Vətəndaş Həmrəyliyi Partiyasının gəncləri “Yeni Müsavat”ın qonağı olublar. VHP-nin gənclər təşkilatının sədri Pünhan İmanlı, sədr müavinləri Nicat Şükürov, Səlcuq Elçin və Vüsal Qasımov ictimai-siyasi vəziyyət, gənclərin problemləri, qarşıdakı plan və hədəflər barədə danışıblar. Müsahibəni təqdim edirik:

 

Emil Salamoğlu: Bəylər, niyə məhz VHP-ni seçdiniz?

Pünhan İmanlı: – “Xüsusi bir məqsəd olmadı. Sadəcə Samir Əsədli ilə tanış idik. O həmin vaxt VHP-də gənclər təşkilatının sədri idi. Sonra birlikdə fəaliyyət göstərməyə başladıq. İstəyimiz ictimai-siyasi proseslərə qoşulmaq, gənclərin fəallığını artırmaq idi. Ardınca partiyanın konfransı təşkil olundu və mən gənclər təşkilatının sədri seçildim. 
Buna qədər də aksiyalarda, tədbirlərdə iştirak etmişik, fəal olmuşuq. VHP gənclər təşkilatı olaraq da aksiyalar qatılır, İctimai Palatanın tədbirlərində iştirak edir. Gənclərin Hüquqlarını Müdafiə Komitəsi buraxılana qədər digər təşkilatlarla birlikdə fəaliyyət göstərirdik. Bilirsiniz ki, GHMK gənc vicdan məhbuslarının azadlığa buraxılması, gənclərin problemlərinin qabardılması istiqamətində yaradılmışdı. 
Vicdan məhbuslarından artıq iki nəfər həbsdə qalıb. Onların müdafiəsini İP yüksək səviyyədə təşkil etdiyi üçün GHMK-nın buraxılması qərara alındı. Payızda isə gənclər forumu keçiriləcək, müzakirələr aparılacaq və yeni birlik təsis olunacaq.

Fərahim İlqaroğlu: – Amma Samir Əsədli istisna olmaqla VHP gəncləri o qədər də üzdə görünmür. Səbəb nədir?

Pünhan İmanlı: – Çünki Samir Əsədli VHP-də gənclər təşkilatının sədri olub, İP-də çıxışlar edib. Eyni zamanda gənclərin “20-ci sahə”dəki mitinqində aparıcı idi.

Azər Rəşidoğlu: – Sizə elə gəlmir ki, VHP müxalifət partiyası olaraq daha loyaldır?

Səlcuq Elçin: – Deməzdim, loyaldır. Partiyanı İctimai Palatada Rafiq Manafov təmsil edir, kifayət qədər kəsərli tənqidi nitqlərini görmək olar. Eyni zamanda partiyanın gəncləri mitinqlərdə, etiraz aksiyalarında iştirak edir, həmişə də polis tərəfindən saxlananlar siyahısında VHP-çi gənclərin adlarına rast gəlinir. Bizə partiya rəhbərliyindən, konkret Sabir bəy tərəfindən bu barədə məhdudiyyət qoyulmayıb. Ədalətsizliyə qarşı mübarizə aparırıq.

A.Rəşidoğlu: – Qarşıda aksiyaların keçirilməsi planlarınız varmı?

Pünhan İmamlı: Dediyim kimi sentyabrda forum keçiriləcək. Tədbir VHP və “Azad gənclik” tərəfindən təşkil ediləcək. İqtidaryönlü gənclər təşkilatlarını da dəvət edəcəyik. Ancaq əvvəlki təcrübə göstərir ki, onlar belə forumlarda iştirakdan imtina edirlər. 
Bu da hamıya aydındır. Deməyə sözləri, haqlı arqumentləri yoxdur. İştirak etdikləri tədbirlərdə isə analoqsuz inkişaf nağılından danışırlar, prezidenti tərifləyirlər. Bizim tutarlı arqumentlərimiz qarşısında acizlik nümayiş etdirirlər.

A.Rəşidoğlu: – Forumda hansı məsələlər müzakirə olunacaq?

Pünhan İmanlı: – Gənclərin problemləri, təşkilatlanma məsələsi, qarşıdakı perspektivlər, hədəflər müzakirə olunacaq. Mübarizə strategiyası və proqramları təklif olunacaq. Tələbələrlə ünsiyyətdə olmaq, onların problemlərini qabartmaq, gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq, təşkilatlara cəlb etmək və s. kontekstdə məsələlər danışılacaq.

A. Rəşidoğlu: – Bəylər, yenə gənclərin ümumrespublika mitinqi olacaqmı?

Səlcuq Elçin: – Bizim təşkilat gənclərin 17 mart mitinqini təşkilatçılarından biri idi. Bu məsələ yenidən müzakirəyə çıxarılacaq.

E.Salamoğlu: – Ümumiyyətlə, VHP GT digər gənclər təşkilatlarından hansı özəlliyi ilə fərqlənir?

Vüsal Qasımov: – Fərqimiz elə böyük deyil. Yetərincə, digər təşkilatlardakı gənclər kimi aktiv fəaliyyətdəyik. Yəni, geri qalmırıq.

A.Rəşidoğlu: – Bəs tələbələri necə təşkilata, ictimai fəallığa cəlb edirsiz?

Vüsal Qasımov: – Daha çox tədbirlərin təşkili, film nümayişi, mühazirələr keçirməklə gənclərin diqqətini çəkirik. Bu tədbirlərdə açığı daha çox tələbələr iştirak edir. Mən sizə deyim ki, cəmiyyəti nə qədər sıxsan, boğsan, qorxutmağa çalışsan əks effekt verəcək. O zaman insanlar nəfəslik axtarır, düşüncələrini bölüşə, fikirlərini açıqca söyləyə bildikləri məkanlara üz tuturlar. Bu mənada hakimiyyətin gəncləri müxtəlif şəkildə təzyiq altında saxlaması nəticə vermir. Baxın, əvvəlki illərlə müqayisədə nə qədər gənc fəalımız artıb. 
Onları təşkilatlarda, sosial şəbəkələrdə, aksiyalarda görmək olar. Siyasi baxışlarına görə universitetdən qovulan, həbs edilən, iş yerlərindən xaric edilən onlarla gəncimiz var. Artıq bu mərhələ geridə qalıb. Hakimiyyətin bu təzyiqləri fəal gəncləri qorxutmur. Gənclərimiz bu sınaqlardan keçib. Çünki onlar hakimiyyətin yaratdığı problemləri, cəmiyyətdəki deqradasiyanı, təhsilsizliyi, işsizliyi, ədalətsizliyi, istismarı öz üzərində hiss edir. Odur ki, buna göz yuma bilmirlər. Ona görə də çox inamlıyam – dəyişikliklərin çox uzaqda olmadığını fikirləşirəm.

A.Rəşidoğlu: – Ancaq ümumi gənclikdə bir passivlik var. Səbəbini nədə görürsünüz?

Pünhan İmanlı: – Bu təbiidir. Tələbələrə davamlı təzyiqlər var. Həm valideyn, həm universitet rəhbəri, həm də hakimiyyətin basqısı. Mən valideynlərin müstəqil həyata atılan gənclərə azadlıq verməsini arzulayıram. Qoy onlar gedəcəkləri yolu özləri seçsinlər.

Səlcuq Elçin: – Başqa səbəblər əlavə edərdim. Bura daxildir alternativ informasiyanın verilməməsi, xüsusilə rayonlarda məlumat blokadası yaradılıb. Təhsilin aşağı səviyyədə olması da gənclərin siyasətlə maraqlanmamasına təsir edir.

Nicat Şükürov: – Fərdi maraqlarına güdən gənclər də var. Hakimiyyət kütləni zombiləşdirməyə çalışır, əsas təbliğat kitaba, təhsil verilsə kütlə sadaladıqlarımın arxasınca gedəcək. İndi görürlər ki, idmana, müğənniyə qayğı var. Ona görə də küçədə əlində kitab olan yox, çiynində idman çantası gəzdirən gəncləri daha çox görürük. İdmana maraq pis hal deyil. Amma inkişaf, xalqların, cəmiyyətin təfəkkür tərəqqisi idmanla deyil, təhsil, elmlə olur.

Vüsal Qasımov: – Misalçun, bu il ali məktəbə qəbul üçün keçid balın 150-yə saldılar. Bu potensial rüşvət mənbəyi və savadsız kadr yetişdirmək deməkdir. 150 bal toplayan gəncin təhsil səviyyəsini təsəvvür edin. Təhsil səviyyəsinə biz daha çox əhəmiyyət veririk. Çünki ictimai fəallıq, mübarizə, gənclərin etiraz etmək vərdişi təhsil səviyyəsi ilə bağlıdır. Təhsilli gənc düşünə bilir, haqqını tələb edir, belə yaşamaq istəmir.

A.Rəşidoğlu: – Bəlkə mübarizə üçün yeni texnologiyalar düşünmək lazımdır?

Pünhan İmanlı: – Əvvəlcə, biz aksiyalarda partiyaların şüarlarını, bayraqlarını azaltmalıyıq. Xalqın şüarları, Azərbaycan bayrağı olmalıdır. Müəllimi, həkimi, işsizləri maraqlandıran etiraz şüarları, xalqa bizim nə vəd etdiyimiz öz əksini tapmalıdır.

Vüsal Qasımov: – Həmçinin, mitinqlərdə azadlıq şüarı demək əvəzinə, əmək haqqı, iş, çörək və s. şüarlar səsləndirməliyik. İnsanlara ümid verməliyik, onları inandırmalıyıq.

E.Salamoğlu: – Ümumən, gəncliyin passivliyindən danışdıq. Bəlkə gəncliyin böyük hissəsi hakimiyyətin siyasətini bəyənir?

Vüsal Qasımov: – Onda belə sual yaranır, onlar bunu könüllü şəkildə edirlərmi? Axı gəncləri, tələbələri məcburi surətdə YAP-a üzv edirlər?!

Nicat Şükürov: – Deməli, YAP-a üzv etməklə dolayısı ilə onları siyasətə cəlb edirlər, həm də mitinqlərə qoşulmamağa çağırırlar. Sualınıza öz müşahidəmə əsasən cavab verim ki, ünsiyyətdə olduğum, apolitik gənclərin çoxu ölkədə inkişaf olmadığını, hakimiyyətin saxtakar siyasət yürütdüyünü söyləyirlər.

E.Salamoğlu: – Valideynlərin övladlarına basqısından bəhs etdiniz. Sizə necə, evdə təzyiqlər olur?

Pünhan İmanlı: – Şəxsən mənə olur. Ailəmə izah edirəm ki, getdiyim dürüst, əqidəli yoldur. Bundan pərişan olmaq lazım deyil. Ola bilsin məni həbs edəcəklər, hədə-qorxu gələcəklər. Lakin bu bizi haqqın yanında olmaqdan çəkindirməməlidir.

Səlcuq Elçin: – Hətta anam atamı (mərhum jurnalist Elçin Səlcuq – E.S) nümunə göstərib deyir ki, ibrət götür, otur yerində. Amma mən vəziyyəti izah edirəm. Hər cür çətinliyə qalib gəlməliyik.

E.Salamoğlu: – Bu yolda qalibiyyət üçün çıxış yolunu nədə görürsünüz?

Nicat Şükürov: – İndiki mərhələ ən vacib olanı təşkilatlanmadır. Mütləq təşkilatlanmaq, narazı qüvvələri bir araya toplamaq, onları dəyişikliyə inandırmaq lazımdır. Qarşıdan seçkilər gəlir. Dönüş nöqtəsidir, çox işləməliyik.

Səlcuq Elçin: – İctimai Palata vahid namizədlə seçkiyə getməlidir, insanlar da kimə səs verəcəyini öncədən bilməlidir. Yoxsa səslər parçalanacaq və bu ümumi mənafeyə ziyan gətirəcək. İsa Qəmbər və Əli Kərimlidən biri vahid namizəd olmalıdır. Bu məsələdə ortaq məxrəcə gəlinsin, narazılar da işini bilsin.

Vüsal Qasımov: – Mən bir qədər fərqli düşünürəm. İsa Qəmbər və Əli Kərimli olmaya da bilər. Demokratik düşərgənin vahid namizədi gənc bir lider də ola bilər. Bu təklif əslində münasibdir. Mübariz, intellektual bir gənc yetişdirilməlidir.

E.Salamoğlu: – Gənclər, cəmiyyətə son sözünüzü çatdırın!

Nicat Şükürov: – Qarşıdan seçkilər gəlir. Təşkilat və gənclik olaraq rejimin dəyişməsində maraqlıyıq. Üzərimizə düşəni etməyə hazırıq.

Səlcuq Elçin: – Birlik istəyirik, vəssalam.

Vüsal Qasımov: – Arzu edirik ki, gənclərə qayğı göstərilsin.

Pünhan İmanlı: – Partiya və təşkilatları mübarizəyə çağırıram.

Emil SALAMOĞLU
Fotolar: Fərahim İlqaroğlu

“Yeni Müsavat” qəzeti

Comments are closed.