Türkiyə Cümhuriyyətinin Azərbaycandakı böyükelçisi

cənab İsmayıl Alpər Coşquna

 

 

Hörmətli cənab səfir!

Qardaş türk xalqının taleyində böyük rol oynamış və Şərq xalqlarının azadlıq və milli dövlətçilik yolunu nişan vermiş Qurtuluş Gününün 89-cu ildönümü münasibəti ilə Sizi və Anadoluda yaşayan 80 milyonluq bacı-qardaşımızı ürəkdən qutlayıram.

20-ci yüzilin ən parlaq şəxsiyyətlərindən olan Mustafa Kamal Paşanın olağan üstü qeyrəti və hərbi-siyasi dühası sonucunda əski Osmanlı İmperatorluğunun dağıntıları üzərində qurulan Türkiyə Cümhuriyyəti aradan ötən bu illər ərzində böyük inkişaf yolu keçərək dünyanın qabaqcıl ölkələrindən birinə çevrilmişdir. Birinci Cahan Savaşı və ondan sonrakı illərdə birləşərək Türkiyənin üstünə gələn böyük imperialist güclərin arzusu gözündə qalmışdır. Türk xalqı bir daha öz qədim dövlətçilik ənənələrinə sadiqliyini nümayiş etdirmiş və dünyada heç bir gücün onun azadlıq yolundan döndərə bilməyəcəyini sübut etmişdir.

Lakin beynəlxalq irtica bu gün də türk düşmənçiliyi siyasətini davam etdirir və insanlığın üz qarası olan terror təhlükəsi ilə Türkiyə iqtisadiyyatını sarsıtmağa, Türkiyəni parçalamağa çalışır.

İnanırıq ki, bu məkrli siyasətin də qarşısı alınacaq, Türkiyə öz gəlişməsini davam etdirəcək, Azərbaycan və digər türk cümhuriyyətləri ilə Türk Birliyinə doğru gedən yolda daha inamlı addımlar atmaqla Böyük Atatürkün ideallarını bundan sonra da şərəflə yaşadacaqdır.

Bir daha Sizi və qardaş Türkiyəni Qurtuluş Günü münasibəti ilə təbrik edir, Sizə, ailənizə və bütün türk xalqına səadət arzulayıram.

 

Sevgilərlə,

Sabir RÜSTƏMXANLI

Vətəndaş Həmrəyliyi Partiyasının sədri,

Millət vəkili, Azərbaycanın Milli şairi

 

 

Comments are closed.