Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Teleradio İstehsalat Birliyinin baş direktoru Əflatun Şərifov “Vətəndaş Həmrəyliyi” qəzetini məhkəməyə verib.

Əflatun Şərifov Yasamal Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində “Vətəndaş Həmrəyliyi” qəzetinin onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirən yazılar dərc etdiyini bildirib, təkzib verilməsini, dəymiş mənəvi ziyanın əvəzi kimi ümumilikdə 125 min manat (qəzetdən 50 min, baş redaktordan 50 min, informasiyanı mətbuata ötürən şəxsdən 25 min manat) təzminat ödənilməsini istəyib.

“Vətəndaş Həmrəyliyi” qəzetinin baş redaktoru İbrahim Quliyev “Media forum” saytına deyib ki, iddia ərizəsində Əflatun Şərifov daha çox qəzeti və baş redaktoru ittiham edir: “Əflatun Şərifov bizi onun haqqında düzgün olmayan informasiya yaymaqda, ona böhtan atmaqda günahlandırır və ilk olaraq onun 2013-cü ilin oktyabrında keçirilmiş prezident seçkisini boykot etməsi ilə bağlı yazıya istinad edir.

Əflatun Şərifov onun barəsində informasiyanı “Vətəndaş Həmrəyliyi”nə ötürən Teymur Məmmədzadədən 25 min manat tələb edir. Teymur Məmmədzadə prezident seçkisi dövründə Teleradio İstehsalat Birliyinin işçisi olub. Seçki vaxtı o, Vətəndaş Həmrəyliyi Partiyasını 23 saylı Dairə Seçki Komissiyasının 4 saylı məntəqəsinin üzvü kimi təmsil edib.

Əflatun Şərifovun iddiasına səbəb olan materiallar qəzetdə getməzdən öncə şəxsən ona zəng edərək faktlarla bağlı rəsmi mövqeyini bildirməsini xahiş etmişəm. Amma Əflatun Şərifov faktlara münasibət bildirməyib. Qəzetdə dərc olunan həmin materialları 2013-cü ilin avqust ayında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, oktyabr ayında Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərmişəm, yazıda göstərilən faktların yoxlanılaraq nəticəsi barədə redaksiyaya məlumat verilməsini xahiş etmişəm.
Lakin bu dövlət strukturlarının heç biri bizim rəsmi məktuba cavab verməyib və münasibət bildirməyib”.

İbrahim Quliyev xatırladıb ki, “Vətəndaş Həmrəyliyi” qəzeti 20 ildir nəşr olunur: “Qəzet öz fəaliyyətində ölkə konstitusiyasını, KİV haqqında qanunu və jurnalist etikasını əsas götürdüyündən indiyədək məhkəmələrə düşməyib, Mətbuat Şurasından hər hansı xəbərdarlıq, yaxud töhmət almayıb. Əksinə, qəzetin fəaliyyəti çox halda nümunə göstərilib”.

Comments are closed.