Konfransın işində müxalifət liderləri də iştirak etdi

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatının IX Konfransı keçirlib. Konfransda VHP sədri Sabir Rüstəmxanlı, Müsavat başqanı İsa Qəmbər, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə, politoloqƏrəstun Oruclu, VHP Ali Məclisinin sədriRafiq Manaflı, Hollandiya Liberal-Demokrat Partiyasının üzvü İsa Yusifli, AXCP, Müsavat, ADP, AMİP, KXCP-nin gənclər təşkilatlarının nümayəndələri, NİDA, Azad Gənclik, Müsbət Dəyişiklik, Dalğa, Avropa Hərəkatı, İdeya Gənclər klubu, Gənclər Klubu İB-nin, BAGT-nin və digər təşkilatların nümayəndələri iştirak ediblər.

Konfransa hazırlıq üzrə təşkilat komitəsinin sədri Nicat Kamal konfrans öncəsi görülən işlərlə bağlı məlumat verib. Təşkilat sədri Emil Bağırov və Nəzarət-Təftiş Qrupunun sədri Xalid Hadiyevin hesabat məruzələrindən sonra söz qonaqlara verilib.

VHP sədri Sabir Rüstəmxanlı konfransın işinə uğurlarla sözə başlayıb: «Bu tədbirdə iştirak edən Hərəkat dostum İsa Qəmbərlə bizim gəncliyimiz meydanlarda, Azərbaycanın azadlığı uğrunda mübarizələrdə keçib. Həmin dövrdə Azərbaycan gəncliyi birləşərək öz sözünü dedi və ölkənin müstəqilliyinə nail oldu. İndiki gənclik isə ölkənin inkişafı, demokratikləşməsi prosesinə qatılıb və biz gənclərin bu fəallığından razıyıq. Millətin hərəkətverici qüvvəsi gənclikdir və nə qədər ki, gənclik öz taleyinə biganə olmayacaq, ölkə də demokratik dəyərlərə bir o qədər sahib çıxacaq, güclü və qüdrətli olacaq».

Müsavat Başqanı İsa Qəmbər də müxtəlif qurumlarda təmsil olunan gənclərin əməkdaşlığını və fəallığını yüksək qiymətləndirdiyini bildirib: «VHP-çi gəncləri təbrik edirəm. Əlbəttə ki, siz özünüzdən əvvəlki nəslin mübarizə tarixini də unutmamalısınız. Bəziləri müxtəlif sözlər deyirlər. Ancaq bilməlisiniz ki, sizlərə bu şəraiti yaradanlar, məsələn, Sabir Rüstəmxanlı həm xalqımızın böyük şairi, həm də Hərəkat liderlərindən biri kimi böyük vətəndaşdır. Bu nümunələr sizin fəaliyyətinizi stimullaşdırmalıdır».

DAK Daimi Şurasının sədri Əjdər Tağızadə də çıxış edərək VHP-çi gəncləri konfransları münasibəti ilə təbrik edib. Onlara fəaliyyətlərində uğurlar diləyib.

Politoloq Ərəstun Oruclu da konfransın işindən və gənclərin fəallığından razılığını bildirib və Azərbaycanın demokratiya hərəkatında əsas ağırlığın gənclərin çiynində olduğunu söyləyib. Ramin Hacılı, Səxavət Soltanlı, Zaur Qurbanlı, İsa Yusifli, Zaur Əkbər, Ruslan İzzətli, Azər Aydın və digərləri də VHP-çi gəncləri təbrik ediblər, konfransın işinə uğurlar arzulayıblar.

Konfransın ikinci hissəsində təşkilatın seçkili orqanlarına seçkilər keçirilib. Təşkilat sədrliyi uğrunda Baba Qamətli, Namiq Əhmədli və Pünhan İmamlı mübarizə aparıblar. Böyük səs çoxluğu ilə Pünhan İmamlı sədr seçilib. Həmçinin Gənclər Təşkilatının Məclis üzvlüyünə qeydə alınan 23 namizəddən 17-si Məclis üzvü seçilib. Nəzarət-Təftiş Qrupuna qeydə alınan 5 namizəddən 3-ü üzv seçilib.

Məclisin ilk toplantısı da keçirilib. Təşkilatın Şura üzvlüyünə 9 nəfər seçilib. Təşkilat sədrinin təqdimatı ilə Nicat Kamal birinci müavin, Baba Qamətli təşkilati işlər, Namiq Əhmədov siyasi məsələlər, Sevinc Məmmədova beynəlxalq məsələlər, Pərviz Həsənov mətbuatla iş, Salman Hüseynov ideoloji işlər üzrə müavin seçiliblər.

Nəzarət-Təftiş Qrupunun iclasında isə Vüsal Mehdiyev sədr seçilib.

 

Comments are closed.