Sabir Rüstəmxanlı

Bu yaxınlarda mətbuatda çap olunmuş “Dövlətçilik əxlaqı və ya bizim olmayan adamlar” adlı yazımda bir ifadə var idi. “Millətə öcəşmək olmaz”. Türkiyədə baş verən olayları izlərkən həmin ifadəni xatırladım. Çünki qardaş ölkədə xalqın ayağa qalxmasının bir səbəbi də, Türkiyə mətbuatının yazdığı kimi, uzun illərdən bəri bəzi yönəticilərin çəkinmədən xalqın üstünə gəlmələri, türk mənəvi dəyərlərini hədəf seçmələridir.
Təxminən 15-16 il bundan öncə isə böyük şairimiz Bəxtiyar Vahabzadəyə hücumlar olanda “Millətin əsəb nöqtəsi” adlı başqa bir yazı ilə bu sayğısızlığa etirazımı bildirərək qeyd eləmişdim ki, elə ziyalılar və mənəvi dəyərlər var ki, onlar millətin əsəb nöqtəsidir, onlara toxunmaq olmaz. Hadisələrin gedişində Türkiyə mətbuatında bu iki fikrimlə üst-üstə düşən xeyli yazılar oxudum. Qəzetlərin birində, eyni ilə mənim illər öncə dediyim kimi, millətin “sinir uclarından” bəhs edilirdi. Bu sinir ucu və ya əsəb nöqtəsi bir park da ola bilər, bir torpaq parçası da, bir abidə də, hətta bir insan da. Xalq illər boyu çox şeyə dözər, amma həmin əsəb nöqtəsinə toxunulanda birdən qasırğaya dönər…
Hamımızın öz dövlətimiz kimi təəssübünü çəkdiyimiz, ən böyük güvənc yeri saydığımız Türkiyədə son illərdə baş verən hər bir olay Azərbaycanda da geniş əks-səda doğurur, yanğı oyadır. Bir yandan ölkənin inkişafı ilə qürur duyur, sevinir, bir yandan da terror atəşində qovrulan bölgələrin ağrısını yaşayır, övladını itirən ailələrin göz yaşları içimizə axır, terrorun bir an öncə durdurulmasını arzulayır, orduya, bəzi yurdsevər insanlara yönəli suçlamaların, tutuqlamaların, sonu görünməyən məhkəmələrin nəticələrini bütün türk xalqı ilə birgə səbirsizliklə gözləyirik.
İstanbuldakı Gəzi parkı ilə bağlı xalq ayaqlanması kiməsə təsadüfi iş kimi görünə bilər. Ancaq Türkiyəni və türk xalqını az-çox tanıyan adamlar üçün bu gözləniləndi. Bütün ölkəni bürüyən bu hərəkat öncə xalq arasında ümumi narazılıq, necə deyərlər, “küçə-bazar söhbəti” şəklində, mətbuatda, televiziya verilişlərində, sosial şəbəkədə yayılırdı və bu umumi ovqatın sonucsuz qalmayacağı da göz qabağındaydı…
Xalqın ənənəvi istirahət yeri olan Gəzi parkında alış-veriş mərkəzi tikmək istəyi və ağacların qırılması səbir kasasını daşıran sonuncu damla oldu…
Bu barədə Türkiyə mətbuatında gedən yazıların demək olar ki, hamısında Gəzi parkının əslində bir təkan olduğu bildirilir. Yəni hər şey doğrudan da istanbulluların gələnəksəl istirahət yerinə, “İstanbulun ciyəri” adlandırılan parkda ağacların qırılmasına etiraz kimi başlamışdı, lakin sonra xalqın bu dinc dirənişinə əhəmiyyət verilməyəndə, mitinqə çıxanlar haqqında yetkililərin çıxışlarında aşağılayıcı sözlər səslənəndə, polisin dinc nümayişçilərə qaz saldırısı başlananda ağacqoruma hərəkatı butün Türkiyəni bürüdü və qarşısıalınmaz xalq ayaqlanmasına çevrildi… Yazıların demək olar ki, hamısında vurğulanan budur:
“Nədir bu olay? Kimdir bu insanlar? Bir gecə anidənmi gəlmişdilər? Yoxsa 10 ildir aşağılanmanın, yadlaşdırılmanın, …ikinci bir sinif vətəndaş görülmənin, “bir ovuc” sanılmanın, həyat tərzləriylə, sinir uclarıyla oynamanın yaratdığı bir duyğu addım-addım gətirmişdi onları Gəzi parkına?” (Ərtoğrul Özkök. “Hürriyyət” qəzeti, 3 iyun.)
“…Bu millətin qoyun olduğu, pək çok basqıya, haqsızlığa baxmayaraq səssiz qaldığı, asanlıqla küçəyə çıxmadığı düşünülürdü… İllərcə əsgərdən, polisdən və başını bəlaya soxmaqdan çəkinən çoxluğun asanlıqla bir araya gəlməyəcəyi iddia edilirdi. Milyonların küçəyə tökülməsi ancaq “təşkilati işlərlə” açıqlana bilirdi. Gəzi parkı dirənişi bambaşqa bir Türkiyəni göstərdi bizə”. (Məhvəş Evin. “Milliyyət” qəzeti, 3 iyun).
Belə görünür ki, bu xalq ayaqlanması Türkiyənin mətbuatını da çaş-baş qoydu. “Bu millət əl-ələ verdimi çaşıb qalırsan” adlı başqa bir yazıda eyni ruh davam etdirilir. “Sürprizlərlə doludur bu ölkə. Ormanları yox etdin, səs çıxmadı. Amma bir ağacın ardınca gedərsən. …Baş Qərargah rəisini qapadarsan içəri. Ordu komutanlarını, qüvvət komutanlarını həbsə atarsan. Kardondan ordu yaparsan… Hüququ yıxarsan, məhkəməni bitirərsən, savcı (prokuror) sən olarsan, hakimin yerinə oturarsan. Amma göz yaşlarını silə-silə balkonlarına çıxan o insanların ürəklərində bir böyük məhkəmə qurular və məhkum olarsan”. (Bekir Coşqun. “Cümhuriyyet” qəzeti, 3 iyun).
Türkiyənin normal günlərdə bir-birindən fərqli mövqedə dayanan qəzetlərindən gətirdiyim bu sitatlar xalq hərəkatının mahiyyətini açmağa yardım edir və onun qardaş ölkədə hansı həyəcanla qarşılandığı və necə bir fikir birliyi yaratdığını aydın göstərir.
Meydanlara axan insanların istəyini və məqsədini Əhməd Xaqan “Hüriyyet” qəzetindəki bir cümləsi ilə dəqiq  ifadə etmişdir: “Sadəcə özün kimi olanların özgürlüklərinin qayğısını çəkirsənsə, mən də öz azadlığım üçün ayağa qalxaram”.
Bu, Türkiyədəki xalq hərəkatının başlıca əlamətlərindən biri idi. Öncə parkı qorumaq istəyi, sonra happy wheels demo bütövlükdə türk kimliyinin, türk varlığının, Atatürkçülüyün, milli heysiyyatın, Vətən bütövlüyünün müdafiəsinə qalxma!
Etirazın, dirənişin bir gündə ölkənin 67 elinə yayılması,  meydanlara  milyonlarla insanın axması Türkiyə tarixində görünməmiş bir işdir. Mən Ankaradaydım. Xalqın toplandığı Qızılayın, aşağı-yuxarı, 200 metrliyindəki bir oteldə qalırdım. Meydana tələsən və ordan qovulan gəncləri izləyir, onlarla söhbət edirdim. Ara-sıra meydana yaxınlaşsam da, atılan qaz bombalarının təsirindən gözümün və boğazımın yanması məni geri dönməyə məcbur edirdi. Otelin foyesində  gözlər yaşarırdı, otağın pəncərəsini açsam, orda qalmaq olmazdı. Meydan tərəfdən atılan qaz bombaları   önümüzdən vızıldayıb keçir, gəncləri qovan polislər ara-sıra otelin önünə kimi gəlirdilər. Gənclər qaçır, sonra yenidən geri dönürdülər. Ya da gedənlərin yerinə yeni axınlar doldururdu meydanı. Gecə-gündüz arasıkəsilməz, idarə olunmayan, lakin nizamli, inadlı bir hərəkət vardı Ankarada. Təkcə Qızılay deyildi, şəhərin bir çox meydanları dolub-daşırdı. Gənclər qaz bombasının üstünə gedirdilər – gülləyə uçan ilan kimi. Meydanı dolduranların aramsız hərəkətində bir qarışqa çalışqanlığı vardı. Elə ilk gündən doyunca “qaz yeyəcəklərini” nəzərə alıb, müdafiə üsullarını da düşünmüşdülər. Hamının üzündə maska, əllərində su… Maskası olmayanlar baş örtükləri və şarflarıyla qorunmağa çalışırdılar.
Gördüyüm bu mənzərə 1988-ci ilin noyabr-dekabr aylarında Bakının Azadlıq meydanında Nemətlə birgə idarə etdiyim mitinqlərin ovqatını xatırladır və ürəyimi qəribə bir kədər bürüyürdü. Ankaranın mərkəzi bibər qazından yanır, amma gənclər geri çəkilmir. Hətta İstanbulda polisə geriçəkilmə əmri veriləndən sonra da Qızılayda polis-vətəndaş qarşıdurması davam edirdi. Səbəbi sadədir. Bura başkənddir, Başbakanlıq, Məclis burdadır, meydanın növbəti addımının nə olacağını bilmək olmaz…
16-17 yaşlı yeniyetmələrin, hətta uşaqların qarşısıalınmaz hərəkəti və əzmkarlığı məni duyğulandırırdı… Bəli Türk gəncliyi budur! Türk xalqı budur! Son illərdə Türkiyədə və çevrədə gedən prosesləri bədbinliklə izləyənlərə, “türk xalqını sındırdılar”, “bu xalq bir də özünə gəlməz, qəddini dikəldə bilməz” deyənlərə, Türkiyənin milli iradəsini sarsıtmağa, onu Atatürk yolundan sapdırmağa çalışanlara bundan gözəl cavab ola bilməzdi!.. Qazdan boğulan, qaçıb otelə sığınan gənclər üz-gözlərini yuyub yenidən meydana qatılırdılar, səssizcə, hay-küy salmadan, gileylənmədən. Üzlərinə baxan kimi onların gördükləri işə nə dərəcədə ciddiyyətlə yanaşdıqlarını başa düşürdün.
…Otelin önündə, pilləkənlərdə oturmuş gənclərlə söhbət edirəm. Konservatoriya tələbələridir – klassik musiqi alətlərində çalanlar, vokalistlər, simfonik orkestrlərdə çalışmağı hədəf seçənlər, bizdəki düşüncəyə görə, Qərbin təsiri altinda yadlaşıb xalqdan uzaq düşmüş gənclər. Suallarıma qısa, amma inamlı cavab verirlər. “Nə qədər davam edəcək mitinqiniz?”  “İqtidar geri çəkilənədək!” “Nə etməlidir iqtidar?” “Bu gün başbakan televizorda meydanlara çıxanları bir ovuc çapoulcu adlandırıb! Qoy xalqdan üzr istəsin!” Qızlar xorla: “Biz çapoulcuya bənzəyirik?” – soruşurlar. “Təbii ki, yox! Amma araqarışdıranlara uymayın, birliyinizi pozmayın! Sizinlə qurur duyuruq”, – deyirəm.
Görünür, nümayişlərin gizli senaristləri də var. Məsələn, qazan-qaşıq çalmaq harda, kimin yadına düşdüsə, bir gündə bütün ölkəyə yayıldı. Psixoloji təsiri çox güclüdür bu hadisələrin. Dostlarımız danışırdılar ki. 14-15 yaşlı uşaqlarını evdə zorla saxlayırlar, “biz də getməliyik” deyərək, ata-analarını biganəlikdə ittiham edirlər…
 Əlbəttə, hər bir hərəkatın başlanğıcı olduğu kimi, sonu da olmalıdır, yoxsa əndazədən çıxar, ondan əyri niyyətlər üçün istifadə etmək istəyənlər çoxalar, düşmən barmağı araya girər. Və son günlərdə bunun bəzi əlamətləri də görünür. Lakin bütövlükdə bu hərəkat böyük bir dərsdir.
Ən böyük dərsi yuxarıda dedim: Xalqa öcəşmək olmaz! Ona sayğısızlıqla yanaşmaq, “mən hakiməm, nə istəsəm onu edəcəyəm, haranı istəyirəm yıxacağam, yaxacağam!” – demək olmaz… Qanunların işləmədiyi, vəzifə sahiblərinin özlərini qanunun yerinə qoyduqları, özlərini qanun kimi apardıqları yerdə, ədalətin bərqərar olmadığı şəraitdə möhkəm və uzunömürlü sabitlikdən söhbət gedə bilməz!
 Xalqla dialoq, onu dinləmək vacibdir… Hakimiyyəti yalnız ordu gücünə qorumaq, milləti vəd və əsassız ümidlərlə uzun müddət aldadıb uyutmaq olmaz! Dünyanın gözündə parıltılı görünməkdənsə, ilk növbədə öz xalqının qarşısına çıx – səmimiyyətlə, olan vəziyyəti, reallıqları gizlətmədən!..
Səhərdən axşama “ləbbey” deyən məmurlara arxalanmaqdansa, acı həqiqəti deyən xalqa, onun nümayəndələrinə güvən!..
Türkiyədə baş verən son olaylarda türk xalqı öz sarsılmaz iradəsiylə yenidən kəşf olundu! Bu hadisələrə kölgə salmaq istəmirlərsə, bu vəziyyətdən türk düşmənlərinin yararlanmasını istəmirlərsə, Türkiyənin Baş bakanı bir an öncə xalqa üz tutaraq bir barış və xalqla hesablaşmaq ruhu sərgiləməlidir. Başqa yol görünmür.
Bütün yad müdaxilələrin gətirdiyi qüsurları nəzərə almasaq, bütövlükdə Gəzi ayaqlanmasını, heç bir tərəddüd etmədən, Türkiyə tarixində yeni bir dövrün başlanğıcı hesab etmək olar…

Comments are closed.