Güntay Gəncalp
Güneyli mühacir yazar, Finlandiya

Təhlükənin olduğu yerdə qurtuluş düşüncəsi daha açıq ortaya çıxar. Güney Azərbaycanın ikinci böyük şəhəri olan Urmiyə fars rejiminin yaratdığı təhlükə ilə qarşı-qarşıyadır.
Urmiyə keçənlərdə böyük bir tarix yazdı. Rejimin hər növ basqılarına, həbslərinə rəğmən, Urmiyə əhalisi şəhərin meydanlarında milli haqq və özgürlüklərimizi hayqırdı. Urmiyəlı qızlar və oğlanlar “Urmu gölü can verir – Məclis onun qətlinə fərman verir” deyə küçələrdə nümayiş keçirdilər. Rejimin özəl qvardiyası nümayişçiləri hədələyib döyməsinə baxmayaraq, Urmiyəlılar böyük bir başarı qazandılar. Rejimin yaratdığı qorxunc sükutu qırdılar.

Azərbaycanın milli haqlarını dünyaya hayqırdılar. Bir çox həbs edilən olsa da, Azərbaycanın milli haqlarını dünyaya çatdıra bildilər. Urmiyədakı xalq etirazı dünyanın bir çox mediasında öz əksini tapdı.
Güney Azərbaycan milli məsələsi bir də rejimin təşkil etdiyi ekoloji problemlə qarşı-qarşıyadır. Urmiyə gölünə axan bütün çayların önü kəsilmişdir. Bu da gölün sürətlə qurumasına yol açmışdır.

Iran Milli Məclisində gölün qurumasının qarşısını almaq üçün gedən layihə dartışmasında belə qərara gəldilər ki, Urmiyə çevrəsində olanlar köçüb başqa yerlərə yerləşsinlər. Rejimin gizli niyyəti ortaya çıxdı: Ekoloji problem yaradaraq türklərin toplu şəkildə yaşadığı bögələrdən əhalini boşaltmaq istəyirlər. Bu şəkildə Güney Azərbaycanda milli şüurun yüksəlişini kökündən söndürmək niyyətindədilər.

Ancaq Güney Azərbaycan ortaya çıxıb və sürətlə inkişaf edən milli şüur bunun fərqində olduğu üçün xalq Urmiyə gölü məsələsini davamlı olaraq gündəmdə saxlamaq istəyir. Əslində, Urmiyə gölü məsələsində fars-türk savaşı açıqca hiss olunur. Fars zehniyyətinə görə, bölgənin türklərdən boşalması üçün Urmiyə gölü qurumalıdır. Buna görə də gölün tamamən quruması üçün hər iş görürlər.

Türk zehniyyəti bu bölgəni və tarixi vətənini tərk etmək istəmədiyi üçün Urmiyə gölünün qurumasını istəmir.
Urmiyə gölü qurusa, nələr olar? On milyardlarla ton duz bölgənin əkinçiliyini təhdid edər. Qısa müddətdən sonra külək duzu bölgənin verimli və əkinçiliyə uyğun olan torpaqlarına daşıyıb bu torpaqları da duzlağa döndərər. Gölün 500 km. çevrəsində bütün verimli torpaqlar təhdid altına düşər. Bölgə bütünlüklə duzlaqlaşar. Təbriz özü də yaşanmaz duruma gələr. Azərbaycanın bütün verimli torpaqları duzlaşma ilə qarşılaşar.

Bölgədən başqa yerlərə köçlər başlar. Bölgə əhalidən boşalar. Zəhərləyici yağışlar yağmağa başlar. Bölgədə sözün tam anlamı ilə ekoloji fəlakət yaşanar.
Bu baxımdan Urmiyə gölü məsələsi sadəcə, Güney Azərbaycanın problemi kimi görünməməlidir. Bu, fars zehniyyəti xaricində bütün insanlığın ortaq ekoloji problemidir. Bu baxımdan Güney Azərbaycanın milli mübarizəsi bir yönü ilə dünyanın ekoloji problemlərini çözmək üçündür. Indiki durumda bu mübarizənin ön cəbhəsində Urmiyə şəhəri getməkdədir. Urmiyə gölünün qurumasının qarşısını almaq bütün insanlığın borcudur. Insanlıq Urmiyə başda olmaq üzrə Güney Azərbaycanın bu haqlı savaşına səssiz qalmamalıdır.

Comments are closed.