Tural Hüseynli VHP Gənclər Təşkilatının yeni sədri seçildi

 

19 aprel 2014-cü il tarixində, saat 14:00-da Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Gənclər Təşkilatının X konfransı keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və VHP-nin marşının səsləndirilməsi, həmçinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başladı. Bundan sonra Fəridə Tağıyeva VHP Gənclər Təşkilatının X konfransına Hazırlıq üzrə Təşkilat Komitəsinin məlumatını təqdim etdi: “Konfransa VHP Gənclər Təşkilatının yerli şöbələrindən 150 nəfər nümayəndə seçilib. Hazırda onlardan 131 nəfəri konfransın işində iştirak edirlər. VHP Gənclər Təşkilatı sədrliyinə 2, Məclisi üzvlüyünə 26 və Nəzarət-Təftiş Qrupunun üzvlüyüinə isə 4 nəfərin namizədliyi qeydə alınıb”. 

Daha sonra Zeynəb Rza konfransın gündəliyində duran məsələləri açıqladı və gündəlik səsə qoyularaq qəbul edildi.

Bundan sonra VHP Gənclər Təşkilatına sədrlik etmiş Pünhan İmamlı və VHP Gənclər Təşkilatı Nəzarət-Təftiş Qrupunun sədri Pərviz Həsənli öz hesabatlarını təqdim etdilər.

Daha sonra öz təbriklərini çatdırmaq üçün konfransda iştirak edən qonaqlar çıxış etdilər.

“Azad Gənclik” Təşkilatı İdarə Heyətinin üzvü Şəfaqət Məmmədova bildirdi ki, gənclər təşkilatlarının fəaliyyətinin növündən, istiqamətindən, nə qədər aktiv olmasından asılı olmayaraq birlikdə olmaları, fikir mübadiləsi aparmaları, bir-birilərinin hüquqlarını müdafiə etmələri sevindiricidir: “İnanıram ki, VHP Gənclər Təşkilatına kimin sədr seçilməsindən asılı olmayaraq dostluğumuz, qardaşlığımız, birliyimiz həmişə davamlı olacaq. Mən bir daha sizləri təbrik edir və sizə işlərinizdə uğurlar arzulayıram. Ümid edirəm ki, hər şey bizim üçün daha yaxşı olacaq və daha gözəl günlərdə görüşəcəyik”.

Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əhliman Abbas dedi ki, VHP Gənclər Təşkilatı ölkədə köklü dəyişikliklər uğrunda aparılan demokratik mübarizədə ən fəal gənclər təşkilatlarından biridir: “Mən əminəm ki, bundan sonrakı dönəmdə yeni sədrin rəhbərliyi altında da VHP Gənclər Təşkilatı indiyədək olan səylərini daha da artıracaq. Çünki VHP də iqtidarın şər maşınından əziyyət çəkən təşkilatlardan biridir. VHP Gənclər Təşkilatının üzvü Ömər Məmmədov iqtidarın şər, böhtan maşınından əziyyət çəkən gənclərdən biridir. Mən bundan sonrakı fəaliyyətimizdə də ölkənin gənclik sektoru olaraq heç bir fərq qoymadan bir yerdə olmağımızı, gənclərimizin hüquqları uğrunda səylərimizi daha da artırmağımızı xahiş edirəm. Çünki bir yerdə olsaq, səylərimizi birləşdirsək, daha gözəl, işıqlı Azərbaycanımız olar. Mən də VHP-yə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıram”.

“Nida” Vətəndaş Hərəkatının üzvü Ramin Hüseynov vurğuladı ki, VHP dost partiyadır: “VHP Gənclər Təşkilatı isə bizə daha yaxındır. Ona görə də belə bir konfransın iştirakçılarından olmaq bizim üçün qürurverici hadisədir. Kiçik zallarda da olsa demokratik seçki ənənəsinin olması həqiqətən sevindirici haldır. Ümid edirik ki, gənclik birgə addımlamaqla bu ənənəni bütün ölkəyə yaya biləcəklər.  Mən də təbriklərə qoşuluram və sizə işlərinizdə uğurlar arzulayıram”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin İdarə Heyətinin üzvü Elnur Məcidli də VHP Gəncləri Təşkilatı ilə müxtəlif tədbirlərdə çiyin-çiyinə olduqlarını söylədi: “Həbsdə olduğumuz müddətdə onların dəstəyini hiss etmişik. İnanırıq ki, VHP Gənclər Təşkilatının yeni sədri Azərbaycanda demokratiyanın inkişafına öz töhfələrini verəcək, VHP-nin siyasi xəttinə sadiq qalacaq. Sizə işlərinizdə uğurlar arzulayıram”.

“Gənclər Klubu” İctimai Birliyinin təmsilçisi Zaur Əkbər isə bildirdi ki, bu gün Azərbaycan xalqı çox çətin dövrdə yaşayır: “Belə ki, əxlaqsızlar və ləyaqətsizlərin əxlaqdan və ləyaqətdən dəm vurduğu, öz övladlarını xaricə qaçırdıb, əvəzində Azərbaycanın həqiqi azadlığı uğrunda mübarizə aparan gəncləri şərləyib həbsxanalara saldırdığı və görməmiş insanların ölkəyə hakim olduğu bir məmləkətdə yaşayırıq. Ancaq bununla belə, ölkədə baş verən proseslərə görə heç də pessimist deyiləm. Çünki regionda və ölkə daxilində baş verən proseslər Azərbaycanın indiki gəncliyinin xeyrinədir. Mən Azərbaycanın nicatını indiki müstəqil, mütərəqqi düşünən gəncliyimizdə görürəm və inanıram ki, yaxın gələcəkdə Azərbaycan gəncliyi xalqı layiq olduğu mənəvi azadlığına qovuşdura biləcək. VHP Gənclər Təşkilaatının da bu işdə töhfəsi olacağına inanıram. Çünki onları bütün ictimai-siyasi tədbirlərdə aktiv, ayaqüstə və hadisələrin episentrində görmüşük. İnanıram ki, bu konfransdan VHP Gənclər Təşkilatı daha bitkin, dolğun və güclənmiş şəkildə çıxacaq və bundan sonra da öz fəaliyyətini aktiv şəkildə davam etdirəcək. Mən bir daha sizləri təbrik edir və sizə işlərinizdə uğurlar arzulayıram”.

“Dalğa” Gənclər Hərəkatının sədri Hacı Zeynallı dedi ki, yeni sədr təşkilata yeni nəfəs gətirəcək: “Bu gün vətəndaş cəmiyyətində həqiqətən də durğunluq var və buna da son qoymaq lazımdır. Təbii ki, siyasi məhbusların olması, gənclərin şərlənərək tutulması həmin durğunluğu yaradan səbəblərdəndir. Ancaq biz həmin gənclərin həbs olunmaması, onların azadlığa çıxması, həmçinin qurmağı istədiyimiz ölkə üçün birgə mübarizə aparmalıyıq. Bu baxımdan ölkənin bütün aparıcı təşkilatlarını birgə fəaliyyət göstərməyə çağırıram. VHP Gənclər Təşkilatının X konfransının keçirilməsi böyük uğurdur, seçki mədəniyyətidir. Mən də təbriklərə qoşulur və sizə işlərinizdə uğurlar arzulayıram.

Bundan sonra Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı çıxış edərək konfrans iştirakçılarını salamladı və onlara işlərində uğurlar arzuladı: “Partiya mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın müasir, yeni nəslini təmsil edən bütün gənclər bizə əzizdir. Hamısını öz övladımız hesab edirik, onların xoşbəxt, firavan, ədalətli və demokratik bir ölkədə yaşamasını arzulayırıq. Bu yolda hər kəs əlindən gələni etməlidir. Çünki Azərbaycan buna layiqdir. Mən VHP-nin gəncləri ilə fəxr edirəm, qürur duyuram. İndiki gənclərimiz çox danışmağı xoşlamırlar, məncə, daha çox yeni dövrün tələblərinə uyğun olaraq yığcam şəkildə gördükləri və ya planlaşdırdıqları işin mahiyyətini çatdırmağı çalışırlar. Dünya yaranandan nəsillər arasında sanki bir inamsızlıq və ya narahatçılıq olub. Köhnə nəsil yeni nəsli korlanmaqda, böyüklərə hörmət göstərməməkdə ittiham edir. Nəsillər arasında bu cür şeylər olmasa, inkişaf mümkün deyil. Ancaq həyat da nəsillər arasında əlaqələrin heç vaxt qırılmadığını göstərir. Övladlar müəyyən vaxt keçdikdən sonra elə öz atalarına, böyüklərinə oxşayırlar və onlardan qalmış irsin əzablarını çəkə-çəkə şəraiti yaxşılaşdırmağa cəhd göstərirlər. Mən gəncliyimizin bizdən incikliyimizi başa düşürəm. Çünki onlar bölünmüş, parçalanmış, ərazisinin 20 faizi işğal olunmuş bir Azərbaycanı görürlər. Müstəqil dövlətləri olsa da, ancaq onun çoxlu problemləri var. Şübhəsiz, belə bir şəraitdə gənclik müdafiəsiz qalır, onların həbsə atılanları, ədalətsizliklə üzləşənləri müdafiə etmək imkanları olmur. Ona görə də belə bir şəraitdə gənclərin yaşlı nəsli qınamağa haqqı var. Ancaq hərdən onların da özlərini bizim yerimə qoymasını istəyirəm. Çünki gənclərin əksəriyyəti 1988-ci ildən sonra doğulanlardır və onlar 1988-ci ilədək bizim hansı yolu keçdiyimizi bilmirlər. Ən azı hansı mübarizələrimiz olub, Sovet rejiminin ən qatı illərində  mətbuatda, görüşlərdə  bizim nəsil hansı senzorlardan, sıxıntlardan  keçib? Kitablar hansı ixtisaslarla çap olunub? 60-cı illərdə biz hansı şəkildə radiodan, televiziyadan  istifadə söz demişik? O dövrdə yeni bir düşüncə, yeni ədəbi nəsil yetişdi. Əvvəlki korrekturadan, Sovet rejiminin mədhiyyəsindən uzaq kitablar yazıldı. Yeni bir ədəbiyyyat və bu ədəbiyyatın yetişdirdiyi yeni nəsil vardı. Əslində  88-ci ildə meydana çıxan insanlar da həmin ədəbiyyatın,həmin düşüncənin yetirmələri idi.  İndiki kimi elekton rabitə sistemi, geniş şəbəkələr yox idi. Hətta burdan xaricə zəng vurmaq mümkün deyildi. Şair dostum Söhrab Tahir  Astaranın o tayındandır. Buradan o taya birbaşa  zəng vurmaq imkanı yox idi, çox çətinliklə əlaqə saxlamaq olurdu. Çətin idi. Biz o yolları keçib gəlmişik. VHP-nin sədri, millət vəkili,  Azərbaycanın tanıdığınız yazarı, müxtəlif ölkələrdə çap olunan  60-ya yaxın kitabn müəllifi olaraq, bir söz deyə bilərəm ki, mən keçdiyimiz yollara görə qürur duyuram. Çünki bu yol təmənnasız və heçnədən çəkinmədən öz millətinin azadlığına  xidmət yoludur.  Xiyabaninin gözəl bir söz var: “Qorxaqlıq insanın öz vicdanı qarşısında ən alçaq etirafıdır”. Qorxmaq, heç nədən çəkinmək olmaz. Haqqı güdaza vermək olmaz. Ona görə də 88-ci ildə meydan mitinqləri başlayanda Azadlıq meydanına ilk çıxan insanlardan biri olmuşuq. Kitabımızda dediyimizi meydanlarda demişik. Meydanlarda dediyimizin arxasınca cəbhələrə, lazım olanda lap ön cəbhəyə getmişik. Millət iş deyib iş görmüşük, savaş deyib savaşa getmişik. Onun nəticəsi olaraq d bu gün Azərbaycan müstəqildir. Azərbaycanın müstəqilliyinə imza atan 42 kişi vardı. O vaxt 25 nəfərdən ibarət “Müstəqil Azərbaycan” deputat bloku vardı. Onun həmsədrlərindən biri olmuşam, müstəqilliyimizə imza atmışam. Bu gün Azərbaycan müstəqilliyi ilə qürur duyuram.  Mənə elə gəlir ki, bu qüruru  VHP-nin gəncləri də daşıyır, daşımalıdır da.  Çünki VHP gözəl tərcümeyi halı olan bir partiyadır. Biz 1992-ci ildə  bu partiyanı yaradanda Azərbaycanın 20-ci yüz ildə yetişdirdiyi ən nəhəng şəxsiyyətinin – M.Ə.Rəsulzadənin  bir sözünü əlimizdə bayraq etmişdik. M.Ə.Rəsulzadə 30-cu illərdə deyirdi ki, bir halda biz nə liberalizmi, nə sosializmi qəbul etmirik. Bircə yol qalır, milli təsanül yolu. Milli təsanül vətəndaş həmrəyliyi deməkdir, milli həmrəylik və milli birlik deməkdir. Bu gün Azərbaycanda müxtəlif milli ideologiyalardan söhbət gedir. Azərbaycançılıq da deyirlər. Azərbaycançılıq  vətənsevərlik deməkdir. Vətəni sevməliyik, bunu heç kim inkar etmir. Amma ideologiya ayrı bir şeydir. Azərbaycançılıq heç bir fikri ortaya qoymur. Azərbaycançı olub nə edəcəksən? Bir rüşvətxor da deyə bilər ki, mən azərbaycançıyam. Azərbaycançı olmaq Azərbaycanı qorumaq deməkdir. Onu qorumağın yolu nədir? Biz bunu vətəndaş həmrəyliyində görürük.  Ona görə mənim aləmimdə Azərbaycanın gələcəyinə yönələn ən ciddi xətt vətəndaş həmrəyliyidir.  Vətəndaş həmrəyliyi Azərbaycanda heç bir ayrı-seçkilik qoymadan bütün vətəndaşların birliyi deməkdir. Bu partiya 1992-ci ildə yaranan zaman  Azərbaycanı parçalamağa çalışan qüvvələr vardı. Cənubda və şimalda separatizm dalğası vardı. Belə bir vaxtda bizim bu ideyanı Azərbaycanda tək türklər deyil,  milli azlıqlar da son dərəcə  hərarətlə qəbul etdilər. O zaman Xalq Cəbhəsini bir milyon yarım meydan yaratmışdı. Müsavat isə ənənəsi olan bir partiya idi. Mən bunu yazanda bəzi dostlarımız inciyirlər. İnciməsinlər, bu reallıqdır. Amma VHP sıfırdan başladı. Rayonlarda bizim görüşlərimizin və təbliğatlarımızın nəticəsi olaraq bu gün Azərbaycanın  bütün bölgələrində bölgə təşkilatlarımız var. Onu da deyim ki, çox genişlənəndə yükü çəkmək olmur. Ona görə də çox da sürətlə  böyüməyin tərəfdarı deyilik. Partiya təbii şəkildə böyüyür, yeni nəsil gəlir. İnanıram ki, yeni nəsil bu yükü bizim çiynimizdən götürəcək və daha ciddi şəkildə  bu ideyanı irəli aparacaq. Bu gün Azərbaycanda vəziyyət mürəkkəbdir. Rusiya  köhnə, ucuz müharibə siyasətini yenidən dünyaya göstərir. Dünyanın gözü qarşısında, heç bir beynəlxalq  hüquqa məhəl qoymadan Krım işğal olunur, Ukraynanın daxili işlərinə müdaxilə edilir, Gürcüstanın bölgələri işğal olunur. Azərbaycanı nə gözləyə bilər? Çox çətindir. Ona görə də ölkə daxilində mübarizənin son dərəcə radikallaşmasının tərəfdarı olmamışıq. Düşünürük ki, Azərbaycanın müharibə şərtləri və s. nəzərə alınmalıdır.  Əli bəy Hüseynzadənin  bir sözü var: “İnqilablar millətin üzündə çapıq kimi qalır”. Biz inqilablar yolunu deyil,  təkamül, milli mədəni inkişaf, seçki yolunu seçmişik. Amma xalqın iradəsi ortada olmaq şərtilə. Bizim xətti digər qurumların mübarizə xətlərinə qarşı  qoymuram. Amma hər halda bu bizim yolumuzdur. Hər partiyanın yanında bir gənclər təşkilatı var. Təbiidir, yeni nəsil gəlir. Amma gənclərin də bir arada olmasına çox sevinirəm. Bundan sonrada gənclər bir yerdə olmalıdırlar. Fərqi yoxdur, Xalq Cəbhəsi, Müsavat, VHP və s. Hətta YAP-ın da müəyyən  vaxtlarda sizinlə addımlayan gəncləri var. Qoy sizin aranızda olsunlar. Fərq qoymaq lazım deyil. Azərbaycanın gəncliyi bu millətin gələcəyi üçün  cavabdehdir.  Qoy indidən aranıza düşmənçilik toxumları səpməsinlər. Bir-birinizə ehtiyacınız olacaq. Onsuz da on milyonu min yerə parçalamaq olmaz. Bir tərəfdən, vəhabilik, nurçuluq kimi dini təmayüllü qüvvələr, digər tərəfdən, xarici ölkələrin çox da xoş niyyətli olmayan paralarına xidmət edən bəzi QHT-lər və s. var. Odur ki, əsl milli duruşu və görüşü olan, Azərbaycanın gələcəyini düşünən gənclərin bir yerdə olması vacibdir. Bu hədəflər 50 milyonluq Azərbaycanın birliyidir, Azərbaycanın bütövlükdə gələcək türk dünyasına inteqrasiyasıdır. Mən hesab edirəm ki, gənclərimiz buna hazır olmalıdırlar. Gənclərimiz ən azı XX əsrin əvvəllərində  yaşamış böyüklərimizi genişlikdə düşünməyi öyrənməlidirlər. Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə və s. bizə elə ideyalar qoyublar ki, bu gün də həmin ideyalardan kənara çıxa bilmirik. Bax bizim gənclərimiz bu cür düşünməyi öyrənməlidirlər. Hədəflərimiz Azərbaycanın demokratik yollla inkişafı, normal seçkilərin keçirilməsi, xalqın ədalətə qovuşması, gələcəkdə böyük Azərbaycan, böyük Turan olmalıdır. Çünki bunlar olmasa, bizi parça-parça əzəcəklər. Necə ki, bu gün Krımı işğal edirlər, Türkiyədə iğtişaşlar törədirlər. Bunu dərk edərək real şəkildə mübarizə aparmaq lazımdır. İnanıram ki, gənclərimiz bu yolla da gedəcəklər. Bugünkü konfransa uğurlar arzulayır, gənclərimizi təbrik edirəm. Hər dəfə konfranslarımız bu cür keçir, partiyamızın Gənclər Təşkilatının sədrliyini gənclər sevinə-sevinə bir-birinə ötürürlər. Bu proses davam etməlidir. Sevinirəm ki, bizim qərargahda tək siyasi deyil, həm də tez-tez gözəl mədəni görüşlər və kitab təqdimatları keçirilir, filmlər nümayiş olunur, mədəniyyət xadiməri ilə görüşlər keçirilir, dil kursları var. Hər halda VHP gəncliyi yavaş-yavaş Azərbaycanda siyasi düşüncə mərkəzlərindən birinə çevrilir. Gəncliyimiz hər zaman bir yerdə olsun! Məhkəmələr ədalətsiz qərarlar çıxara bilər. Bir dəfə Milli Məclisdə çıxışım zamanı dedim ki, bir cavanın cibinə narkotika atıb tutmağa nə var? Müstəqil düşüncə sahiblərini əzmək deyil, onlara qol-qanad vermək lazımdır. Onlar bizim övladlarımızdır. Bu şəkildə gəncliyi əzmək olmaz. Bu şəkildə millətimizin gələcəyini qısır qoymaq olmaz. Bu şəkildə insan öz oturduğu budağı kəsir. İnanıram ki, heç bir güc millətin gəncliyi   qarşısında  dayana bilməz. Gənclik safdırsa, inamlıdırsa, düz yoldadırsa, sonda uğur qazanacaq”.

 

VHP Gənclər Təşkilatının sədrliyinə namizədlər İsmi Şahadə və Tural Hüseyinli çıxış etdilər, platformalarını və sədr seçiləcəkləri təqdirdə görəcəkləri işləri konfrans iştirakçılarına çatdırdılar.

Sonra gizlin səs vermə keçirild və  Tural Hüseynliyə  gizli səsvermə yolu ilə 93 səs toplamaqla VHP Gənclər Təşkilatının yeni sədri seçildi.

 

Açıq səs vermə nəticəsində Məclis üzvlüyünə isə Tural Hüseynli, İsmi Şahzadə, Vüsal Namiqoğlu, Fəridə Tağıyev, Günay Əsgərli, Azadə Azad, Eldar Hacıyev, Tural Azad, Vüsal Mehdiyev, İlkin Quliyev, Akşin Şabanov, Ülvi Məmmədli, Məmməd Yusifli, Əvəz Babayev, İbrahim Quluzadə, Bəhruz Rüstəmxanlı, Nəzrin Yusifova, Kamran Məmmədli, Aysel Kərim,  Ziya Quliyev,  Nurlan Ağayev,   Nəzarət Təftiş Qrupuna isə    Nicat Kamal,  Aytac Əmralıyeva və  Kamil Rüstəmxanlı  seçildilər.

Konfrans bununla da öz işini bitirdi.

Comments are closed.