Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı müqəddəs Qurban Bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:

 

«Əziz soydaşlarım, müsəlman qardaş-bacılarım!

Hər birinizi müqəddəs qurban Bayramı münasibəti ilə təbrik edir, Allah yolunda kəsdiyiniz qurbanlarınızın, etdiyiniz ibadət və dualarınızın qəbul olunmasını arzulayıram.

Allahın öz elçiləri vasitəsilə insanlara vacib buyurduğu mərasimlər içərisində Qurban bayramının xüsusi məqamı var. Bu bayramın mahiyyətində yaradılmışlar üçün verilən nemətin Allah rizası üçün bir-birilə paylaşılmalı olduğunu xatırlatmaq istəyi dayanıb.

Qurban bayramı insanlara bu dünya və axirət haqqında düşünməyə, Tanrı məqamındakı yerini aydınlaşdırmağa yardım edən böyük inancın tərkib hissəsidir. İldə bir dəfə müsəlmanlar arasında yaranan bu «süfrə bərabərliyi» yoxsul və zənginin Allah dərgahındakı bərabərliyinə işarədir: kimsə kimdənsə artıq və ya əskik yaradılmayıb, dünya nemətləri insanlar üçündür və bu nemət paylaşmasının mükafatını da Tanrı özü verəcək.

Qurban bayramı – insanları humanizmə, bir-birinə qayğıya, inam və imana səsləyən, zülmdən, ayrıseçkilikdən, başqasının haqqını yeməkdən çəkindirən böyük törəndir.

Bu müqəddəs günlərdə Tanrıya sidq ürəklə etdiyiniz dualarınızın qəbul olunmasını bir daha arzulayır, insanlarımıza hidayət, xalqımıza sülh və əminamanlıq diləyirəm.

 

Sevgilərlə,

Sabir Rüstəmxanlı

VHP sədri, millət vəkili»

 

Comments are closed.