Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib.

Təbrikdə deyilir:

 

“Əziz müsəlmanlar!

Sizi Ramazan bayramı münasibəti ilə təbrik edir, ayların sultanı olan Ramazan ayında tutduğunuz orucun, ibadət və dualarınızın qəbul olunmasını Allahdan diləyirəm.

Ramazan ayı insanın öz nəfsi ilə mübarizəsini əks etdirməsi baxımından hər bir fərdin dünyagörüşündə xüsusi iz buraxan təqvimdir. Təsadüfü deyil ki, ayların sultanı olaraq qəbul edilən Ramazan halallığın, paklığın, könül toxluğunun təntənəsi hesab edilir.

Bu ayda müsəlmanların həm də göz, qulaq, söz pəhrizi saxlaması dünyanın, yaranışın fəlsəfi mahiyyətini anlamaqda və bütün fanilərin bir gün Haqqın qarşısında duracağı hikmətinin dərkində mühüm rol oynayır. İnsanlar bu ayda təmizlənir, şeytani hisslərdən uzaqlaşır; halalla haram bu ayda bir-birindən ayrılır, ətraf aləmə tam ayrı gözlə baxmaq fürsəti qazanır. Bu baxımdan Orucluq ayı və Ramazan bayramından üzüağ, könlütox çıxan, qəlbi möhürlənməyən bütün soydaşlarımızı qutlayıram, Haqqın Ədalətini bu ayda belə dərk etməyənlərə isə hidayət arzulayıram.

Ramazan ayı həm də insanların öləri, millət və ümmətlərin əbədi olduğunu xatırladır. Bu müqəddəs bayram ərəfəsində Dünya Azərbaycanlılarını Tanrı və millətimiz adına, ədalətin və haqqın təntənəsi naminə canları və malları ilə daha geniş mübarizə aparmağa, daha sıx birləşməyə çağırıram.

Tanrı bu müqəddəs gündə dualarımızı qəbul etsin və xalqımızın əsrlərdən bəri üzləşdiyi ayrılığa, bölünmələrə son qoysun, haqq uğrunda mübarizəmiz başa varsın! 

Təəssüflə qeyd etməliyəm ki, Cənubi Azərbaycanda baş verən zəlzələ, soydaşlarımızın üzləşdiyi fəlakət, yüzlərlə bacı-qardaşımızın həyatını itirməsi üzüntüsü ilə Ramazan bayramını qarşılayırıq. Bu günlərdə həlak olan soydaşlarımıza bir daha Allahdan rəhmət diləyir, onların doğmalarına səbir arzulayıram”.

Comments are closed.