Sosial ədalətsizlik, korrupsiya düşmən dəyirmanına su tökməkdir

Sabir Rüstəmxanlı: «Xalq özü əsl müxalifətdir və bu müxalifətlə hesablaşmaq vacibdir».

Bu gün VHP mərkəzi qərargahında Füzuli rayon təşkilatının növbəti konfransı keçirildi. Konfranda partiya sədri Sabir Rüstəmxanlı, Ali Məclisin sədri Rafiq Manaflı, MNTK sədri Felmar Ələkbərli iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan VHP təşkilat şöbəsinin müdiri Samir Əsədli bildirdi ki, Füzuli rayon təşkilatı partiyanın 81 rayon təşkilatı içərisində ən aktivlərindən biridir: «Təəssüf ki, rayon işğal altında olduğundan sakinlər kimi, təşkilat da bir neçə yerdə fəaliyyət göstərməyə məhkumdur. Özək təşkilatlarının bir hissəsi Horadizdə, bir hissəsi isə Bakının müxtəlif rayonlarında fəaliyyət göstərir».

Hesabat məruzəsiylə təşkilatın sədr əvəzi Yavər Həsənov və NTK sədri Qurban Namazəliyev çıxış etdi.

Daha sonra VHP sədri Sabir Rüstəmxanlı konfrans iştirakçılarını salamladı və partiyanın sosial-siyasi həyatdakı yeri barədə açıqlama verdi. Partiya sədri həmçinin VHP-nin mövqeyi haqda deyilənlərə də aydınlıq gətirdi: «Azərbaycanın taleyüklü məsələlərində əsas çətinlik, bizi hədəfdən yayındıran məsələ vətəndaş həmrəyliyinin olmamasıdır. Yerləşdiyimiz coğrafi mövqe və şərait elədir ki, biz yalnız vətəndaş həmrəyliyi ilə hədəflərimizə çata bilərik». Daxili didişmələri, barışmazlığı tənqid edən Sabir Rüstəmxanlı bir-birini qəbul etməmək kimi ziyanlı vərdişlərin düşmən dəyirmanına su tökmək olduğunu söylədi: «Əslində, sosial ədalətsizlik, korrupsiya və rüşvət, daxili siyasi didişmələr, siyasi rəqiblərin bir-birini qəbul etməməsi və bir-birinə düşmən kimi baxması ilə dövlətçiliyə xəyanət eyni anlam daşıyır. Çünki bunların Azərbaycandha olmasını yalnız düşmənlər, ermənilər arzulaya bilər».

S.Rüstəmxanlı «müxalifətin olmaması» ilə bağlı fikirlərə də toxundu: «Müxalifət yoxdursa, deməli, demokratiya, söz azadlığı, sivil toplum da yoxdur. Əslində, xalq özü əsl müxalifətdir, ayrı-ayrı siyasi partiyalara güvənməmək isə başqa mövzudur. Bu müxalifətlə – xalqla hesablaşmaq vacibdir».

Çıxışlardan sonra təşkilati məsələlərə baxıldı. Gizli səsvermə ilə Qurban Namazəliyev rayon təşkilatının yeni sədri seçildi.

Eyni zamanda, 21 nəfərdən ibarət məclis və 3 nəfər NTK üzvü müəyyənləşdirildi. NTK-nın iclasında Şərqiyyə Orucova sədr seçildi. Məclisin iclasında isə 9 nəfər Şura üzvü və 5 nəfər müavin seçildi.

 

Comments are closed.