Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə əlaqədar “Əli bəy Hüseynzadə və türkçülük” mövzusunda dəyirmi masa keçirilib.
Martın 5-də Vətəndaş Həmrəyliyi Partiyasında görkəmli maarifçi, mütəfəkkir, ictimai xadim Əli bəy Hüseynzadəyə həsr olunmuş “Əli bəy Hüseynzadə və türkçülük” mövzusunda tədbir keçirilib. VHP-in mərkəzi qərargahının akt zalında baş tutan tədbirdə Əli bəy Hüseynzadənin 150 illik yubileyi qeyd olunub. Tədbirdə VHP sədri Sabir Rüstəmxanlı, Musavat Partiyasının başqanı İsa Qəmbər, AMDP lideri İsgəndər Həmidov, DAK İH üzvü Əjdər Tağızadə, tarixci alim Yadigar Türkel, Ümid partiyası sədrinin müavini Rüfət Muradlı, ADP sədri Sərdar Cəlaloğlu, şair Musa Yaqub və bir çox siyasətçilər, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər. 
Tədbiri açıq elan edən VHP-nın sədri Sabir Rüstəmxanlı öz çıxışında bildirib ki, Əli bəy Hüseynzadənin irsinin araşdırılması Azərbaycan xalqının milli kimliyinin ortaya çıxmasına xidmət edir: “Əli bəy Hüseynzadə türklük ideyasını dirildən və onu siyasi hadisəyə çevirən şəxsdir. Əli bəy Hüseynzadə əslində bayrağımızda olan türküçülük, islamçılıq və müasirlik ideyasını ortaya qoyan adamlardan biridir. O, təkamül yolunun tərəfdarı, müasir düşüncəli insan idi. Əli bəy Hüseynzadə millətin gələcəyi üçün əxlaqi problemlərin aradan qaldırılmasını istəyirdi və milli özünüdərki olduqca vacib hesab edirdi. Onun rəhbərlik etdiyi “Füyuzat” jurnalında türk dünyasının böyüklüyü, bölünməzliyi təbliğ edilirdi. Bu baxımdan Əli bəy Hüseynzadənin böyük mütəfəkkir kimi türk dünyasının inkişafı baxımından xidmətləri əvəzedilməzdir”
Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib: “Bu tədbirlər silsilə halında olmalıdır. Əli bəy Hüseynzadə doğrudan da fəxrimizdir. Mənim otağımda 3 şəxsiyyətin bədii obrazı var. Rəsulzadənin, Elçibəyin portreti və bir də Əli bəy Hüseynzadənin Salyandakı o gözəl heykəlinin kiçik modeli mənim otağımda var. 20 ildən çoxdur ki, o heykəl mənim otağımdadır. Çünki o, həqiqətən də bizim üçün çox dəyərli şəxsiyyətdir. Əli bəy Hüseynzadə təkcə Azərbaycanın yox, bütün türk dünyasının ən görkəmli şəxsiyyətlərindən, ən böyük mütəfəkkirlərindən biridir. Biz tarixi şəxsiyyətlərimizlə fəxr edirik. Əli bəy Hüseynzadə Müsavatın yaradıcılarından biridir. Ölkənin demokratikləşməsi uğrunda mübarizə aparıb. Ümumtürk siyasi xadimlərindən biridir”.
İsgəndər Həmidov Əli bəy Hüseynzadəni Əli Hüseyn Turan kimi tanıdığını bildirib: “Çünki o həyatını, ömrünü türkçülüyə sərf edib. Bəzi tədqiqatçılar Əli bəy Hüseynzadəni dinə qarşı qoyurlar. Bu tamamilə yanlışdır. Əli bəy Hüseynzadə gözəl islami təhsil almışdı. Əli bəy Hüseynzadənin məşhur bir kəlamı var. O deyir ki, “Türklər ya ölür, ya da mühacirət edir. Amma təslim olmur”. Əli bəy bütün yaşadığı dövrdə hər kəsə anlatmağa çalışıb ki, türklər yanlız osmanlılardan ibarət deyil. Onun daha bir sözü var idi, deyir ki, “qurdlar ulayanda itlər hürürlər”. O, hər zaman türk kimi yaşadı, türk kimi dünyasını dəyişdi. Allah ona rəhmət eləsin”.
Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi Yasəmən Qaraqoyunlu: “Əli bəy Hüseynzadəni əsasən türkçülüyün və idealist sosializmin banisi kimi xarakterizə edib. Əli bəy Huseynzadə bayragımızda əks olunmuş türkləşmək, islamlaşmaq, avropalaşmaq triadasının müəllifidir. Əli bəy Huseynzadə avropalaşma, türkləşmə və islamlaşmaq sintezinin əsasını qoyub. O, bütün türk dünyasının ən görkəmli şəxsiyyətlərindən biridir. Onun kimi şəxsiyyətlər heç vaxt unudulmur və unudulmayacaq”.
Tədbir digər iştirakçıların çıxışları ilə davam etdirilib. Onlar da Əli bəy Hüseynzadəni böyük şəxsiyyət kimi xarakterizə edərək, onun irsinin təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıblar.
Məhəmməd Türkmən
Fotolar müəllifindir








Comments are closed.