Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı VHP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Felmar Ələkbərovu ad günü münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

 

«Əziz Felmar bəy!

63  yaşa şərəfli bir ömür yolu keçərək gəlmək, əlinin zəhməti, intellekti ilə ad çıxarmaq, eldə-obada xeyirxah adam kimi tanınmaq, halal yaşamaq hər insana nəsib olan tale deyil. Siz doğulduğunuz Ağdamın Mahrızlı kəndindən yeniyetmə ikən Bakıya gəlib, tələbə həyatına qədəm qoyduğunuz ilk gündən zəhmətə alışmısınız, Neft və Kimya İnstitutunda oxuya-oxuya fəhlə işləmisiniz, halallığın, alın açıqlığının şərəfini yaşamısınız.

Müdriklərdən biri deyir ki, bir insanı tanımaq üçün ona vəzifə vermək lazımdır. Siz Bakı Şin Zovodunun direktoru səviyyəsinə yüksələndə belə öz ləyaqətinizi hər şeydən uca tutmusunuz, saf, şəffaf həyatınıza kölgə salacaq heç bir hərəkət etməmisiniz.

Sizin necə bir vətənpərvər, millətini, xalqını sevən insan olmağınız Məmməd Əmin Rəsulzadənin heykəlini Azərbaycanda ilk dəfə olaraq Bakı Şin Zavodunun həyətində ucaltdırmağınızla yazdığınız şərəfli tərcümeyi-halınızda əks olunub. 1990-cı ilin ilk aylarında Sovet liderinin – Leninin heykəlini uçurub, yerinə Rəsulzadənin heykəlini ucaltmağınız həm cəsarətli addım idi, həm də xarakterinizin göstəricisiydi. Siz heç zaman vəzifənin qulu olmadınız, hər hansı vəzifəni milli mənafeyə, vətənə, dövlətə, millətə xidmət vasitəsi saydınız.

Sizin 1994-cü ildə vəzifədən getməyiniz də təsadüfü deyil. Çünki vəzifəni millətə xidmət vasitəsi sayan sizin kimi insanlar yüksək postlarda qalmağı və millətdən başqa kiməsə qul olmağı öz ləyaqətlərinə sığışdırmırlar.

Əziz Felmar bəy!

Ad gününüzü təbrik edirəm və sizin – ölkəmizin demokratikləşməsi, insan haqları və vətəndaş quruculuğu yolunda mübarizəni VHP sıralarında aparmağınızdan, sıralarımızda olmağınızdan çox məmnun olduğumu nəzərinizə çatdırıram. Çünki bu yaşınızda da gənclik enerjisi və böyük ruh yüksəkliyi ilə mübarizəni davam etdirməyiniz, gənclərə nümunə olmağınız sizin necə insan, necə vətəndaş olduğunuzun bir daha göstəricisidir.

Sizə uzun ömür arzulayır və ölkəmizin firavanlığı, övladlarımızın xoşbəxtliyi naminə apardığınız mübarizədə uğurlar diləyirəm.

 

 Hörmətlə,

Sabir Rüstəmxanlı,

VHP sədri, millət vəkili

 

Comments are closed.