İbrahim Quliyev

Unutdurulan müharibə…

və “Çanaqqalada yüksələnlər” bizi bir daha özümüzə diqqətlə baxmağa vadar edir.

Hansısa bir kitabda oxumuşam ki, dünyanın 5 min illik tarixinin 3 min ili müharibələrdə keçib. Hətta tarixdə yüzillik müharibələr də olub. Uzun illər sovet tarixçiləri bütün müharibələri ədalətli və ədalətsiz deyə iki qismə bölüb, nəticənin yalnız hərbi qüdrətdən, texnikanın gücündən asılı olduğunu iddia edərək məğlubiyyət vəzəfərə qiymət veriblər. Amma bu şərti bölgülərə sığmayan, daha doğrusu, topun, tüfəngin, təyyarənin gücündən asılı olmayan savaşlar da tarixdə az deyil. Siyasət, hərbi strategiya bilmədən döyüş meydanına atılıb, yalın əllərlə düşmən üzərinə yürüyərək haqqa sahib olanlar bu dünya tarixinin qızıl – qırmızı səhifələrini yazıblar. Onlar haqq, əqidə, Allah rizası üçün döyüşərək qanlı köynəklərindən zəfər bayrağı yapıblar.Tanrı ruhlarını özünə qonşu etsin!
Bu günlərdə Sərvaz Həsənlinin çevirməsində Vehbi Vaqqasoğlunun “Çanaqqalada yüksələnlər” adlı kiçik, lakin cild-cild əsərlərdən qat-qat dəyərli olan bir kitabçasını oxudum. Büroşuranı mənə verən professor Vaqif Arzumanlı əsərdən xırda bir epizodu danışmaqla məndə “Çanaqqalada yüksələnlərə” maraq yaratmağa çalışmışdı. Ümumiyyətlə, bu gözəl alim xeyirxah insan olan Vaqif müəllimin xarakterik xüsusiyyətidir. Otağına gəlmisənsə, ya özünün, ya da sevdiyi müəlliflərin kitablarından birini mütləq sənə bağışlayacaq və həmin kitab haqqında nəsə maraqlı birşey danışacaq ki, sən onu bəzək kimi aparıb rəfə qoymayasan, açıb oxuyasan.
Məndə oxudum. Kitabça Sərvaz Həsənlinin “Çanaqqalada yüksələnlər”in ruhu ilə ziddiyyət təşkil edən, daha doğrusu Türkiyənin dünyanın super gücləri ilə müharibədə qələbəsinin səbəblərini, Azərbaycanın isə bir dəstə erməni qarşısında məğlubiyyətini şərtləndirən bir səhifəlik mənəviyyat söhbəti ilə başlayır. S.Həsənli başına gələn kiçik epizodla sanki oxucunu Vehbi Vaqqasoğlunun danışacağı heyrətamiz hadisələrin mahiyyətini daha dərindən duymağa və özümüz barədə düşünməyə çağırır. Mən xatirə toplusu təsiri bağışlayan bu əsəri oxuyub qurtaranda elə bildim ki, Sərvaz özü və onun körpə övladı da Çanaqqala döyüşündən indicə çıxıb gəlmiş insanlardır. Hər iki tərəfdə qürur və ləyaqət. Eyni zamanda tərəflər(daha düzgünü cəmiyyətlər) arasında dərin uçurum və ziddiyyət. Mustafa Kamal əzilmiş, tam müflis vəziyyətə düşmüş Türkəyədə ərlərini itirmiş qadınlara üzük bağışlayaraq onların bu itkilərini ovutmağa, qürurlarının sınmasının qarşısını almağa çalışdığı halda, Azərbaycan ziyalısı varlı məmləkətdə övladının müalicəsi üçün pul tapa bilmir, şəhid arvadları küçələrdə dilənir, keçmiş döyüşçülər 33 manatla ələ salınır. Qısaca desək, bir tərəfdə hər şey insanın sınmasına, digər tərəfdə isə, ruhun yüksəlməsinə xidmət edən böyük tarix.
Yuxarıda dediyimiz kimi, müharibəni tanklardan, təyyarələrdən çox, insan mənəviyyatı, insan qüruru, insan ləyaqəti, inamı, əqidəsi udur. Kitabda maraqlı bir epizod var: Çorçilldən Türkiyə ilə müharibədə məğlubiyyətin səbəbini soruşurlar və dünya siyasətçisi deyir: “Anlamadınızmı niyə məğlub olduq, biz Türkiyədə türklərlə deyil, Allahla savaşdıq, təbii ki, yenilməli idik”.
Seyid Onbaşının təkbaşına 276 kiloluq mərmini qaldırıb topun içinə qoyması da, ayağı kəsilmiş mehmetciyin yataqdan qalxaraq “məni komandanım çağırır” deyə qanı axa-axa cəbhəyə qayıtmaq istəməsi də, ölümə uzanmış qosqoca döyüşçünün birdən-birə “məni qaldırın” deməsi də, Balkanlarda məğlub olmuş döyüşçünün arvadının onu qarşılamağa çıxmaması da böyük iman və inamın, qürur və ləyaqətin, Allah rizasına qovuşmaq ehtirasının verdiyi güc idi. Bu güc iflas etmiş Osmanlı insanlarının Fransa və İngiltərə kimi dünya nəhənglərinə qalib gəlməsinə gətirib çıxardı. Bu gücü isə türk insanının qəlbinə Mustafa Kamal və onun silahdaşları olan digər qazilər qoymuşdular.
İnsan mənəviyyatı hər şeydən güclüdür. Elə ki, onda aşınma, yaxud deqredasiya başladı, onu xilas etmək mümkün olmur. Bu halda o, qul olmağa ağa, əsir düşməyə sahib axtarır. Lap bizim kimi. Bizə məğlub olduğumuzu, sındığımızı bilə-bilə müharibəni unutdurdular. Bizə məğlubiyyətimizə imza atmış insanın ümumbəşəri şəxsiyyət olduğunu zorən həzm etdirməyə çalışdılar, bizə heçnəyə qadir olmadığımızı sübut etdilər.Biz “Çanaqqala yüksələnlər”ə yalnız qibtə edə, həsəd çəkə bilərik. Bir hədisdən belə bir cümlə oxumuşam: “İnsanları zəlalətə aparanları bütə çevirənlər, onlardan Allah qayırmaq fikrinə düşənlər kafirlərdir”.
Bir sözlə, “Çanaqqalada yüksələnlər” bizi bir daha özümüzə nəzər salmağa, Allah sevgisi üçün təkcə müqəddəs yerləri ziyarət etmək deyil, həm də öz torpağımıza bir ziyarətgah timsalında baxmağa və şəhadət günü onun uğrunda nə etdiyimiz sorularkən nə cavab verəcəyimizi düşünməyə vadar edir.
Axı, vətən sevgisi də imandandır.

Comments are closed.