Son dövrlər sosial dayaqlarını itirən hakimiyyətin gənc fəallara qarşı yeni repressiyalara başlaması və vətəndaş quruculuğuna çalışan insanları qorxutmaq cəhdləri geniş vüsət alıb. Martın 10-a təyin edilən “Əsgər ölümlərinə son” aksiyası öncəsi iqtidarın siyasi təzyiq vasitələrindən istifadəsi bunu bir daha təsdiqlədi.

Hazırda hədəf kimi azad, müstəqil və ölkənin demokratikləşməsinə çalışan gənc fəalların toplaşdığı NİDA hərəkatı seçilib. Üç NİDA-çının absurd ittihamla həbsindən sonra da hakimiyyətin daha bir neçə gənc fəalı istintaqa cəlb etməsi, NİDA VH İdarə Heyətinin üzvü Rəşad Həsənovun oğurlanması və sonradan onun haqqında 3 aylıq həbs qətimkan tədbirinin seçilməsi hakimiyyətin öz vətəndaşlarına qarşı şərləmə kampaniyasını davam etdirməkdən əl çəkmədiyini göstərir. Qurama ittihamlar, mənəvi-psixoloji təzyiqlər, repressiya ilə öz hakimiyyətini qorumaq istəyən iqtidar bütün vasitələrlə gəncləri aqressivliyə, ölkəni təhlükəyə sürükləməkdədir.

Hakimiyyət vətəndaşlarının haqlı tələblərinə qulaq asmaqdansa, onlara qarşı zor tətbiqini siyasi kurs olaraq müəyyənləşdirib. Ancaq bütün bunların əks effekt verəcəyi və boğulan cəmiyyətin bir gün partlayacağı şübhəsizdir.

VHP Gənclər Təşkilatı olaraq hakimiyyətin apardığı bu repressiya və şərləmə kampaniyasını kəskin şəkildə pisləyir və bu həbslərin ölkənin demokratikləşməsi istiqamətində başlayan prosesi bir an da olsun ləngitməyəcəyini bəyan edirik. Böyük dalğanın geriyə dönməz şəkil aldığını, insanların öz hüquqları uğrunda mübarizədən geri durmayacaqlarını bildirməklə, YAP iqtidarını repressiyalardan əl çəkməyə və vətəndaş qarşıdurmasına səbəb olacaq addımları, huüquqi nihilizmi dayandırmağa çağırırıq.

Comments are closed.