Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurası Müsavat partiyasını üzvü Nigar Yaqublunun həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Müsavat partiyasının Məclis üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtimobil qəzasının araşdırılması və istintaq aparılması qanunvericiliyə uyğun olaraq hüquq-mühafizə orqanlarının birbaşa vəzifə səlahiyyətlərinə aiddir.

“Ancaq nəzərə aldıqda ki, Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi qaldırılarkən istintaq müddətində təqsirkar qismində şübhəli bilinən şəxs, xüsusilə xanım  barəsində məhəmə prosesinə qədər həbs qəti-imkan tədbirinin seçilməsi presedenti yoxdur, onda Nigar Yaqublunun həbsinin siyasi motivli olması ehtimalı yaranır.

Siyasi rəqibə qarşı Azərbaycan hakimiyyəti indiyə qədər qeyri-məqbul və qeyri-demokratik vasitələrdən istifadə etsə də, milli-mənəvi dəyərləri həmişə qorumağa çalışıb. Müsavat partiyasının başqan müavini olan Tofiq Yaqublunun qızı Nigar Yaqublunun siyasi sifariş əsasında həbs olunmasını təsdiqləyən faktlar isə hakimiyyətin bu sahədə illərlə qoruduğu milli dəyərin pozulması anlamına gələ bilər.

VHP Siyasi Şurası bu tendensiyanın yaranmasından ciddi narahatlığını bildirir və bəyan edir ki, bu hal milli dəyərlərə xüsisu önəm verən Azərbaycanda arzu olunmayan qeyri-siyasi mübarizə mühitinin yaranması təhlükəsini doğura bilər. Buna görə də VHP SŞ ölkənin siyasi hakimiyyətindən vətəndaş sülhünün güclənməsi və milli-əxlaqı dəyərlərimizə hörmət əlaməti olaraq hadisəyə birbaşa müdaxilə etməyi və müvafiq qərar qəbul etməyi xahiş edir”.

  VHP Mətbuat Xidməti      

Comments are closed.