Son günlər mətbuatın diqqətində olan hakimiyyətin Əbülfəz Elçibəyin “zəhərlənməsi şousuna”  Vətəndaş Həmrəyliyi Partiyasının rəhbərliyi də münasibət bildirib.

VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirdi ki, tarix boyu dövlət başçılarının, perspektivli siyasətçilərin, tanınmış şəxslərin, sənət adamlarının qəfil dünyasını dəyişməsi bir qayda olaraq diqqətdə olub və onun səbəbləri ilə bağlı müxtəlif fikirlər söylənilib:
– Əgər Əbülfəz bəyin zəhərlənməsi hadisəsi olubsa belə, bu, onun yaxın ətrafı tərəfindən törədilməzdi. Mən Əli Kərimlinin adının burada hallanması ilə razılaşmıram. Taleyi Elçibəylə bağlı olan adamların belə bir addım atması ağlabatan görünmür.

VHP Siyasi Şurasının üzvü Samir Əsədli hesab edir ki, baş verən olaylarda ziddiyyətlər bir-birini əvəz etməkdədir.   Ən böyük səhvi isə prokurorluq bu məsələ ilə bağlı cinayət işi başlamaqla edib: – Əbülfəz Elçibəy 2000-ci ildə dünyasını dəyişib. Bəs nəyə görə Hafiz Hacıyev bu müddəti susurdu? Məqsəd aydındır, Əli Kərimlini hədəfə almaq. Çünki hakimiyyətin müxalifətin üzərinə getdiyi bir zamanda bu məsələnin meydana çıxması təsadüf deyil. Vaxtı ilə Əbülfəz Elçibəydən soruşanda ki, siz Azərbaycan üçün nə etmisiniz. O, bu suala belə cavab verib. “Mənim Azərbaycan üçün 2 böyük xidmətim olub. Birinci rus ordusunu Azərbaycan ərazisindən çıxarmışam. Ikinci isə Azərbaycan cəmiyyətinə Əli Kərimli kimi siyasətçi yetişdirmişəm”. Məhz bu Əbülfəz Elçibəyin Əli Kərimliyə verdiyi qiymətdir.

Comments are closed.