Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı nəhayət ki, ideya müəllifi kinodramaturq Rüstəm İbrahimbəyov olan Milli Şura ilə fikirlərini açıqlayıb. Deputat Modern.az-a açıqlamasında Milli Şuraya qoşulmaq üçün ona qarşı tərəfdən hər hansı təklifin daxil olmadığını deyib.

S.Rüstəmxanlı həmçinin Milli Şuranın yaradılması ilə bağlı öz təkliflərini irəli sürüb:

“Milli Şuraya qoşulmaq üçün mənə təklif olunmayıb. Sadəcə olaraq yəqin hesab edirlər ki, mənim adımın siyahıda olması Milli Şuranın güclənməsi baxımından işin xeyrinə olar. Amma mən hələ də Milli Şuranın hansı prinsiplərlə yaradıldığını, məqsəd və məramını bilmirəm. Mənə təklif də olmayıb. Ona görə də bu barədə heç nə düşünməmişəm. Hesab edirəm ki, Milli Şura yaradılırdısa İctimai Palata ilə birgə yaradılmalıdır. Bu kifayət qədər təcrübə toplamış qurumdur.

Bir qurumu yarımçıq saxlayıb, başqa bir qurum yaratmaq, oradakı müəyyən gücləri başqa bir yerə aparanda narazılıq yaranıb. Ona görə ciddi olaraq Milli Şura yaratmaq istəyirlərsə onda əhalinin daha geniş təbəqəsini buna cəlb olunmalıdır”-deyə millət vəkili bildirib.

S.Rüstəmxalı Milli Şuranın ciddi iş görəcəyi təqdirdə onu Milli Məclisdə təmsil edə biləcəyini vurğulayıb:

“Mən də hazırdaMilli Məclisdəyəm. Milli Şurada Milli Məclisə bənzər, alternativ qurumdur. Lazım olarsa, Milli Şura doğurdan da ciddi iş görərsə biz onu Milli Məclisdə təmsil edərik”.

 

Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlının Milli Şura ilə bağlı fikirlərinə qarşı tərəfdən cavab gecikməyib. Milli Şuranın əsas təşəbbüskarlarından olan “EL” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev Modern.az-a açıqlamasında Sabir Rüstəmxanlının təklifini müsbət qiymətləndirib.

“El” rəsmini Sabir Rüstəmxanlının Milli Şurada görmək istədiyini bildirib:

“Sabir Rüstəmxanlı Azərbaycanın böyük şairidir. Keçmişdə mübarizə aparan insanlardan olub. Sabir Rüstəmxanlı Milli Şurada olsa da, olmasa da o, bir çoxlarından yaxşı bilir ki, sosial sifariş nədir. Onun Milli Şuraya belə yanaşması özü böyük şeydir. Heç də əhəmiyyət kəsb etmir ki, o adam Milli Şurada olsun, ya olmasın. Bu özü böyük uğurdur. Şəxsən mən dostum Sabir Rüstəmxanlını ən gözəl şuralarda görmək istəyirəm”-deyə E.Quliyev vurğulayıb.

Qeyd edək ki, millət vəkili Sabir Rüstəmxalı Modern.az-a açıqlamasında Milli Şuranın ciddi işlər görəcəyi təqdirdə onu Milli Məclisdə təmsil edə biləcəyini bildirib.

Comments are closed.