Separatizmi dəstəkləyən İranın insan haqlarına qarşı bəyanat verməsi təbiidir

 

VHP Mətbuat xidmətinin rəsmi açıqlaması:

 

İranın Azərbaycandakı səfirliyi Dünya Azərbaycanlıları Konqresinin 5 dekabr tarixində “Azərbaycanın Quzeyi və Güneyi arasında əlaqələr: mövcud durum, perspektivlər və vəzifələr” mövzusunda keçirilən tədbirə və VHP sədri, DAK həmsədri Sabir Rüstəmxanlıya qarşı bəyanat vermişdir.

Bəyanatda DAK, o cümlədən Sabir Rüstəmxanlı “separatçı” adlandırılmış, “Cənubi və Şimali Azərbaycan” ifadələri “saxta və heç bir tarixi əsası olmayan termin” kimi qələmə verilmiş, həmçinin bu addımların Azərbaycandakı etnik xalqlar arasında birliyi və həmrəyliyi aradan qaldırmasına eyham vurulmuş, sonda dırnaqarası müsbət iradə də ortaya qoyulmuşdur: “İran İslam Respublikası və Azərbaycan Respublikasının müsəlman və şiə xalqı bir-biri ilə olan dostluq bağlarını qorumaqda qərarlıdır və bu dostluğu pozmağa yönələn üzdəniraq tanınmış həmin şəxslərin səyləri boşa çıxacaqdır”.

Əvvəla, Dünya Azərbaycanlıları Konqresi dünya azərbaycanlılarının iradəsi ilə yaranan və Avropada rəsmi qeydiyyatdan keçmiş bir qurumdur. Bu qurumun və onun təmsilçilərinin separatçı adlandırılması İran səfirliyinin diplomata yaraşmayan, amma mahiyyətini üzə çıxaran münasibətidir.

İkincisi, sözügedən konfransda İrandakı insan haqları və azadlıqları müzakirə olunub. İranda yaşayan 35 milyonluq soydaşımızın heç bir hüququnun tanınmaması, onlara ana dilində təhsil almaq, oxumaq, yazmaq, kitab və qəzet nəşr etmək, milli mədəniyyətini yaşatmaq və inkişaf etdirmək, tarixi abidələrini qorumaq imkanının verilməməsi bütün dünyaya bəllidir. Beynəlxalq birliklərin dəfələrlə elan etdikləri kimi isə insan haqları və azadlıqları heç bir ölkənin daxılı işi deyil və Sabir Rüstəmxanlı da 35 milyonluq İran türkünün hüquqlarının kobud surətdə pozulmasını dilə gətirib.

Üçüncü, İranın Azərbaycandakı səfirliyi, deyəsən, yaxın tarixi çox tez “unudub” və 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının iki yerə parçalanması tarixi həqiqətini danmağa çalışır. Üstəlik, 1945-ci ildə Pişəvərinin başçılığı ilə Güneydə qurulan Azərbaycan dövlətinin varlığını və tarixi sərhədlərini İran səfirliyi niyə unutmaq və kimlərə unutdurmaq istəyir?

İranın Azərbaycandakı səfarətxanasının nəzərinə bu həqiqətləri bir daha çatdıqmaqla bildiririk ki, Azərbaycanın tarixi torpaqlarının Quzey və Güney olaraq iki yerə bölünməsi reallığı artıq dünya dövlətlərinin parlamentində, BMT-də də müzakirə mövzusudur. Bu acı tarixi İranın Bakıdakı səfirliyinin görməməzliyə vurması həqiqətləri aradan qaldırmır.

Dördüncü, Azərbaycanda heç bir xalqın öz dilində təhsil almaq, öz mədəniyyətini inkişaf etdirmək, seçkili orqanlara seçilmək, dövlətin ən önəmli vəzifələrinə təyin olunmaq kimi problemi yoxdur. Azərbaycan dini tolerantlıq baxımından da dünyaya nümunədir. İran səfirliyinin Azərbaycanda “müxtəlif etniklər arasında birliyin pozulmasından” danışması əslində onun ölkəmizə qarşı yeritdiyi siyasətin diplomatik izahıdır və Azərbaycanı təhdid etməkdən başqa bir məqsəd daşımır. Təsadüfü deyil ki, Azərbaycanda süni surətdə etnik separatizm yaratmaq istiqamətində İran xüsusi xidmət orqanları illərdir çalışırlar və təbii ki, heç nəyə nail ola bilmirlər və bundan sonra da istəklərinə çata bilməyəcəklər. Çünki Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır və heç bir ayrı-seçkiliklə üzləşmirlər. Əksinə, etnik azlıqların hüququ bu ölkənin aparıcı etnosu olan Azərbaycan türklərindən bir çox məqamlarda daha üstün tutulur.

Beşinci, şiə qardaşlığından və müsəlmanlıqdan danışan İran Ermənistanın bir milyondan artıq türk-müsəlmanı öz yurd-yuvasından qaçqın saldığını, müsəlman ölkəsi olan Azərbaycanın 20 faiz tormağını işğal etdiyini, yüz minlərlə silahsız, dinc müsəlmanı qətlə yetirdiyini bilə-bilə Ermənistana görünməmiş səviyyədə iqtisadi və hərbi dəstək göstərir, işğalın davam etdirilməsinə və şiə-müsəlmanların əzab-əziyyətlərinin artmasına yardımçı olur. Araz çayı üzərində elektrik stansiyası tikib, onu Ermənistana bağışlayan və bu terrorçu dövləti bütün vasitələrlə dəstəkləyən, İranda baş verən zəlzələdən zərər çəkən soydaşlarımıza Azərbaycan xalqının göndərdiyi humanitar yardımı heç bir siyasətə və əxlaqa sığmayan tərbiyəsizliklə işğal altında olan Dağlq Qarabağın erməni separatçılarına göndərən, şiə-müsəlmanların qanını tökmüş, dinc müsəlmanlara qarşı qətliamlar və dəhşətli işgəncələrlə ad çıxarmış Ermənistan rəhbərliyini “dost və qardaş” olaraq bağrına basan İran hansı haqla “şiə qardaşlığından” danışa bilər?

Əslində, İran səfirliyinin diplomatik missiyasını aşan bu bəyanatı özünüifşaya yönəlib: bu ölkə insan haqlarına qarşı olduğunu, terrorçu və separatçı rejimlərə dəstək verdiyini dəfələrlə təsdiqləyib və İran səfirliyinin bu bəyanatı da İran dövlətinin şiə-müsəlmanlara və insan haqlarına qarşı tutduğu yanlış yoldan dönmədiyinin, İranın bir xalqlar həbsxanası olduğunun, burdakı şovinizmin rəsmi siyasətə çevrildiyinin təzahürüdür.

 

VHP mətbuat xidməti 

Comments are closed.