“Azərbaycan türkləri bu torpaqlarda, xüsusilə Bakıda qalmasına görəƏli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və Əlimərdan bəy Topçubaşova borcludurlar”

 

05 mart 2014-cü il tarixində saat 14:00-da Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təşəbbüsü və təşkilatçılığı ilə görkəmli mütəfəkkir, yazıçı, tərcüməçi, şair, həkim, ictimai xadim Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə əlaqədar “Əli bəy Hüseynzadə və türkçülük” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı, Musavat Partiyasının başqanı İsa Qəmbər, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə, AXCP sədrinin müavini Nurəddin Məmmədli, Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının (AMDP) lideri İsgəndər Həmidov, “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli, ADP sədri Sərdar Cəlaloğlu, Ümid Partiyası sədrinin müavini Rüfət Muradlı, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun politologiya şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə elmləri doktoru Yadigar Türkel, sabiq təhsil naziri, türkoloq, professor Firidun Cəlilov, şair Musa Yaqub, AMEA-nın elmi işçisi, Bütöv Azərbaycan Hərəkatının rəhbəri Yasəmən Qaraqoyunlu, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri, tanınmış jurnalist Azər Həsrət, Avropa Hərəkatının rəhbəri Ramin Hacılı bir çox siyasətçilər, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.

 

“Əli bəy Hüseynzadə “türkləşmək, müasirləşmək və islamlaşmaq”  ideyasının yaradıcılarından və onu ortaya çıxaranlardan biri idi”

 

Yığıncağı VHPsədri Sabir Rüstəmxanlıaçaraq bildirdi ki, Əli bəy Hüseynzadəyə əslində türk peyğəmbəri, fövqəlbəşər deyirlər: “Çünki çox qeyri-adi bir insan, istedad sahibi, böyük milli idealların, ideyaların daşıyıcı və onları ortaya çıxaran bir adam idi. Əli bəy Hüseynzadə Ziya Gökalpın müəllimi idi, Mustafa Kamal Atatürk də Ziya Gökalpı özünün mənəvi atası adlandırırdı. Bu da Əli bəy Hüseynzadədən Mustafa Kamal Atatürkə və bugünkü Türkiyə Cümhuriyyətinə yol uzandığını göstərir. Bu yolun başında Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qaspıralı, Yusif Akçura kimi şəxsiyyətlər dayanırdı. Onlar da XIX əsrin sonlarında türkçülük ideyasını dirildən, onu siyasi hadisəyə çevirən və müstəqil türk dövlətlərinin yaranması üçün mənəvi təməl hazırlayan adamlar idi. Eyni zamanda Əli bəy Hüseynzadə Əhməd bəy Ağaoğlu və digər fikirdaşları ilə birlikdə Azərbaycanın üçrəngli bayrağındakı “türkləşmək, müasirləşməkvə islamlaşmaq” ideyasının yaradıcılarından və onu ortaya çıxaranlardan biri idi”. 

 

“Əli bəy Hüseynzadə son dərəcə sakit, təmkinli, təvazökar,hər şeyə səbrlə yanaşan, insan olaraq böyük bir şəxsiyyət idi”

 

Millət vəkili dedi ki, Azərbaycan türkləri bu torpaqlarda, xüsusilə Bakıda qalmasına görə Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və Əlimərdan bəy Topçubaşova borcludurlar: “Aralarında fikir ayrılığı olmasına baxmayaraq hər üç şəxsin fəaliyyəti buna gətirib çıxarıb. Əli bəy Hüseynzadə təkamül yolunun tərəfdarı, müasir düşüncəli insan idi. Əli bəy Hüseynzadə millətin gələcəyi üçün əxlaqi problemlərin aradan qaldırılmasını istəyirdi və milli özünüdərki, siyasi maarifçiliyi, dini intibahı, dində islahatlar aparılmasını olduqca vacib hesab edirdi. O, millət fədailərinin olmasını zəruri sayırdı. Əli bəy Hüseynzadə həmçinin turançılıq ideyasını ortaya atmışdı, türklərin mənəvi birliyini əsas sayırdı. Bir növ Avropa Birliyi kimi modelin tərəfdarı olub. Onun erməni-müsəlman davasına baxışı fərqli idi və xalqlar arasında nifaqın səbəbkarı kimi hökumətləri görürdü. Onun rəhbərlik etdiyi “Həyat” qəzetində (325 sayı nəşr olunub) və “Füyuzat” jurnalında (32 sayı nəşr olunub) türkünböyüklüyü, türk dünyasının bütövlüyü, türkün açılan qapıları təbliğ edilirdi. Əli bəy Hüseynzadə həmçinin ortaq türk dilinin tərəfdarı idi. Ona görə də dili bir az mürəkkəbdir. Füyuzatçılıq Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq kimi millətçi, milli düçüncəli ədəbiyyatçıları yetişdirib. Bu baxımdan onun böyük mütəfəkkir kimi türk dünyasının inkişafı baxımından xidmətləri əvəzedilməzdir. Əli bəy Hüseynzadə deyirdi ki, bizim nicatımız məhəbbətdədir. Bu şəxs həmçinin Əhməd bəy Ağaoğlu ilə birlikdə 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji təməlini hazırlayan, onun quruculuğunda iştirak edən, sonrakı dövrlərdə də Azərbaycanla əlaqəsi üzülməyən bir adam idi. Son dərəcə sakit, təmkinli, təvazökar, hər şeyə səbrlə yanaşan, insan olaraq böyük bir şəxsiyyət idi. Bu baxımdan onun  şəxsiyyətindən həmişə heyranlıqla danışılıb. Bir il işıq üzü görən “Füyuzat” jurnalının bağlanmasından sonra Əli bəy Hüseynzadə bir neçə il Azərbaycanda yaşadı və daha sonra həmişəlik Türkiyəyə getdi. Siyasi partiyaların və müxtəlif qurumların bu cür şəxsiyyətləri yad etməsi son dərəcə vacibdir. Gələcəkdə bu cür tədbirləri birlikdə keçirməyimiz yaxşı olardı. VHP olaraq silsilə seminarlar keçirməyi düşünürük. İlk seminarımız bu ayın ortalarında “Biz kimin varisiyik?” mövzusunda olacaq. Yəni Azərbaycan Respublikasının AXC-nin, yoxsa ASSR-in varisi olmasına aydınlıq gətirmək lazımdır. Çünki bu gün AXC-nin deyil, sovet Azərbaycanının varisinə oxşayırıq. Biz bu seminarların materiallarını çap da  edəcəyik. Elə Əli bəy Hüseynzadə ilə bağlı bugünkü tədbirimizi də həmin silsiləyə aid tədbirlərdən saymaq olar”.

 

“Əli bəy Hüseynzadəəsasən türkçülüyün və idealist sosializmin banisi sayılır”

 

AMEA-nın elmi işçisi, Bütöv Azərbaycan Hərəkatının rəhbəri Yasəmən QaraqoyunluƏli bəy Hüseynzadəni əsasən türkçülüyün və idealist sosializmin banisi kimi xarakterizə etdi:“Yəni Əli bəy Huseynzadə hər iki ideyanı türk dünyasına gətirmiş bir şəxs hesab olunur. O, Azərbaycanda islam humanizmi, Qərb, Şərq və türk mədəniyyətlərinin sintez edilə biləcəyini insanlara inandıra bilib. Beləliklə, Əli bəy Huseynzadə avropalaşmaq, türkləşməkvə islamlaşmaqtriadasının yaradılmasına səbəb oldu. Bununla da Osmanlı və Qacar imperiyaları, həmçinin Azərbaycanda bu xətt mənimsənilməyə başlandı. Əli bəy Huseynzadə Avropadan Şərqə almaq istədiyi dəyərlərə humanizm, konstitusiyalı monarxiya, hüquq cəmiyyəti, empirik-sientizm, pozitivizm, rasionalizm, praqmatizm daxil idi. Yəni onun avropalaşmaq ideyasının arxasında Avropadan məhz bu dəyərləri götürüb Osmanlıda və Şərq dünyasında tətbiq etməklə Osmanlı imperiyasının və türk dünyasının yenidən yüksəlişinə nail olmaq dayanırdı. Bir sözlə, bu ideyanın arxasında Avropa əxlaqını və həyat tərzini götürmək deyil, Avropada elmi-texniki tərəqqiyə səbəb olan dəyərləri mənimsəmək dayanmır. Sultran Əbdülhəmid Osmanlı imperiyasının xilası üçün osmanlıçılıq ideyasını ortaya atmışdı və onu qorumağa, dövlət siyasətində tətbiq etməyə çalışırdı. Ancaq Əli bəy Hüseynzadə osmanlıçılığın çıxış yolu olmadığını, nicatı türkləşməkdə görürdü. Çünki xalqlar artıq Osmanlı imperiyasına qarşı mübarizəyə qalxmışdı. Ona görə də Əli bəy Hüseynzadə avropalaşmaq, türkləşmək və islamlaşmaq sintezini ortaya qoydu. Yəni bir növ türkləşmək ideyasını da siyasi səhnəyə gətirdi. Şeyx Cəmaləddin Əfqani Şərq dünyasına ümmət deyil, millət ideologiyası ilə bağlı çağırışlar etmişdi. Onun fikrincə, milləti formalaşdıran əsas ünsürlərdən biri dildir, din deyil. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Ziya Gökalp, Yusuf Akçura və İsmayıl bəy Qaspıralı da bu xətti mənimsədilər. Bu şüur bu günün də şüurudur. Əli bəy Hüseynzadə kökündə fəhlə diktatorluğu dayandığı üçün heç vaxt marksist olmayıb. O, cəmiyyətin bütün təbəqələri arasında sosial harmoniya yaradan idealist sosializmin tərəfdarı idi. Əli bəy Hüseynzadə deyirdi ki, Avropanın bütün sosial-demokratlarında, kommunistlərində, liberallarında, sağçılarında, solçularında türk düşmənçiliyi var. O, bütün dünya sosialistlərinə müraciət edərək Ortadoğuda sülhün məhz Osmanlı imperiyası və türklüyün iştirakı ilə olacaq. Bu şüar bu gün də çox aktual olaraq qalır. Əli bəy Hüseynzadə həm türkçülük nəzəriyyəsini yaradıb, həm də bu missiyanı həyata keçirən siyasətçi olub. O, Əhməd bəy Ağaoğlu ilə birlikdə 1905-1907-ci illərdə Qafqaz və Rusiya türklərinin oyanışı, təşkilatlanması uğrunda çalışıblar, həmçinin Rusiya müsəlmanlarının hüquqları ilə bağlı bəyannamə hazırlayıblar. I Dünya müharibəsi ərəfəsində Əli bəy Hüseynzadə, Yusuf Akçura və Əhməd bəy Ağaoğlu bir Turan heyəti formalaşdırıblar. Onlar Avropanın bütün ölkələrində müxtəlif görüşlər keçirərək Rusiya türklərinin hüquqlarının qorunması ilə bağlı məsələ qaldırıblar, ABŞ prezidentinə məktub belə yazıblar. Bu addım Rusiya çarını bər narahat edib və məsələdə Dumada müzakirə edilib. Əli bəy Hüseynzadə ömrünün sonunadək türkçülük və turan üçün çalışdı. O, 1934-cü ildə öz soyadını dəyişərək Turan qoyub. O, bütün türk dünyasının ən görkəmli şəxsiyyətlərindən biridir və onun kimi şəxsiyyətlər heç vaxt unudulmur və unudulmayacaq”.

Şair Musa Yaqubisə Allaha Azərbaycana, bütün türk dünyasına Əli bəy Turan kimi şəxsiyyət, filosof, şair bəxş etməsinə minnətdarlıq edərək, 2000-ci il sentyabrın 12-də Əli bəy Hüseynzadəyə ithaf etdiyi şeirini səsləndirdi:

 

İkilik

 

Ucundadır dilimin,

Həqiqətin böyüyü,

Nə qoydular deyəlim,

Nə kəsdilər dilimi.

 

Ayıltmadı qələmim,

Bu türk ilə əcəmi,

Nə qoydular yazalım,

Nə kəsdilər dilimi

 

Əli bəy Hüseynzadə

 

Keçiddədir  ayağım,

Keçid yolu bir addım,

Nə qoydular keçəlim,

Nə qoydular qayıdım.

 

Tüstülənər ocağım,

Könlümün dəmxanası,

Nə yağışdan sönəsi,

Nə küləkdən yanası.

 

Nə durmusan qaradaş,

Ayrıcında yolumun?!

Nə yol tutmaq gücüm var,

Nə taqəti qolumun.

 

Haqqın əli uzalı,

Durum, tutum, tapışım-

Nə çəkdilər üzülüm,

Nə qoydular yapışım.

 

Ah bu Vətən torpağı,

Alındı baş qalası,

Nə yolunda şəhidəm,

Nə qəhrəman balası.

 

Daş altında toxumum,

Yanır çölüm, içərim,

Nə sıxdılar çürüyüm,

Nə qoydular cücərim.

 

Məlikməmməd nağılıyam,

Bu, quyunun dibimi?

Nə çəkdilər quyudan,

Nə kəsdilər içimi.

 

Azadlıq yollarında

Hələ qalmaqaldayam

Görürsənmi, Əli bəy

Mən də həmin haldayam.

 

Mən Əli bəy Hüseynzadəni Əli Hüseyn Turan kimi tanıyıram”

 

AMDP lideri İsgəndər Həmidov Əli bəy Hüseynzadəni Əli Hüseyn Turan kimi tanıdığını söylədi: “Çünki bu şəxs həyatını, ömrünü türkçülüyə sərf edib. Bəzi tədqiqatçılar Əli bəy Hüseynzadəni dinə qarşı qoyurlar. Bu, tamamilə yanlışdır. Əli bəy Hüseynzadə gözəl islami təhsil almışdı. Əli bəy Hüseynzadənin məşhur bir kəlamı var. O deyir ki, “Türklər ya ölür, ya da mühacirət edir. Amma təslim olmur”. Əli bəy Hüseynzadə bütün yaşadığı dövrdə hər kəsə anlatmağa çalışıb ki, türklər yanlız osmanlılardan ibarət deyil. Onun daha bir sözü var idi, deyir ki, “qurdlar ulayanda itlər hürürlər”. O hər zaman türk kimi yaşadı, türk kimi dünyasını dəyişdi. Allah ona rəhmət eləsin!”.

 

“Əli bəy Hüseynzadə təkcə Azərbaycanın yox, bütün türk dünyasının ən görkəmli şəxsiyyətlərindən, ən böyük mütəfəkkirlərindən biridir”

 

Müsavat Partiyasının başqanı İsa Qəmbərhesab edir ki, belə tədbirlər silsilə halında olmalıdır: “Əli bəy Hüseynzadə doğrudan da fəxrimizdir. Mənim otağımda 3 şəxsiyyətin bədii obrazı var. Rəsulzadənin, Elçibəyin portreti və bir də Əli bəy Hüseynzadənin Salyandakı heykəlinin kiçik modeli mənim otağımda var. 20 ildən çoxdur həmin heykəl mənim otağımdadır. Çünki Əli bəy Hüseynzadə həqiqətən də bizim üçün çox dəyərli şəxsiyyətdir. Bu şəxsiyyət təkcə Azərbaycanın yox, bütün türk dünyasının ən görkəmli şəxsiyyətlərindən, ən böyük mütəfəkkirlərindən biridir. Biz tarixi şəxsiyyətlərimizlə fəxr edirik. Əli bəy Hüseynzadə Müsavatın yaradıcılarından biridir. Ölkənin demokratikləşməsi uğrunda mübarizə aparıb. Ümumtürk siyasi xadimlərindən biridir”.

 

“Bu gün Azərbaycanın güneyində də bir mücadilə var”

 

DAK Daimi Şurasının sədri Əjdər Tağızadə bildirdi ki, XIX əsrin sonlarında avropalılar millətləşib dövlətlərini quranda türklər də buna can atdılar: “Hətta türklər ortaya Osmanlı inperiyası kimi böyük bir maya qoyublar və millətçiliyə getməyə, milli ruhun ortaya çıxmasına çalışıblar. Həmin dalğa da Azərbaycana və Məmalüki Məhrusəyə də gəlib çıxıb. Ümumiyyətlə, XIX əsrin sonlarında Yusuf Akçura, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, İsmayıl Qaspıralı və digər ziyalı insanlar, türklər yaxın əməkdaşlıq işərisində olublar. Hətta dərindən araşdırsaq, Təbrizin özündə də bu adamlarla məktublaşmaların həyata keçirildiyini görərik. Ancaq millətləşmə və dövlətləşmənin zirvəsi, onların fəaliyyətlərinin nəticəsi Azərbaycan Xalq Cümhuriyyəti olub. Əli bəy Hüseynzadə Mirzə Fətəli Axundzadəni tərənnüm edib. Ancaq Mirzə Fətəli Axundzadənin fikirlərinə baxdıqda onun İran adlanan yerdə farsçılığı və bəzi məsələləri qabartmasına indi də şübhəli baxılır. Ancaq Əli bəy Hüseynzadə ustadını qabaqlayıb keçib, irəliyə gedib. Məhəmməd Əmin Rəsulzadənin həmçinin bəzi məsələlərdə estafeti ələ aldığını söyləmək olar. Ancaq doğrudan da XIX əsrin sonları XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk bunların hamısını daha da zirvəyə qaldırıb. Bu gün Türkiyədə Sultan Əbdülhəmid getməsəydi və Osmanlı inperiyası qalsaydı, daha yaxşı olacağını belə düşünənlər var. Hətta niyə bu günə düşdüklərini söyləyənlər var. Buna bir əyani sübut göstərmək olar. Bu gün Krımda bir savaş gedir. Bu problem bu gün türk dünyasının əsas məsləsidir. Putin nə çarizmi, nə bolşevizmi, nə də “KQB”ni unudub. Hər üçündən gözəl dərs alıb və bu da türkə qarşıdır. Hətta avropalılara onlar üçün əsas məsələnin alqı-satqı olduğunu deyərək uduzacaqları ilə hədələyir. Avropalılara alış-verişə hazır olduğunu, onsuz da Rusiyaya məxsus 60-70 milyard dolların onların banklarında olduğunu deyir. Özü də türkün, türk dünyasının başına min cür oyun gətirmək istəyir. Əgər ermənilər gürcülərin yarısı qədər ruslarla haqq-hesab çəkməyə çıxsaydılar və rusları Qafqazdan çıxartmaq mümkün olsaydı, bizim üçün çox yaxşı və başqa cür olardı. Rusiya Azərbaycanı da özündən asılı vəziyyətə salıb. Çünki Azərbaycanda hər bir milyarderin pulunun bir hissəsi Avropa, bir hissəsi isə Rusiya banklarındadır. Hətta küçə-bacada, evdə-eşikdə, ailədə rusca danışır və hələ də nəyisə gözləyir. Hətta adamlar yanlış düşüncələr də aşılayıblar və küçələrdə “rus gəlsəydi, daha yaxşı olardı” deyənlər də var. Rusun zibilini hələ yüz il bundan sonra daa bu məmləkətdən, türk dünyasından süpürüb tullamaq olmayacaq. Bu gün üç bölgədə -Qafqazlarda, Yaxın Şərqdə və Qara dənizin ətrafında böyük bir çəkişmə gedir. Hər üç regionda da türklər mövcuddur. Biz istəsək-istəməsək də, dəfələrlə pantürkist, turançı olmadığımızı hayqırsaq da, ancaq türkün bütövlüyünün sonunun Turan olmadığını da inkar edə bilmərik. Yəni avropalılara türklükdən əl çəkdiyimizi və bizdən qorxmamalarını nə qədər desək də, bu mümkün olan şey deyil. Türklərin haqq-hesabı mütləq aydınlaşmalıdır. Əgər ABŞ İraqda 3 milyon türkü görməzlikdən gəlirsə, Əfqanıstanda farsları düşünüb türkləri unudursansa, terrorsuz günün olmayacaq. Eyni zamanda Suriyada digər millətləri görüb, türkləri görməzlikdən gəlirlər. Bu gün Azərbaycanın güneyində də bir mücadilə var”.

 

“Əli bəy Hüseynzadə də, Məhəmməd Əmin Rəsulzadə də,Mustafa Kamal Atatürk də Avropa dəyərlərini, milli dövlətçiliyi, milliləşməni götürməyin tərəfdarı idilər”

 

Onun sözlərinə görə, Əli bəy Hüseynzadə millətçi sosialist ola bilər: “Çünki kommunizmdən qorxaraq digər istiqamətə yön aldıq. Çünki o zaman Əli bəy Hüseynzadə, irtica içində boğulan digər azərbaycanlılar və “molla nəsrəddinçilər” bunu görürdü. Avropa artıq 1500-cü illərdə irticadan, yəni adamları yandırmaqdan, əl-ayağını kəsməkdən, edam etməkdən və s. yaxasını qurtarmışdı, kilsəni yerində oturtmuşdu. İndi isə kilsələrin qapısı açıqdır, hətta məktəblilər son zəngini də orada qeyd edirlər. Əli bəy Hüseyzadə İslama qarşı savaş açmamışdı və sadəcə dində renesans istəyirdi. Bu gün İran adlanan yerdə dinin siyasətdən ayrılmasına dair fitva verdiyinə görə ayətullah Burucerdini həbsxanaya salıblar. Çünki Tehran rejimi dini siyasi alətə çevirib və Həzrəti Zeynəbin (ə.s.) məzarını, İslamı, dini qorumaq adı ilə Suriyada 300 min nəfəri silahlandırıb. O zaman Əli bəy Hüseynzadə islamlaşmaq deyəndə rusdan gələcək təhlükədən qorunmaq məqsədi güdürdü. Bugünkü gün isə islamlaşmaq bizə təhlükə gətirəcək. Söz yox millət müsəlmandır. 1990-cı illərdə türkün, türk dünyasının, Türkiyənin gözü Azərbaycan baxırdı. Ancaq bu gün ölkədə gənclər arasında sorğu keçirsək, Əli bəy Hüseynzadəni, Məhəmməd Əmin Rəsulzadəni tanıyarlarmı? Bu gün ziyalılar Azərbaycanın güneyində 35 milyon nəfərin yalın əllə mücadilə apardığını unutmamalıdır. İndi İran adlanan yerdə dil akademiyaları yaradılacağı söylənilir. Birincisi, heç bir imperiya, irtica rejimi millətin mücadiləsi olmasa, buna heç cür razılıq verə bilməz. Axı niyə belə bir atmaq istəsinlər? İkincisi, bu cür şeylərlə millətləri aldatmaq olmaz, çünki onların istəkləri başqa şeylərdir. Bu millət böyük millətdir, Azərbaycan türkləridir. Əgər Azərbaycan türkü 1918-ci ildə ölkəsinin bir hissəsində istiqlalını qazanıbsa, onda güneydə də belə bir şey mümkündür. Əgər Azərbaycan türkü və türklər izn verməsə, bu rusu Qafqazlardan heç kəs çıxara bilməyəcək, burnunu kimsə sındıra bilməyəcək. Bəlkə türklər, xüsusilə güclü Azərbaycan rusu bu bölgədən çıxarda bilər. Ona görə də Azərbaycan bir ideya ortaya qoysa, gürcü də dəstəkləyəcək, erməni də məcbur olub qoşulacaq.Bu gün Ukraynada rusa qarşı savaş aparılması, türkün, Azərbaycanın xeyrinədir. Mən Yuliya Timoşenkonun meydana gəlməsini və çıxışını anbaan izlədim. O, çıxışında hər bir şeyi xalqın etdiyini bildirdi. Çünki həmin adamlar məhz üç ay boyunca mənfi 30 dərəcə temperaturda mücadilə verdilər. Birini vururdular, digəri sinəsini qabağa verirdi. Axı Qərb alyansında ola-ola niyə bizim dövlətimiz məsələyə səssiz qalır. Bu ruslar Gürcüstana girəndə, mən Bakıdaydım. Mən demişdim ki, əgər siz rusların Gürcüstanı götürməyini  istəyirsinizsə, onda biz də Borçalını götürəcəyik. Ona görə də səfirliklərdən Sabir bəyə zəng açıb mətbuat konfransında niyə belə deyildiyini soruşmuşdular. Həmin vaxt ruslar bizə də xəbərdarlıq etmişdilər. Belə ki, Bakı-Supsa neft kəmərinə bomba atmışdılar, neft çənini partlatmışdılar. Hətta Azərbaycanda böyük partiyanın millət vəkillərindən biri də çıxıb demişdi ki, amerikalılar gələnədək ruslar bizi tutarlar. Hələ sən əvvəl izn ver, bir addım at, öz alyansını müəyyənləşdir, onlar da sonra məcbur olub sənin arxanda dayanacaqlar. Avropa renesans dövrünü yaşayıb, milli dövlətlərini yaradıb və öz yaratdıqları dəyərlərin üstündə dayanıblar. Əli bəy Hüseynzadə də, Məhəmməd Əmin Rəsulzadə də, Mustafa Kamal Atatürk də Avropa dəyərlərini, milli dövlətçiliyi, milliləşməni götürməyin tərəfdarı idilər. Biz sosializmdən qorxmuruq. Sadəcə, əsasında ateizm dayanan və rusun da əlində bayraq götürərək gəldiyi kommunizm təhlükəsindən çəkinirdik. Azərbaycanın dərdi sosial ədalət prinsipidir”.

Tədbirdə həmçinin AXCP sədrinin müavini Nurəddin Məmmədli, ADP sədri Sərdar Cəlaloğlu, “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun politologiya şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə elmləri doktoru Yadigar Türkel, CASCFEN sədri, tanınmış jurnalist Azər Həsrətbaşqaları çıxış edərək Əli bəy Hüseynzadəni böyük şəxsiyyət kimi xarakterizə ediblər, onun irsinin təbliğinin zəruriliyini diqqətə çatdırıblar.

 








Comments are closed.