sədri Rafiq Manaflının sədrliyi ilə başlayan konfransda Türkiyədəki Soma faciəsində həyatını itirən türklərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra ictimai-siyasi məsələlər və seçkilərlə bağlı VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı məruzə edib. Partiyanın keçdiyi yol və hazırkı məqamda tutduğu mövqedən danışan S.Rüstəmxanlı bildirib ki, hazırda milli birliyə daha çox ehtiyac var:

“VHP ilk növbədə milli birlik və həmrəylik ideologiyasını əsas götürür və keçdiyimiz yol sübut etdi ki, bu ideologiya Azərbaycanın nicat yolu kimi hər zaman prioritetdir. Hazırda ciddi siyasi-hərbi böhranın yaşandığı dünyada Azərbaycan milli birliyinə hər zamankından daha artıq ehtiyac hiss olunur”.

Azərbaycanın müstəqilliyinin müqayisəyəgəlməz nemət olduğunu bildirən S.Rüstəmxanlı bu neməti qorumaq missiyasının gənclərin üzərinə düşdüyünü və onların siyasi partiyalarda kadr kimi yetişməsinin zəruriliyini önə çəkib.

Bələdiyyə seçkilərində iştiraka qərar verən Ali Məclis rayon təşkilat sədrlərinin iştirakı ilə müzakirələr aparıb.

Daha sonra VHP Siyasi Şurasına tanınmış rejissor Rövşən Almuradlı və VHP Qadınlar Şurasının sədri Aygün Qurbanlıüzv seçilib, Ali Məclisə isə yeni 7 üzv qəbul edilib.

Təşkilatı məsələlərlə bağlı Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin çıxışından sonra VHP-nin növbəti qurultayının keçirilməsinə qərar verilib və 25 nəfərdən ibarət Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb.

Konfrans ölkədəki vəziyyət, siyasi durum, müxalif qurumlara qarşı yerlərdə hakimiyyətin tutduğu qeyri-konstruktiv mövqe və sairlə bağlı yerli təşkilat sədrlərinin çıxışları və müzakirələri ilə davam edib.

 

 

Comments are closed.