VHP Abşeron rayon təşkilatının sədri,  Masazır bələdiyyəsinin üzvü Niyaz Qubadov iyunun 3-də axşam saatlarında həbs olunub.

N.Qubadovun evinə gələn Abşeron rayon Polis İdarəsinin əməkdaşları «oğurluq faktıyla əlaqədar» evdə axtarış aparılacağını bildiriblər. N.Qubadov polislərdən axtarış ordenini göstərməsi isə mübahisəyə səbəb olub. Axtarış ordeni olmadığını söyləyən polis işçilərindən evi tərk etmələrini tələb edən N.Qubadovu «polisə müqavimət» ittihamı ilə zorla maşina oturdaraq aparıblar.

Bazar günü olmasına baxmayaraq, gecə saat 22:00 radələrində təşkil edilən məhkəmədə isə N.Qubadov guya polisə müqavimət göstərməsi ittihamı ilə 10 sutka cəzaya məhkum edilib.

Məhkəmə özü kifayət qədər qanunsuzluqla keçirilib. N.Qubadov vəkillə təmin edilməyib və ona özünümüdafiə üçün heç bir şərait yaradılmayıb.

Məlumat üçün bildiririk ki, 2 sutkadır Polis İdarəsində saxlanılan N.Qubadova heç kimlə görüşməyə imkan verilmir, ona çatdırılması üçün təqdim edilən yeməklər və su geri qaytarılır. Polislər N.Qubadova qarşı xüsusi qəddarlıq nümayiş etdirdiklərini gizlətmirlər.

Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurası N.Qubadovun həbs olunması ilə bağlı bəyanat yayıb.  Bəyanatda bildirilir ki, N.Qubadovun həbsi qeyri-qanunidir və sifarişlə həyata keçirilib: «Bələdiyyə idarəsində komissiya sədri olan N.Qubadovun qeyri-qanuni ittihamla həbs edilməsi və saxlanıldığı müddətdə ona qarşı göstərilən münasibət bir daha təsdiqləyir ki, bu həbs xüsusi sifarişlə həyata keçirilib. VHP bu həbsi həyata keçirən hüquq-mühafizə orqanlarının hərəkətini kəskin pisləyir və ölkə rəhbərliyindən qanunsuzluğa dərhal müdaxilə etməyi və N.Qubadovun azadlığa çıxmasına şərait yaratmağı tələb edir» 

Comments are closed.