Ömər Məmmədovun istintaqı yekunlaşıb; Yaxın zamanlarda gənc bloggerin məhkəməsi başlayacaq


Bu gün vəkil Əlayif Həsənov həbsdə olan “Axın” hərəkatının təsisçilərindən biri, gənc siyasi məhbus Ömər Məmmədovla Şüvəlan təcridxanasında görüşüb. 
Bu barədə musavat.com-a vəkil Əlayif Həsənov özü məlumat verib.
Vəkilin sözlərinə görə gənc bloggerin heç nədən şikayəti yoxdur: “Ömərin heç nədən narahatçılığı yoxdur. Şikayətləndiyi məsələ ona qəzetlərin verilməsinin gecikdirilməsi ilə bağlıdır. Bu problem də iki gün olar ki, qismən də olsa, həllini tapıb. Ona iki gündən bir qəzetlər verilir. Yaxın zamanlarda başlayacaq məhkəmə prosesi ilə bağlı müzakirələr apardıq. Bildiyimiz kimi, istintaq prosesi artıq bitib. Yaxın zamanlarda sənədləri məhkəməyə təqdim edəcəyik. Həmişə  olduğu kimi, yenə Ömər və mən ona qarşı sürülən ittihamları əsassız sayırıq. Ömər öz ifadəsində də göstərib ki, onun həbs edilməsi ilə bağlı çoxdan hazırlıqlar başlayıb. Bunun üçün onu hətta mənsub olduğu təşkilatdan, yəni NİDA vətəndaş hərəkatından çıxmağa vadar ediblər. Ona bloggerlik fəaliyyəti ilə məşğul olmağa mane olublar. Biz sona qədər məhkəmənin səsləndirdiyi ittihamları ifşa etmək üçün əlimizdən gələni edəcəyik. Ömərin bütün yaxınlarına, əqidədaşlarının hamısına salamı var”.
Xatırladaq ki, VHP üzvü olan Ömər Məmmədov yanvarın 24-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Onun barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotik saxlama, gəzdirmə, satma) maddəsilə ittiham irəli sürülüb. 
Cavanşir ABBASLI

Comments are closed.