Vətəndaş Həmrəyliyi Partiyası (VHP)  Gənclər Təşkilatının sədri Pünhan İmamlının, sədr müavinləri Fəridə Tağıyevanın, Jalə Ələkbərlinin və Nəzarət-Təftiş Qrupunun sədri Baba Qamətlinin bu həftə doğum günləridir. Bu münasibətlə VHP sədri , millət vəkili Sabir Rüstəmxanlı VHP-çi gənclərə təbrik ünvanlayıb. təbrikdə deyilir:

 

“Əziz gənclər.

Biləndə ki, bu gün VHP-çi gənclərdən bir neçəsinin ad günüdür, ayrı-ayrılıqda deyil, ümumilikdə Sizin hamınıza səslənmək istədim.

Azərbaycanın müstəqillliyi bizim həyat idealımız, yaşam tərzimiz və mübarizəmizin ən böyük hədəfi olub. Gənc yaşlarımızdan sələflərimizin açıq və ya gizli şəkildə apardığı bu mübarizənin altına çiynimizi vermiş, milli yaddaşın oyanması, milli şüurun inkifaşı üçün çalışmış və nəhayət, buna xalqımızla bərabər nail olmuşuq.

Azərbaycanın dövlət müstəqilliyi, üçrəngli bayrağı xalqımızın qazandığı ən böyük nemət, ən böyük uğurdur və bundan böyük nailiyyəti təsəvvür etmək çox çətindir. Nəzərə alsaq ki, dünyada 5 mindən artıq dil və deməli, bir o qədər də xalq, cəmi 200-dən bir qədər çox dövlət var, onda milli dövlətçilik şərəfinin heç də hər xalqa nəsib olmadığı aydınlaşar. Bu mənada bağımsızlığımız ali nemətdir, dövlətimiz Azərbaycan xalqının tarixi ənənəsinin məntiqi davamıdır və bu müstəqilliyin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi millətimizin başlıca qayəsidir.

Biz xalqımızın dəstəyi ilə tarixi şansdan istifadə edərək dövlət müstəqilliyinə nail olsaq da, görüləcək işlərimiz hələ qarşıdadır və doğrusu, bu baxımdan daha böyük işlər sizin yolunuzu gözləyir. Müstəqil Azərbaycan Respublikası əslində Azərbaycan xalqının mənəvi sərhədlərinin çox kiçik bir hissəsini əhatə edir. Tarixi qaynaqlardan da bildiyiniz kimi, Azərbaycan bir ucu Dərbənddən başlayaraq Mosul, Kərkükə qədər 3 milyon kv.km-ə qədər bir ərazini əhatə etmiş, dövrünün qüdrətli dövlətlərindən biri olmuşdur. Bizim mənəvi sərhədlərimiz isə təkcə bununla məhdudlaşmır: Altaydan başlayıb Şərqi Avropaya qədər uzanan və dünyanın belinə kəmər kimi dolanan böyük türk yurdları xalqımızın mənəvi səltənətidir.

Çox istərdim ki, düşüncə və ruh etibarilə mənəvi sərhədlərimizin hududları səviyyəsində düşünən və əməli addımlar ata bilən gəncliyin əsas simaları kimi sizləri görüm. Əlbəttə, Azərbaycanın daxili problemləri həddən artıq çoxdur: demokratiya və insan azadlığının təmini, iqtisadiyyatın inkişafı, şəffaf seçkilər, Qərbə inteqrasiyanın sürətlənməsi yaxın hədəflərdir və bu yük də sizlərin çiyinlərinə düşür. Ancaq sizlər bu məhdud çevrələrdə ilişib qala bilməzsiniz. Azərbaycan xalqının və dövlətinin maraqları, xüsusilə Dağlıq Qarabağ dərdi, yurdlarımızın işğal altında olması, Güneydə 35
milyonluq soydaşımızın taleyi, Borçalı, Göyçə, Gəngəzur, Arazbasar, Vedibasar, Kərkükün taleyi sizin düşüncələrinizdə daim bütövləşməli, milli-mənəvi böyüklüyünüzü şərtləndirməlidir.

Biz kimsənin torpağanı göz dikməmişik, tarixi ərazilərimizi də qaytarmaq və “Böyük Azərbaycan” xülyası ilə qonşularımız və digər xalqlarla konfliktdə yaşamaq bizim dəyərlərimizə ziddir. Ancaq torpağımıza dikilən gözlərin ovulması, çox çətin geosiyasi ərazidə yerləşən Vətənimizin maraqlarının müdafiəsi başlıca qayəmiz olduğu kimi, mənəvi sərhədlərimiz çərçivəsində düşünmək də halal, tarixi, milli haqqımızdır”.

Əziz VHP-çi gənclər!

Pünhan İmanlı, Fəridə Tağıyeva, Jalə Ələkbərli və Baba Qamətli – bu gün ad gününü qeyd edən gəncləri təbrik edir və bütün VHP-çi gənclərinə milli hədəflərimiz, böyük amallarımız, ideallarımız uğrunda apardıqları mübarizədə başarılar diləyirəm.

Tanrı sizləri qorusun!  

Comments are closed.