Vətəndaş Həmrəyliyi Partiyasının Güney Azərbaycanda baş verən zəlzələ ilə bağlı açıqlaması

 

Açıqlamada deyilir: “Güney Azərbaycanda baş verən təbii fəlakət nəticəsində yüzlərlə soydaşımız həlak olub, minlərlə insan isə yaralanıb. Bu ağır faciəyə görə bütün millətimizə, xüsusilə də faciə qurbanlarının yaxınlarına dərin hüznlə baş sağlığı verir, millətimizin başı sağ olsun deyirik.

Zəlzələ ilə bağlı kədərimizlə yanaşı qapalı İran hökumətinin bəzi hərəkətləri də təəssüf doğurur. Fars rejimi belə ağır gündə də informasiya qapalılığını saxlayır. Zəlzələdən 15 dəqiqə sonra ABŞ başda olmaqla, dünyanın bütün ölkələrinin seysmoloji mərkəzləri təkanların gücü barədə rəsmi açıqlama verdilər. İran rəhbərliyi isə bu məsələdə də hamıdan gec davrandı. Bu günə qədər də itkilər haqda tam və ətraflı məlumat verilmir.

Türkiyədən və Azərbaycandan İran xalqına başsağlığı verildiyi və yardım üçün müraciət edildiyi halda, rəsmi Tehran əhaliyə yalnız başsağlığı barədə məlumatı çatdırıb.

İndi təbii fəlakətdə zərər çəkənlərin ehtiyacı ən çox çadıra, yataq ləvazimatlarına və ərzağadır. Amma Tehran hökuməti bütün yardım edən ölkələrə rədd cavabı verir.

Təbrizdə xəstəxanalara gedib qan vermək istəyən insanlara orucları pozulmasın bəhanəsilə geri qaytarılır və qan alınmır. Təbriz, Urmu, Ərdəbil, Xoy, Sulduzda yüzlərcə insan Qızılay ofislərinin qarşısına yığılıb qan vermək istəsə də, onların müraciətinə baxılmır. Bütün bunlar bizi təəssüfləndirir. Zəlzələ qurbanlarına yardım etmək istəyən Azərbaycan vətəndaşlarına İranın Azərbaycandaki səfirliyinin  şərait yaratmaması barədə məlumatlar var. İranın Bakıdakı səfirliyi bu yanlışı dərhal aradan qaldırmalıdır. Azərbaycan vətəndaşlarının öz soydaşları olan faciə qurbanlarına bu ağır anlarda kömək etmək istəkləri təbiidir və İran dövləti bunu anlayışla qarşılanmalıdır”.

 

VHP olaraq zəlzələ nəticəsində çoxsaylı insan tələfatından kədərləndiyimizi bildirir, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik.

Comments are closed.