VHP “REAL” sədri İlqar Məmmədovun və Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun həbsi ilə bağlı bəyanat verib.


Bəyanatda deyilir:
“Vətəndaş Həmrəyliyi Partiyası “REAL” Hərəkatının sədri İlqar Məmmədovun və Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun həbsindən narahat olduğunu bildirir və bunu hakimiyyətin siyasi təzyiq vasitəsi kimi qiymətləndirir.

İlqar Məmmədov və Tofiq Yaqublunun İsmayıllıya getməsi ordakı hadisələrin baş verdiyi gündən bir gün sonraya təsadüf edir. Onların narazı kəsimi təxribata çəkməsi, prinsipcə, inandırıcı görünmür, çünki İ.Məmmədov və T.Yaqublu özlərindən əvvəl başlamış hadisələrin iştirakçısı ola bilməzdilər.

Digər tərəfdən, İ.Məmmədov və T.Yaqublu hər ikisi ölkənin tanınmış siyasət adamlarıdır, istintaqdan yayınmayıblar, ona görə də istintaq müddətində onların barəsində həbs qətimkan tədbirinin seçilməsinə heç bir ehtiyac yox idi. Həbs qətimkan tədbirinin seçilməsi və onların cəmiyyətdən təcrid olunması bu siyasətçilərə qarşı irəli sürülən ittihamların siyasi xarakterli olması şübhələrini daha da gücləndirir və siyasi fəallara qarşı hakimiyyətin dözümsüz yanaşdığını ortaya qoyur.

Bu həbslərin Azərbaycanın imicinə necə zərbə vuracağını nəzərə alaraq, hesab edirik ki, hakimiyyət bu kimi üsullardan birdəfəlik əl çəkməli, ölkə rəhbərliyi siyasi iradə ortaya qoymalı və İ.Məmmədov və T.Yaqublunun istintaq müddətində azadlığa çıxmalarını təmin etməlidir”.

Comments are closed.