Vətəndaş Həmrəyliyi Partiyasın Siyasi Şurasının bu gün növbəti toplantısı keçirilib.

Toplantıda VHP-nin 20 illik yubileyinin keçirilməsinə hazırlıq məsələləri, 2013-cü il prezident seçkiləri ərəfəsində ölkədəki ictimai-siyasi vəziyyət, müxalifətin inteqrasiya perspektivləri və s. müzakirə olunub.

VHP sədri Sabir Rüstəmxanlının ölkədəki ictimai-siyasi vəziyyətlə və geopolitik durumla bağlı məruzəsindən sonra çıxışlar, o cümlədən VHP-nin yubiley tədbirinin keçirilməsinə hazırlıqla bağlı Təşkilat Komitəsinin hesabatı dinlənilib.

Siyasi Şura “VHP-20” kitabçasının və “VHP-20” video çarxının hazırlanması ilə bağlı təkliflərini irəli sürüblər.

Son günlər paytaxtın müxtəlif bölgələrində sakinlərin evlərinin sökülməsi zamanı kompensasiyaların nəzərdə tutulduğundan qat-qat az ödənilməsi və bunun da haqlı narazılığa səbəb olması da ciddi müzakirə edilib. Müzakirələrdən sonra VHP Siyasi Şurası bəyanat qəbul edib.

Bəyanatda bildirilir ki, “Şəhərin müəyyən hissələrində hər kvadrat metr üçün 1500 manat nəzərdə tutulsa da, rəsmi qurumlar bu məbləği ödəməkdən imtina edir, razılaşmayan sakinlərin mülklərini isə barbarcasına uçurur, insanları küçələrə tökürlər. Müşahidələr göstərir ki, bir çox hallarda yaşayış sahəsinin faktiki ölçüləri, qeyri-yaşayış sahələri və s. nəzərə alınmır, müxtəlif bəhanələr gətirilir və nəticə etibarilə ödənilən kompensasiya hər kvadratmetrə görə 300 manata qədər endirilir. Bu isə sakinlərin nəinki həmin ərazidə, hətta Bakının ucqarlarında belə normal mənzil almasına kifayət etmir. Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurası bu halları vətəndaşların dövlətdən qəsdən narazı salınması kimi dəyərləndirir və ayrı-ayrı qurumların bu özbaşnalığını kəskin şəkildə pisləyir”.

Bəyanatın sonunda VHP Siyasi Şurası rəsmi dövlət qurumlarının hər kvadratmetr üçün nəzərdə tutulan məbləği faktiki yaşayış sahələrinə əsasən verməli olduğunu və vətəndaşların mülkiyyət hüquqlarının qorunmasının vacibliyini önə çəkir: “Hakimiyyət bu narazılıqları dərhal aradan qaldırmalı və vətəndaşları təmin edən kompensasiyanın ödənişini həyata keçirməlidir”. 

VHP Mətbuat Xidməti 

Comments are closed.