Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlının Bakıda səfərdə olan Xarkov Farmasepiya Universitetinin rektoru, Ukrayna EA-nın müxbir üzvü Valentin Çernix və universitetin prorektoru, tibb elmləri doktoru Sergey Popovla VHP-nin mərkəzi ofisində görüşü keçirildi.

Qonaqların vizitindən məmnunluq ifadə edən Sabir Rüstəmxanlı Ukrayna və Azərbaycan arasında mədəni, iqtisadi və siyasi əməkdaşlığından danışdı və ziyalıların qarşılıqlı səfərlərinin bu münasibətlərin inkişafına xidmət etdiyini söylədi. Son illər ali məktəblərimizin maddi-texniki bazasının kifayət qədər müasirləşdiyini önə çəkən S.Rüstəmxanlı təhsilin hələ arzulanan səviyyəyə gəlib çatmadığını da bildirdi: “Təəssüf ki, Azərbaycan hakimiyyəti İranla əlaqələri əsas gətirərək, güneyli soydaşlarımızın ölkəmizdə ali təhsil almasına daha normal şərait yaradılmasına çalışmır. Buna görə də soydaşlarımızın Avropa ölkələrində, o cümlədən Ukraynada təhsil alması zərurəti meydana gəlir və bu baxımdan əlaqələrimiz həm də bizim maraqlarımıza uyğundur”.

Sabir Rüstəmxanlı kimi məşhur simanın onları qəbul etməsini yüksək qiymətləndirən rektor Valentin Çernix təbii sərvətlərin Azərbaycanı çox inkişaf etdirdiyini söylədi: “Mən 30 il əvvəl sizin ölkənizdə olmuşam və bu səfərimdə ölkənizin simasının tamamilə dəyişdiyini müşahidə edirəm. Əlbəttə, bütün bunlar sizin maddi resurslarının qüdrətindən xəbər verir. Ancaq bu sərvət həm də insan kapitalına çevrilməlidir. Çünki xalqın tükənməz sərvəti yalnız onun vətəndaşları, təhsilli gəncliyidir”.

Valentin Çernix Dumanın deputatı olarkən, universitetlərin daxilində farmaseptika ixtisasını tədris etmək təşəbbüsü qaldırdığını və yalnız bundan sonra Ukraynada bu sahədə vəziyyətin nisbətən normallaşdığını söylədi: “Hesab edirəm ki, Azərbaycanda da bu sahəyə diqqət artırılmalıdır. Çünki yalnız bir universitet daxilində yetişdirilən mütəxəsislərlə bu sahədəki boşluğu doldurmaq mümkün deyil”.

Görüşün sonunda simvolik hədiyyələr təqdim edildi.

Comments are closed.