Vətəndaş Həmrəyliyi Partiyasnın sədri, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Dünya Azərbaycanlılarının Həmrəyli Günü və Yeni İl münasibəti ilə soydaşlarımızı təbrik edib

Təbrikdə deyilir:

 

“Əziz soydaşlar!

Dünya Azərbaycanlılarının həmrəyliyi dövlətimiz və millət olaraq varlığımız üçün çox böyük önəm daşıyır. Milli Azadlıq Hərəkatının ilk illərində öz kimliyini, tarixini, mənliyini çılğın bir enerji ilə ortaya qoyan soydaşlarımız on illərlə aparılan siyasətə etiraz olaraq, heç bir maneəyə və zorakılığa baxmadan, xalqımızı ayıran tikanlı məftilləri yalın əllərlə qırıb tökdü və öz haqq səsini bütün dünyaya yaydı. Bu, Azərbaycanın bölünməsinə, xalqımızın iradəsi əleyhinə qəbul edilən Gülüstan və Türkmənçay müqavilələrinə, 160 ildən artıq qardaşı qardaşa həsrət qoyan fars və rus imperiyalarının tarixi ədalətsizliyinə etiraz idi: həmin gün xalqımız bütün dünyaya bölünmüş xalq, parçalanmış dövlət olduğunu göstərdi.

Təəssüf ki, bu tarixi hadisədən keçən illər xalqımızın bütövləşməsi yolunda dünya güclərinin məkrli planlarına təsir etmədi, tarixi ərazisinin yalnız kiçik bir hissəsində müstəqil dövlət quran Azərbaycan xalqına qarşı növbəti təxribat həyata keçirildi. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq siyasi iradə ilə ortaya çıxsaq da, hətta 1918-20-ci illərdə mövcud olmuş və dünyanın 20-dən artıq supergücü tərəfindən tanınmış AXC-nin 114 min kv.km-lik ərazisinə iddia etmədən, Sovet Azərbaycanının sərhədləri ilə kifayətlənsək də, bu, xalqımızın milli intibahından narahat olan gücləri qane etmədi. 200 il əvvəl böldükləri və parçaladıqları, 70 ildə hissə-hissə qopardıqları Vətənimizi növbəti dəfə parçalamaq iştahı baş qaldırdı. Erməni maskası altında gizlənən və Azərbaycana onillərlə düşmən kəsilən qonşularımız növbəti dəfə Vətənimizin bir parçasını işğal etdilər.

 Ölkəmizə qarşı qıcanan dişlərin, qana susamış caynaqların qara istəyi gerçək oldu və artıq 20 il yaxındır ki, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon işğal altındadır. Torpaqlarımızn işğal altında olmasının birinci və əsas səbəbi şimallı-cənublu qonşumuzun ölkə daxilində təxribat əməlləri, xalqımızın içinə təfriqə salması, açıq düşmənə gizli-aşkr hərbi dəstəyidirsə, bundan heç də kiçik olmayan digər səbəb düşmən tələsinə düşməyimiz, oyunlardan xəbərsizliyimiz, baş verənlərin günahını yalnız özümüzdə axtarmağımız, daxili ictimai-siyasi çəkişmələrə getməyimiz və həmrəyliyimizin olmamasıdır.

1989-cu ildə bir yumruq kimi birləşən xalqımızın həmrəyliyindən imperialist güclər qorxuya düşmüşdülər və bu həmrəyliyi sarsıtmaq üçün bütün təxribatları törətdilər. Xalqımızın sona qədər həmrəyliyini qorumaması isə tarixi faciələrimizə səbəb oldu.

Biz həmrəyli ideyasının millətimizin ali ideologiyasına çevrilməsini hələ ən qaynar günlərdə, heç nəyin əldən verilmədiyi 1992-ci illərdə gündəmə gətirdik. Çünki faciələrimizə son verməyin yeganə çarəsinin xalqımızın həmrəyliyindən keçdiyini görürdük və bu gün artıq heç kim buna şübhə etmir ki, bütün dərdlərimizin çarəsi vətəndaşlarımızın, böyük mənada dünya azərbaycanlılarının həmrəyliyindən keçir.

Əziz soydaşlarımız!

Hələ milli hədəflərimiz qarşıdadır: Güneyda 35 milyonluq canı canımızdan, qanı qanımızdan olan soydaşlarımızın adi insan haqları tanınmır, mədəni muxratiyyatı belə yoxdur; dünyanın müxtəlif ölkələrində “erməni lobbisi” adı altında fəaliyyət göstərən gizli güclər xalqımıza qarşı yalan, böhtan kampaniyasını davam etdirir və təəssüf ki, çox zaman da istəyinə nail olurlar. Bunun qarşısını almağın yeganə yolu həmrəyliyimizdən, birliyimizdən keçir.

Dünyada heç bir istək Vətəndən, torpaqdan artıq deyil, əksinə, bütün arzular Vətəndə, torpaqda cücərə, boy ata bilər. Vətənin bütövlüyü – hər bir fərdin, vətəndaşın bütövlüyü, qüruru, maddi və mənəvi rihafı deməkdir, gələcəyinə, övladlarına qoyduğu ən böyük sərvət, zəmanət deməkdir. Bütövlüyə gedən yol isə Həmrəyliyimizdən, Milli Birliyimizdən keçir.

Əziz soydaşlar!

Sizlərin hər birini Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, uğurlar arzulayır, milli hədəflər uğrunda haqlı arzularınızın həyata keçməsini diləyirəm. Qarşıdan gələn yeni təqvim ili sizlərin hər birinə, bütövlükdə millətimizə və dövlətimizə düşərli olsun.

 

Sayğılarla,

Sabir Rüstəmxanlı” 

Comments are closed.