Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, cənab Ehsan Zahidov mətbuata açıqlama verərək, VHP Abşeron rayon təşkilatının sədri Niyaz Qubadovun həbs olunması faktını aydınlaşdırıb və VHP-nin bəyanatına münasibət bildiribdir.

E.Zahidov həbsin xırdalıqları barədə geniş izahatında N.Qubadovun evində axtarış aparılması, məhkəmə prosesinin saat 22:00-da keçirilməsi, N.Qubadova qarşı Polis İdarəsində sərt rəftar və ona yeməyin çatdırılmaması, vəkillə təmin olunmaması və s. barədə VHP-nin bəyanatında yer alan məqamların yanlış olduğunu söyləyib. Bu açıqlama VHP olaraq bizi də bəzi məqamları incəliyinə qədər ictimaiyyətə çatdırmağa vadar edir.

E.Zahidovun bildirdiyi kimi, doğrudan da Abşeron rayon Polis Şöbəsində təhqiqat VHP-nin rayon təşkilatının sədri Niyaz Qubadovun qardaşı Xamis Qubadovun oğurluq faktıyla bağlı “102” qaynar xəttinə müraciətindən sonra başlayıb. X.Qubadov həyətindən 5 kub taxtanın oğurlanması haqqında şikayət edib və daha sonra polisə ərizə verib.

Təhqiqatçılar N.Qubadovun kirayə verdiyi evə gələrək, oğurluq faktıyla bağlı araşdırmaya başlayıblar. Buna səbəb oğurluğun N.Qubadovun kirayəyə verdiyi evin həyətindən edilməsidir. N.Qubadov kirayəyə verdiyi evinə gəlib və polislərə taxtanın oğurlanmadığını, dostu Arzu Bəqəliyevin xahişinə əsasən, taxtanı ona hədiyyə etdiyini söyləyib. Polislər isə oğurluqda N.Qubadovu ittiham ediblər və mübahisə etdiyini əsas gətirərək, onu zorla, mülki maşınla Polis Şöbəsinə aparıblar.

N.Qubadov Masazır bələdiyyəsində komissiya sədridir və seçkili orqanda təmsil olunan şəxs kimi onun həbsi yalnız məhkəmənin qərarı ilə baş verə bilər. Ancaq Abşeron rayon Polis Şöbəsinin əməkdaşları N.Qubadovu zorla Polis Şöbəsinə apardıqdan sonra həbs qərarı almaqla qanunsuzluq ediblər.

Hadisə haqqında məlumatlandırılan Arzu Bəqəliyev istifadəyə yararsız, yalnız yandırılmaq üçün götürdüyü taxtanı dərhal N.Qubadovun həyətinə qaytarıb, Xamis Qubadov isə taxtanın oğurlanmadığını, qardaşı Niyaz Qubadovun onu dostuna bağışladığını öyrənən kimi Polis Şöbəsinə gedərək, ərizəsindən imtina edib və oğurluq faktının olmadığını yazıb.

E.Zahidovun dediyi kimi, həmin tarixdə – 03 iyun 2012-ci ildə, saat 19:30 radələrində VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı Abşeron rayon Polis Şöbəsinə gedərək, rəhbərliklə görüşüb. Doğrudan da Arzu Bəqəliyev S.Rüstəmxanlının yanında dindirilib. Ancaq E.Zahidovun açıqlamasından fərqli olaraq, A.Bəqəliyev deyib ki, mən taxtanın aparılması üçün razılığı Niyaz Qubadovdan almışam, ancaq Xamis Qubadovun bu işdən xəbərsiz olduğunu bilməmişəm. N.Qubadov da bu barədə qardaşına məlumat verməyib və nəticədə qardaşı taxtanın oğurlandığını düşünüb.

Sabir Rüstəmxanlının iştirakı ilə Arzu Bəqəliyevi dindirən Polis Şöbəsinin rəhbərliyi doğrudan da heç bir oğurluq faktının olmadığını müəyyənləşdirib və daha sonra millət vəkilinə anlaşılmazlığın aradan qaldırıldığını və hüquqi prosedurlar həyata keçirildikdən sonra saxlanılanların azad olunacağını bildirib.

 Lakin bütün bunlardan sonra Abşeron rayon Məhkəməsi təxminən saat 22:00 radələrində N.Qubadovun “polisə müqavimət” ittihamı ilə 10 sutka inzibati cəzaya məhkum olunması haqqında qərar çıxarıb.

Maraqlıdır ki, Sumqayıt Apelyasiya Məhkəməsi bu gün N.Qubadovla bağlı iddiaya baxarkən məhbusun azadlığa buraxılacağını bildirsə də, hökm elan olunarkən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Qeyri-rəsmi aşıqlamasında isə hakim ona təzyiq edildiyini bildirmiş və ona görə də qərarı qüvvədə saxladığını söyləmişdir.

Bu faktlar bir daha təsdiqləyir ki, N.Qubadov sifarişlə həbsdə saxlanılır.

N.Qubadovun vəkillə təminatdan özünün imtina etməsi barədə məlumat isə, görünür, E.Zahidova və DİN rəhbərliyinə ötürülən növbəti yanlış informasiyadır. N.Qubadov vəkillə təmin edilməyib, onun doğmalarından yemək götürülmür və polislərin N.Qubadova qarşı sərt münasibətinə Polis Şöbəsinə gedən doğmalar və qohumlar hamısı şahiddir. Belə ki, əvvəlcə razılıq verilsə də, saxlanılanın N.Qubadov olduğunu bildikdə polislər yeməyi qəbul etməkdən qəti şəkildə imtina edirlər.

Bütün olayı xırdalığına qədər qeyd etməklə Daxili İşlər Nazirliyi rəhbərliyinin və ictimaiyyətin müfəssəl məlumatlandırılmasına çalışdıq. Ümid edirik ki, DİN rəhbərliyi N.Qubadovun həbsində maraqlı olanları və DİN-ə təhrif olunmuş informasiyaların ötürülmə səbəblərini aydınlaşdıracaq. 

Comments are closed.