Milli Şura ideyasına dəstək verən partiyalardan biri Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdır. Ötən gün Türkiyədən Azərbaycana dönən Sabir bəy “Yeni Müsavat”ın həm Milli Şura ətrafında gedən proseslər, həm də Türkiyədə son günlər yaşananlarla bağlı suallarına cavab verib.

– Sabir bəy, Vətəndaş Həmrəyliyi Partiyası Milli Şura ilə bağlı qərar veribmi?

– Bu məsələ ilə bağlı Milli Şuranı yaradan qüvvələrlə danışıqlar olub. Vətəndaş Həmrəyliyi Partiyası hər zaman milli-demokratik düşərgənin birliyinin birmənalı tərəfdarıdır. Azərbaycan son 20 ildəki siyasi həyatından belə birliklər çox olub, ancaq birlik tərəfdarı olduğunu təmtəraqla söyləyən qüvvələrin çoxunun ucbatından o birliklər dağılıb, nəticə əldə edilməyib. Bütün bunlara baxmayaraq biz hər zaman vətəndaş həmrəyliyi ideyasına sadiqik və bütün işlərimizi də bu yöndə qururuq. 2003-cü ildəki siyasi proseslər zamanı yaşanan bir sıra oyunları görəndə VHP qoşulmamaq haqqında qərar vermişdi. Ancaq bu gün Azərbaycanda durum tam fərqlidir. Milli Şura tərəfdarlarımızın sayı çoxdur, ona görə də Vətəndaş Həmrəyliyi Partiyası bu proseslərdən kənarda qala bilməz.

– Bir neçə gün öncə Milli Şuranı Milli Məclisdə təmsil etməyə hazır olduğunuzu demisiniz? VHP ilə Milli Şura təsisçiləri arasında gedən müzakirələrdə bu məsələ də gündəmə gətirilibmi?

– Mən Milli Şurada yoxam, mən Milli Məclisdəyəm. Əgər Milli Şura bizim düşündüyümüz kimi milli bir quruma çevrilsə, mən parlamentdə Milli Şuranı təmsil edə bilərəm. Hələlik Milli Şurada VHP təmsil olunacaq. İndiki mərhələdə təmsilçiliklə bağlı dəqiqləşdirmələr aparılır. Ancaq bu iştirak müəyyən şərtlər daxilində olacaq. Əgər Milli Şurada hər hansı xarici dövlətin maraqlarını təmsil edən şəxslər olsa, hər hansı xarici dövlətin diktəsi hiss edilsə, təbii, MHP həmin an Milli Şuranı tərk edəcək.

– Hakimiyyət mediası birmənalı olaraq Milli Şuranı Kremlin projesi kimi qələmə verir. Siz indiki situasiyada belə meyllərin olduğunu hiss edirsinizmi?

– Bir neçə gün idi Türkiyədə idim – medianı izləmək imkanım olmayıb. Bu səbəbdən Milli Şura ilə bağlı son günlər səsləndirilən fikirlərin çoxu ilə razı deyiləm. Əslinə qalsa, Azərbaycanda belə meyllər olub. Siyasi partiyalar bəzi hallarda ölkədən kənardakı qüvvələrə inanıblar. Bu proseslərin nəyə gətirdiyi isə göz qabağındadır. Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycanda demokratik dəyişikliklərin seçki yolu ilə baş verməsinin tərəfdarıdır. Azərbaycanda istənilən dəyişiklik millətin, xalqın iradəsi ilə baş verməlidir. Kənar müdaxilələr bütün hallarda yolverilməzdir. Təbii, Rusiyanın da, Qərbin də, İranın da burada öz maraqları var. Eyni zamanda biz bu gün Qərbin bütünlükdə müsəlman dünyasına münasibətini görürük. Çözülməyən, ildən-ilə dərinləşən problemlərin sayı-hesabı yoxdur. Bu gün Azərbaycana qarşı körükləmə, sıxışdırılma, yenidən parçalama meylləri də göz qabağındadır. Mən həyatımın böyük bir hissəsini Azərbaycanın müstəqilliyinin bərpası, Azərbaycan dövlətinin yaşaması üçün xərcləyən insanam. Ölkədə gedən hər hansı proses Azərbaycanın milli maraqlarından kənar olan kimi mən gücüm daxilində müdaxilə edib durumu Azərbaycanın xeyrinə dəyişməyə çalışmışam. Ona görə də indiki mərhələdə VHP sədri olaraq mən Azərbaycan naminə ölkədə gedən proseslərdən kənarda qala bilmərəm.

– Sabir bəy, Siz Milli Şurada olmadığınızı deyirsiniz. Rüstəm İbrahimbəyov Milli Şuranı öncə fərdlərin birliyi kimi təqdim etmişdi. Daha sonra isə Milli Şura partiyaların, birliklərin qurumuna çevrildi. Bu gün yaşananlardan isə görünür ki, Milli Şuranın tərkibi ilə bağlı tərəddüdlər var. Aydındır ki, istənilən partiyadan Milli Şurada təmsil olunan şəxslər partiyalarının mövqeyini müdafiə edəcək. Bu halda Milli Şura liderlər səviyyəsində yaradılsaydı, sizcə, daha effektli olmazdımı?

– Təbii, Milli Şuraya partiya siyahısı ilə gələnlər hər hansı məsələnin müzakirəsi zamanı daha çox partiyanın fikrini ifadə edəcəklər. Bu da yetərincə normaldır. Milli Şuranın geniş tərkibdə olmasını vacib sayanlar da var, eyni zamanda qurumu beyin mərkəzi kimi görənlər də az deyil. Ancaq beyin mərkəzi istənilən bir qurumun ətrafında da yaradıla bilər. Yaranan quruma kömək məqsədilə belə bir mərkəz formalaşdırmaq olar. Adı strateji araşdırmalar mərkəzi də, beyin mərkəzi də, əlaqələndirmə mərkəzi də ola bilər. Ancaq mən düşünürəm ki, Milli Şura geniş tərkibli, Azərbaycandakı müstəqillik fikrinə sadiq bütün qüvvələri birləşdirən təşkilat olmalıdır.

– Yəni Siz hesab edirsiniz ki, Milli Şurada partiyaların birləşməsi daha uğurlu variantdır…

– Hər halda Azərbaycanda birliklər əsasən fərdlər deyil, partiyaların əsasında yaranır. O baxımdan mənim indiki formatla bağlı hər hansı iradım yoxdur. Hər partiyadan Milli Şurada bir neçə nəfərin təmsil olunmağı heç bir halda ümumi işin ziyanında deyil.

– Milli Şurada ən gərgin müzakirələrin quruma sədrliklə bağlı olacağı bildirilir. Çünki Milli Şura sədri payızdakı seçkilərdə hakimiyyət namizədinin əsas rəqibi kimi düşünülür. Hələlik açıq danışılmasa da bir çox qüvvələr Azərbaycanda yeganə birləşdirici fiqur kimi Ziyalılar Forumunun sədri, eləcə də Milli Şura ideyasının müəllifi Rüstəm İbarhimbəyovu görür? Sizcə, Rüstəm İbrahimbəyov seçkilərdə demokratik düşərgənin namizədi ola bilərmi?

– Məndə olan bilgiyə görə bu haqda hələlik danışıqlar olmayıb. Vahid namizəd məsələsinin indiki halda ikinci məsələ olduğunu bilirəm. İndi tərkibin müəyyən edilməsi mərhələsidir. Məncə, vahid namizəd kim olursa-olsun, səmimi bir birlik ortaya çıxmasa, həmin şəxs nəyəsə nail ola bilməz. İstənilən uğurlu şəxs yalnız üzdə müdafiə olunsa, arxada isə dəstək ala bilməsə qələbədən danışmaq yersizdir. Ona görə də vahid namizədlə bağlı məsələdə həmin şəxsi bütün qüvvələrin səmimi şəkildə müdafiə etməsi şərtdir.

– Sabir bəy, siz Türkiyədən ötən axşam döndüyünüzü bildirdiniz. Bir neçə gündür qardaş ölkədə baş verənləri Azərbaycan da həyəcanla izləməkdədir. Siz nələr gördünüz Türkiyədə, nələr baş verir?

– Türkiyədə son günlər yaşananlar birmənalı xalq hərəkatıdır. Vətəndaşın ekoloji bir məsələ ilə bağlı etirazı hökumətin bu məsələyə gərəkli diqqəti ayırmaması sayəsində bütün ölkəni əhatə edən geniş bir hərəkata çevrildi. Taksim Gəzi Parkı olduqca qələbəlik olan İstanbulda xalqın əsas istirahət makənlarındandır. Hökumətin orada ticarət mərkəzi tikmək qərarı son dərəcə ciddi təpki ilə qarşılandı. Hökumətin Taksimdəki Atatürk Kültür Mərkəzini sökmək qərarı isə səbrləri son həddə çatdırdı. Öncəki günlər xalq çox sakit şəkildə bu projelərə etiraz etdi. Xalq sakit şəkildə parkda ağacların qırılmasına etirazını bildirdi. Heç kəsin əlində nə bir bayraq vardı, nə hökumət əleyhinə şüarlar səsləndirilirdi. Ancaq sonra hakimiyyət vətəndaşları vecinə almadan söküntü işlərini davam etdirməyə başlayınca böyük bir xalq etirazı ilə üz-üzə qaldı. Birdən-birə bütün Türkiyə ayağa qalxdı. 67 vilayətdə yüzlərlə aksiya keçirildi. Hökumət vətəndaşlara qarşı zorakılıq işlədincə, aksiyalar bibər qazı, su şırnaqları ilə dağıdılınca, durum idarəedilməz hala gəldi. Milyonlarla insan, əsasən də gənclik küçələrə çıxdı.

– Telekanallar dolğun informasiya vermədi üçün durum daha çox sosial medya üzərindən izləndi. Ancaq hökumətin interneti də məhdudlaşdırıldığı xəbərləri gəldi. Gerçəkdə bu baş verdimi?

– Bəli. Bir ara Türkiyədə virtual ələmlə əlaqə durduruldu. Ancaq çox güman, mobil telefonlar vasitəsilə bir gün içərisində anlaşaraq gənclər Türkiyəni ayağa qaldırdılar. Ölkə mediasında böyük çoxluq hakimiyyətə yaxın media quruluşları olduqları üçün olayları yalnız ciddi şəkildə qayçılanmış halda efirə verdilər. Bəziləri isə xalqla polis arasında şiddətli qarşıdurma olan zaman ümumiyyətlə susdu. Təbii, bu, çox ağrıdıcı bir durumdur. Ancaq Türkiyə gerçəkləri budur. Bütün səylərə baxmayaraq dünya Taksimdə də, bütün Türkiyədə də nələrin baş verdiyini gördü. Bir çox dünya ölkələrinin aparıcı media orqanları Türkiyədə baş verənləri manşetlərə çıxardı. Türkiyədə çap olunan qəzetlər də baş verənlər xalq hərəkatı kimi dəyərləndirdilər. Türkiyə vətəndaşlarının davranışından belə bir qənaətə gəlinir ki, xalq hökumətin siyasətini bəyənmir, iqtidardakılara “sən özünün, ətrafındakıların, qohum-əqrəbanın mənfəətini düşünürsənsə, mən də küçələrə çıxıb öz sözümü deyəcəyəm” deyir.

– AKP iqtidarı xalqdan son seçkilərdə də böyük səs alıb. Hakimiyyət üçün vətəndaşların belə davranışı sizcə gözlənilən idimi?

– Məncə, gözlənilməz idi. Türkiyə uzun müddət idi belə bir geniş hərəkat görməmişdi. Baş verənlər mənə 1988-89-cu il Azərbaycan xalq hərəkatını xatırlatdı. Türkiyədəki aksiyalarda çox qeyri-ənənvi bir birlik müşahidə olunurdu. Türkiyə cəmiyyətinə bələd olanlar bilir ki, orada hətta fərqli futbol komandalarını dəstəkləyənlərin bir araya gəlməsi problemlidir. Ancaq aksiyalar zamanı nə partiya, nə millət, nə din, nə də digər fərqliliklər qalmışdı, bütün vətəndaşlar eyni mövqedən çıxış edirdi. Ailələr kiçik yaşlı uşaqları ilə mitinqə çıxırdı, sənətçilər komanda halında gəlirdi. Ona görə də hakimiyyətin belə geniş hərəkat yaranacağını ehtimal etməsi inandırıcı deyil. Türkiyə vətəndaşlarının özləti heyrətə gəlmişdilər. Sanki neçə illər toplanan etirazlar hamısı eyni zamanda vulkan kimi püskürdü. Türkiyədə illərdir qəzetlərdə yazılanlar – Ərgənəkon adına generalların kütləvi həbsi, ordunun yıpradılması, Türkiyənin Atatürk xəttindən döndərilməsi meylləri, Konstitusiyaya dəyişikliklər edilməsi cəhdləri, xalqı aşağılamaq siyasəti sanki bir anda cavabını aldı. Aksiyalar başlayana qədər hər kəs düşünürdü ki, millətin müqaviməti qırılıb, on görə hər kəs susur. Ancaq bir neçə gündə xalq hökumətə göstərdi ki, geri çəkilmək, özünün, ölkəsinin, dövlətinin müqəddəratı ilə bağlı susmaq fikrində deyil. Xalqın qarşısını nə polislə, nə gözyaşardıcı qazla, nə su şırnağı ilə almaq mümkün olmadı – sonda hökumət üzr istəməyə məcbur edildi. Yəqin ki, bütün baş verənlərdən sonra Türkiyə hökuməti siyasətinə müəyyən dəyişiklik etməyə məcbur olacaq. Çünki son olaylar göstərdi ki, xalqın iradəsinə qarşı getmək olduqca gözlənilməz olayların meydana çıxmasına səbəb ola bilər.

Aygün MURADXANLI

“Yeni Müsavat” qəzeti

Comments are closed.