Samir Əsədli: “Məqsəd ekoloji problem yaradaraq, Azərbaycanlilari buradan köçürmək, farslari isə bu əraziyə yerləşdirməkdir”

  Uzun zamandan bəridir ki, Urmiya gölü ilə bağlı Cənubi Azərbaycanı etiraz dalğası bürüyüb. Lakin aprel ayından başlayaraq keçirilən bu etiraz aksiyalarına və çoxsaylı müraciətlərə baxmayaraq İran rejimi məsələyə biganə yanaşır. “Urmiya gölü susuzluqdan yanır!”, “Urmiya gölündə su yoxdur, Azərbaycan indi oyanmasa, gec olacaq!”, və başqa şüarlarla keçirilən aksiyalarda 70 nəfər həbs olunub. Həmin vaxtdan bəri İran hakimiyyət orqanlarına və parlamentə edilən müraciətlərlə davam etdirilən etirazlar bu il avqustun 27-də yenidən küçə yürüşlərinə çevrilib. Bu etirazların əks olunduğu ən böyük aksiya hələlik sentyabrın 3-də keçirilib. Güney Azərbaycanın Urmiya, Təbriz, Ərdəbil şəhərlərində, paytaxt Tehranda keçirilən aksiyalara polis müdaxilə edib, çoxlu sayda yaralı və saxlanılan var. Bəzi məlumatlara görə, etiraz aksiyaları zamanı ölənlər olub. Digər məlumatlarda isə rəsmi Tehranın aksiyaların qarşısını almaq üçün yerli azərbaycanlıların yaşadığı şəhərləri nəzarətə götürdüyü, hündür mərtəbəli binaların üstündə snayperlər yerləşdirdiyi bildirilir. İran hakimiyyət orqanları son aksiyalarda 60 nəfərin saxlanılması barədə məlumat yayıb. Güney Azərbaycan ziyalıları dəfələrlə bu məsələ ilə bağlı İran hakimiyyətinə müraciət ediblər. Lakin müsbət cavab yoxdur. İran hakimiyyətinin laqeydliyi Güney Azərbaycanda etiraz hərəkatına səbəb olub. İran rejiminin Urmu gölünə biganə münasibətinə etiraz olaraq təkcə bu ölkədə deyil bir sıra Avropa ölkələrində də etiraz aksiyaları keçirilib. Bu məsələ ilə aksiyalar müntəzəm olaraq davam etdirilir. Avropa ölkələrində yaşayan azərbaycanlılar da bu məsələ ilə bağlı hərəkətə keçiblər. Bununla əlaqədar Avropanın müxtəlif şəhərlərində bir neçə dəfə toplantılar, aksiyalar da keçirilib. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurasının üzvü və Dünya Azərbaycanlıları Konqresinin (DAK) mərkəzi təftiş komissiyasının sədri Samir Əsədli fars rejimini Urmiya gölünü məqsədli şəkildə qurutduğunu deyib. Onun sözlərinə görə, belə olmasayda, hakimiyyət gölə tökülən çayların qarşısına sədd çəkməz, qurmaya qarşı tədbirlər görərdi. O, Urmiya gölünün Güney Azərbaycan Milli Hərəkatı üçün həssas məsələ olduğun deyib. İlk olaraq göl barəsində məlumat verən DAK nümayəndəsi Urmiya gölünün qurudulmasının ekoloji və siyasi tərəfinin olduğunu söyləyib: “Urmiya gölü YUNESKO-nun dünyanın qorunmalı olan təbii sərvətləri siyahısına daxil edilib. Burada müxtəlif növ məməli heyvan, sürünən, suda-quruda yaşayan heyvan və quşlar, eləcə də suyun duzluluğuna dözə bilən balıqlar yaşayır. Urmiya gölünün duzlu suyu və palçığı həm də müalicəvi xarakter daşıyır. Urmiya gölündəki duzluluq okeanlardakı duzluluqdan iki dəfə çoxdur. Göl duzluluğuna görə dünyada ikincidir. Göründüyü kimi, Urmiya gölü böyük əhəmiyyətə malikdir. Gölün qurudulması Güney Azərbaycanın ikinci böyük şəhəri olan Urmiyanı fars rejiminin yaratdığı təhlükə ilə qarşı-qarşıya qoyub. Gölün qurudulmasının iki – ekoloji və siyasi tərəfi var. Urmiya gölünə axan bütün çayların önü kəsilib ki, bu da gölün sürətlə qurumasına yol açıb. Urmiya gölü quruyarsa, on milyardlarla ton duz bölgənin əkinçiliyini təhdid edər. Məlum olduğu kimi, bu ərazi küləklidir. Məhz buna görə də qısa müddətdən sonra külək duzu bölgənin verimli və əkinçiliyə uyğun olan torpaqlarına daşıyıb bu torpaqları da duzlağa döndərə bilər. Belə olduqda isə gölün 500 km. çevrəsində bütün verimli torpaqlar təhdid altına düşər. Bölgə bütünlüklə duzlaqlaşar. Təbriz özü də yaşanmaz duruma gələr. Nəticədə isə Azərbaycanın bütün verimli torpaqları duzlaşma ilə qarşılaşar. Həmçinin bölgədən başqa yerlərə köçlər başlayar. Bölgə əhalidən boşalar. Zəhərləyici yağışlar yağmağa başlayar ki, bu da bölgədə sözün tam anlamı ilə ekoloji fəlakət yaradar. Məsələnin siyasi tərəfinə gəlincə isə fars rejimi məhz elə bu yolla Azərbaycanlıların ən sıx məskunlaşdığı əhalini oradan köçürmək niyyətindədir. Buna görə ekoloji problem qabardılır. Ərazidən köç edən azərbaycanlıların yerinə isə farsların gətirilməsi düşünülür. Bunun nəticəsi idi ki, İran Milli Məclisində gölün qurumasının qarşısını almaq üçün gedən layihənin müzakirəsi zamanı belə qərara gəldilər ki, Urmiya çevrəsində olanlar köçüb başqa yerlərə yerləşsinlər. Rejimin gizli niyyətini ortaya çıxardı: Ekoloji problem yaradaraq türklərin toplu şəkildə yaşadığı bölgələrdən əhalini boşaltmaq istəyirlər. Bu şəkildə Güney Azərbaycanda milli şüurun yüksəlişini kökündən söndürmək niyyətindədirlər”. S.Əsədlinin sözlərinə görə, Güney Azərbaycan ortaya çıxıb və sürətlə inkişaf edən milli şüur bunun fərqində olduğu üçün xalq Urmiya gölü məsələsini davamlı olaraq gündəmdə saxlamaq istəyir. O, əslində Urmiya gölü məsələsində fars-türk savaşının getdiyin deyib: “Fars zehniyyətinə görə, bölgənin türklərdən boşalması üçün Urmiya gölü qurumalıdır. Buna görə də gölün tamamən quruması üçün hər vəchlə çalışırlar. Bu, bir faktdır ki, fars rejimi bütün məsələlərdə soydaşlarımızın hüquqlarını pozur. Hakimiyyət həmvətənlərimizin heç bir hüququnu tanımaq istəmir. Çöhrəqaninin dili ilə desək, “İran adlanan yerdə yaşayan azərbaycanlıların Avropa heyvanları qədər hüququ yoxdur”. Hesab edirəm ki, biz soydaşlarımızı yalnız buraxmamalı, onların yanında olmalıyıq”.

Aqil LƏTİFOV

“525”-ci Qəzet

Comments are closed.