Sabir Rüstəmxanlı: “Məhəmməd Əmin Rəsulzadənin həyatı və fəaliyyəti əsl ideologiya nümunəsidir”

04 fevral 2014-cü il tarixində Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təşəbbüsü və təşkilatçılığı ilə “Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanın milli dövlətçilik tarixində rolu” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı, Musavat Partiyasının başqanı İsa Qəmbər, Klassik Xalq Cəphəsi Partiyasının sədri (KXCP) Mirmahmud Mirəlioğlu, Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri Hacıbaba Əzimov, Milli Şuranın sədri Cəmil Həsənli, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, Ümid Partiyasının sədr müavini Rüfət Muradlı, tarixçi-alim Nəsib Nəsibli, bir çox tanınmış ictimai-siyasi xadimlər, qonaqlar, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.

 “Bu il Məhəmməd Əmin Rəsulzadə ili olmalıdır”

Toplantını VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı açaraq, Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan tarixindəki rolundan və onun gənclər üçün əhəmiyyətindən danışıb: “Bugünkü tədbirimiz “Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan milli dövlətçilik tarixində rolu” mözusundadır. Bu il Məhəmməd Əmin Rəsulzadə ili olmalıdır: “Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi ilə bağlı artıq bir neçə tədbir keçirilib və bu yenə də davam edəcək. Bu tədbirlərdən bir çoxunda iştirak etmişik. Bu yaxınlarda Türkiyədə də Məhəmməd Əmin Rəsulzadə ilə bağlı tədbir keçirildi. İnşallah, ilin sonuna qədər tədbirlərimiz davam edəcək. Ümumiyyətlə, yubiley ilindən asılı olmayaraq Azərbaycan dövlətçilik tarixində hər zaman anılması zəruri olan şəxsiyyətlər var. Eyni zamanda onların irsi hər zaman öyrənilməlidir və dövlətçilik tariximizdəki yerləri araşdırılmalıdır”. Millət vəkili bildirib ki, Məhəmməd Əmin Rəsulzadə bir ideologiyadır: “Bu dövlətin özünə də ideologiya lazımdır. Dövlətin üstünə getmək lazım deyil, onun bu dəyərə sahib çıxmasını təmin etmək lazımdır. Gəncliyə ideologiya lazımdırsa, Məhəmməd Əmin Rəsulzadənin həyatı və fəaliyyəti əsl ideologiya nümunəsidir”.

“Üçrəngli bayraq, istiqlal məfkurəsi Məhəmməd Əmin Rəsulzadədən bizə yadigar qalıb”

Milli Şuranın sədri Cəmil Həsənli deyib ki, Məhəmməd Əmin Rəsulzadə bu xalqa böyük bir tarix yaşatdı: “O tarixi qoruyub saxlamaq hər bir azərbaycanlının borcudur. Bayrağın anlamını, onun dəyərini, qiymətini Məhəmməd Əmin Rəsulzadə bizə bəxş edib. Həmin bayraq meydanlarda dalğalananda qürur hissi duyuruq. Azərbaycanın yanlız keçmişini deyil, həm də gələcəyini ehtiva edən bayrağımız var. Üçrəngli bayraq, istiqlal məfkurəsi Məhəmməd Əmin Rəsulzadədən bizə yadigar qalıb. Bu gün biz varıq. Azərbaycanda nəsillər dəyişəcək, amma Məhəmməd Əmin Rəsulzadənin adı, əməlləri, ənənləri, dəyərləri, onun tarixdəki rolu unudulmayacaq”.

“Məhəmməd Əmin Rəsulzadə Azərbaycanda türkçülüyün ən böyük nümayəndəsidir”

Tarixçi-alim Nəsib Nəsibli vurğulayıb ki, Azərbaycan hökumətinin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyini rəsmiləşdirməyi çox gözəl bir hadisədir: “Məhəmməd Əmin Rəsulzadə böyük bir ümmandır. Əlbəttə, Müsavat Partiyasını təsis etmək, müsavatçılıq ideologiyasını reallaşdırmaq, daha sonra mühacirətdə onu yaşatmaq və dünya siyasi platformasına çıxarmağı bacarmaq çox böyük işdir. 1915-ci ildən sonra milli ideologiyanın inkişafı Məhəmməd Əmin Rəsulzadənin çiyinlərində olub və 1955-ci ilədək bu estafeti davam etdirib”. Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti Məhəmməd Əmin Rəsulzadənin yaratdığı bir hadisədir: “Bu şəxs dövlət qurucusudur. Milli Şuranın sədri kimi istiqlal bəyannaməsində qolu olmasa da, ancaq rəhbərlik etdiyi bir şura Azərbaycanın istiqlalını elan edib. Bununla belə, Məhəmməd Əmin Rəsulzadə həmçinin millət qurucusudur. Axı millət bir yoxdan yaranmadı? Bunun ideologiyası, digər atributları var. Məhəmməd Əmin Rəsulzadə Azərbaycanda türkçülüyün ən böyük nümayəndəsidir. Ona görə də Məhəmməd Əmin Rəsulzadə təkcə dövlətçilik deyil, həm də millətçilik tarixində son dərəcə böyük bir şəxsdir və onsuz Azərbaycanda türkçülüyün tarixi çox naqis olar. Məhəmməd Əmin Rəsulzadənin ilk əsəri olan “Milli birlik”də millət nəzəriyyəsi ən sistemli şəkildə qoyulub. Ona görə də bir ideologiya və taktika kimi türkçülüyün gerçəkləşməsində bu şəxsin son dərəcə böyük rolu var. Məncə, Məhəmməd Əmin Rəsulzadə yalnız dövlət adamı, ideoloq deyil, həm də millət qurucusudur. Əgər Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşları olmasaydı, bu gün biz millət olmazdıq. Bizim onun irsinə çox böyük ehtiyacımız var və yalnız xidmətlərini deməklə kifayətlənməməliyik. Məhəmməd Əmin Rəsulzadənin irsinin araşdırılaraq sıravi vətəndaşlara çatdırılması, böyük konfransların keçirilməsi zəruridir”.

“Bu gün də Məhəmməd Əmin Rəsulzadənin uğrunda mübarizə apardığı ideallar Azərbaycanın hər bir vətənpərvər vətəndaşının qəlbində yaşayır”

VAMBP sədri Hacıbaba Əzimov bildirib ki, Azərbaycan xalqı həqiqətən Məhəmməd Əmin Rəsulzadə kimi böyük şəxsiyyəti, ideoloqu, siyasi lideri olmasına görə fəxr edə bilər: “Bu gün də onun uğrunda mübarizə apardığı ideallar Azərbaycanın hər bir vətənpərvər vətəndaşının qəlbində yaşayır. Azərbaycanda 1980-ci illərin sonlarında milli azadlıq hərəkatının yüksək vüsət alması və üçrəngli bayrağın dalğalanması təsadüfi deyildi. Bunlar Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan övladının, ziyalılarının əqidəsinə həkk olunmuş və dərin izlər buraxmış ideyalarının təzahürü idi. Çünki meydanda Məhəmməd Əmin Rəsulzadənin adı çəkiləndə, üçrəngli bayraq dalğalananda böyük ruh yüksəkliyi yaşanırdı. Eyni zamanda 1990-cı ildə 350 deputatın təmsil olunduğu Ali Sovetdə yaradılmış 20-25 nəfərlik “Müstəqil Azərbaycan” blokunun əzmkar mübarizə aparmalarına səbəb onların Məhəmməd Əmin Rəsulzadə və silahdaşlarının ideallarından aldıqları nəfəs idi. Ona görə də həmin deputatlar Azərbaycanın müstəqilliyini əsas şərt saydılar. Biz xalqın köməyi ilə “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsinə nail olduq və həmin sənədə Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olması maddəsini daxil etdik. Bununla da Məhəmməd Əmin Rəsulzadə kimi şəxslərin nəticəsi yerdə qalmadı. Ancaq hələlik onun və silahdaşlarının uğrunda mübarizə apardıqları böyük ideallar tam bərqərar olmayıb”.

“Məhəmməd Əmin Rəsulzadə Azərbaycan tarixində əvəzolunmaz bir şəxsiyyətdir və ona bərabər ikinci bir insan yoxdur”

Müsavat Partiyasının başqanı İsa Qəmbər Məhəmməd Əmin Rəsulzadənin Müsavat Partiyası və Azərbaycan Demokratik Respublikasının qurucusu olmasından və dövlətçilik ənənələrindən danışıb: “Məhəmməd Əmin Rəsulzadə təkcə Müsavat Partiyasının qurucusu deyil. O, həm də Azərbaycanın dövlətçilik ənənələrinin başlanğıcı sayılan Azərbaycan Xalq Cümhuriyyətinin qurucusudur. O, millətin lideridir. Ona görə də biz partiya olaraq ilin sonunadək bir sıra tədbirlər keçirməyi qərara almışıq. Artıq bir sıra tədbirlər keçirmişik”. Onun sözlərinə görə, Azərbaycan hakimiyyətinin Məhəmməd Əmin Rəsulzadənin 130 illiyinin qeyd edilməsi haqqında verdiyi qərar sadəcə gözdən pərdə asmaqdır: “Hakimiyyət Məhəmməd Əmin Rəsulzadəni Azərbaycan Xalq Cümhuriyyətinin banisi kimi yox, banilərdən biri kimi qələmə verməyə çalışır. Amma bu mümkün olan bir şey deyil. Çünki Məhəmməd Əmin Rəsulzadə Azərbaycan tarixində əvəzolunmaz bir şəxsiyyətdir və ona bərabər ikinci bir insan yoxdur. Bu həm siyasətçi, həm də bir tarixçi kimi mənim şəxsi fikrimdir”.

“Məhəmməd Əmin Rəsulzadə həm tarix yaradan, həm də tarix yazan bir şəxsiyyətdir”

VHP Gənclər Təşkilatının üzvü Röyalə Məmmədova deyib ki, bir millətin millət olması üçün onun keçdiyi meyarlar lazımdır: “Təkcə Azərbaycan deyil, ümumilikdə dünya tarixinə nəzər salsaq, istər fransızlar, istər italyanlar, istərsə də amerikanlar olsun, tarixin müəyyən mərhələsində onlarda əvvəlcə millətçilik olub, daha sonra bəşəri dəyərlərə keçiblər. Milli özünüdərk olmadan bəşəri dəyərlərə keçmək mümkün deyil. Hər bir xalq ilk növbədə millət olaraq özünü dərk etməli, formalaşmalı və daha sonra bəşəri dəyərlər mərhələsinə keçməlidir. Məhəmməd Əmin Rəsulzadə də əvvəlcə millətin özünü dərk etməsi prosesini başladıb. Ancaq Sovet Rusiyasının Azərbaycanı işğal etməsi ilə bu proses dayandı və müstəqilliyimizi bərpa etdikdən sonra da bu məsələ yarımçıq qaldı. Mən düşünürəm ki, əvvəlcə bu proses davam etdirilməlidir və daha sonra gənclərimiz istədiyi yola keçməlidir”. Onun sözlərinə görə, Məhəmməd Əmin Rəsulzadə iki missiya həyata keçirib: “Mən hesab edirəm ki, Məhəmməd Əmin Rəsulzadə həm tarix yaradan, həm də tarix yazan bir şəxsiyyətdir. Düzdür, tarix yaratmaq mümkündür və bir çox şəxsə mənsub olub. Ancaq tarix yazmaq hər adama qismət olmur. Məhəmməd Əmin Rəsulzadə milli birliklə bağlı 7 məqaləsində çıxış edib. O, həmin məqalələrdə millət və dövlətçilik tezislərini öz prinsipləri ilə açıqlayıb. Həmin məqalələrdə millətin mənfilikləri göstərilməklə yanaşı, millətin özünüdərk məsələsi açıqlanıb. Hətta həmin məqalələrdə belə bir ifadə işlədilib: “Qərbdə yaşamaq üçün ölürlərsə, ancaq bundan fərqli olaraq Şərqdə ölmək üçün yaşayırlar”. Məncə, bu ifadə inkişafa təsir göstərəcək böyük bir amildir. Yalnız Məhəmməd Əmin Rəsulzadə deyil, həmin dövrün maarifçiləri də millətin özünü tanımadığını deyirdilər. Belə ki, millət “kimsən” sualına “mən müsəlman” cavabını verirdi. “Türkəm” cavabı isə daha sonrakı mərhələlərdə verilirdi. Ancaq həmin sual hər hansı başqa bir millətə, məsələn rusa verilsə, “xristianam” cavabı gəlsəydi, çox gülünc qarşılanırdı. Ancaq bizdə məsələyə hələlik normal yanaşılırdı. Azərbaycan dövləti və ya milləti adına isə nə 1917-ci ilədək keçirilmiş qurultayların heç birində rast gəlinməyib. Təsadüfi deyil ki, qurultaylar yalnız Qafqaz müsəlmanları adı altında keçirilirdi. Ancaq 1917-ci ildə Moskvada keçirilmiş qurultayda Azərbaycan adı ilk dəfə olaraq Məhəmməd Əmin Rəsulzadə tərəfindən gündəmə gətirilib. Azərbaycan Respublikasının adının yaranması və millətin adının qoyulması məhz həmin dövrdən etibarən başlayıb. SSRİ dağılandan sonra Azərbaycan öz müstəqilliyini bərpa edəndə adımız, simvollarımız, atributlarımız olduğundan çaş-baş qalmadıq. SSRİ Məhəmməd Əmin Rəsulzadənin “Yeni Zaqafqaziya” jurnalını açmasından sonra Türkiyəyə təzyiqlər göstərirdi. Türkiyədə mühacirətdə yaşayan azərbaycanlılardan biri Məhəmməd Əmin Rəsulzadəyə yaxınlaşaraq “Yeni Zaqafqaziya” jurnalını bağladıqdan sonra Azərbaycana qayıda biləcəklərini bildirir. Ancaq Məhəmməd Əmin Rəsulzadə “Yeni Zaqafqaziya” jurnalının nəşrini yalnız rus qoşunlarının tamamilə Azərbaycanı tərk etdikdən sonra dayandıracağı cavabını verir”.

“Məhəmməd Əmin Rəsulzadə tarixə sığmayan bir lider olub”

VHP Gənclər Təşkilatının digər üzvü Vüsal Namiqoğlu vurğulayıb ki, Məhəmməd Əmin Rəsulzadə ilk təşkilatını – “Müsəlman” Gənclər Təşkilatını yaradanda hələ 17 yaşında idi: “Məncə, biz hələ bir az gecikmişik. Məhəmməd Əmin Rəsulzadəni hər hansı bir tarixlə, hadisə ilə çərçivələmək olmaz. Məhəmməd Əmin Rəsulzadə tarixə sığmayan bir lider olub. Məhəmməd Əmin Rəsulzadə və yoldaşlarının mübarizəsinə xalqın könüllü surətdə dəstək olmasının ən boyuk səbəbi onların millətin ən təməl haqlari uğrunda mübarizə aparması idi. Ancaq təəssüflər olsun ki, hələ də Məhəmməd Əmin Rəsulzadənin xalqına vermək istədiyi ən təməl haqlar bu millətə verilməyib. O zaman da haqlarını tələb edənlər təqib edilir, izlənilirdisə, bu gün də eyni aqibəti yaşamaqdadırlar”.

Məhəmməd Əmin Rəsulzadənin büstləri götürüldükləri yerlərə geri qaytarılsın, anma mərasimləri düzgün, qaydasında keçirilməlidir”

KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib ki, onların hakimiyyətin Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi ilə bağlı verdiyi sərəncama dair bir müraciətləri var: “Məhəmməd Əmin Rəsulzadənin büstləri götürüldükləri yerlərə geri qaytarılsın, anma mərasimləri düzgün, qaydasında keçirilsin və sair və ilaxır. Amma bu müraciətlərə baxan olmadı. Maraqlı bir faktı sizin diqqətinizə çatdırmaq istəyirəm. Xatırlayırsınızsa, bir müddət əvvəl qonşu dövlətin prezidenti parlamentdə çıxışı zamanı Azərbaycan dilində “Bir kərə yüksələn bayraq, bir daha enməz” sözünü işlətdi. Hətta qonşu dövlət başçıları belə bizim bayrağımıza, milli dəyərlərimizə hörmət edirlər. Amma bizim ölkəmizdə bunun tam əksinədir. Baxmayaraq ki, hər seçkidən sonra həmin bayraq qarşısında əyilib, onu öpürlər, amma o bayrağa, bayrağın yaradıcısına hörmət və ehtiram yoxdur. Məncə, bunun bir səbəbi var. Tarixi, onlara sərf etməyən tarixi gizlətmək istəyi… Çünki Məhəmməd Əmin Rəsulzadənin abidəsi Bakıda qoyulsa, o artıq dövlət protokoluna düşəcək. Yəni ölkəmizə gələn xarici dövlət təmsilçiləri bu abidəni ziyarət edəcəklər, Məhəmməd Əmin Rəsulzadə haqqında maraqlanacaqlar. Təhsil ocaqlarında onun haqqında məlumatlar veriləcək. O zaman aydın olacaq ki, Heydər Əliyev azərbaycançılıq üçün heç bir iş görməyib”.

“Məhəmməd Əmin Rəsulzadənin bütün ictimai-siyasəti fəaliyyəti dövründə Ahıska türklərini də görmək mümkündür”

Azərbaycandakı Ahıska türklərinin “Vətən” Cəmiyyətinin keçmiş sədri İbrahim Burhanov deyib ki, Məhəmməd Əmin Rəsulzadənin bütün ictimai-siyasəti fəaliyyəti dövründə Ahıska türklərini də görmək mümkündür: “Şərqdə yaranmış ilk demokratik cümhuriyyət quruculuğunda Ahıska türklərinin Məhəmməd Əmin Rəsulzadə ilə birgə fəaliyyəti olub. Bunlardan Ömər Faiq Nemanzadənin bacısı oğlu, 7 dildə sərbəst danışan Milli Şuranın, daha sonra Azərbaycan Demokratik Cümhuriyyətinin üzvü və katibi, əmək və əkinçilik naziri Əhməd bəy Pepinov, Azərbaycan Jurnalistlər İttifaqının sədri Adil Əfəndi və başqalarını nümunə göstərmək olar. Ümumilikdə 200 nəfər Ahıska türkünü misal çəkmək olar. Məhəmməd Əmin Rəsulzadə kimi böyük şəxsiyyətinin olması ilə bütün türk dünyası fəxr etməlidir”.

Tədbirdə həmçinin AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Ümid Partiyasının sədrinin müavini Rüfət Muradlı, İstanbul Azərbaycan Kültür Evinin Yönətim Qurulunun başqanı Hikmət Elp, sabiq istiqlalçı deputat İbrahim İbrahimli və başqaları çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.





Comments are closed.