Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə Bakıda baş tutan toplantıya qatılmış türk ölkələrinin gənc yazarları bu gün Azərbaycan Dil Qurumunun başqanı, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlını ziyarət ediblər.
Türkiyə, Qazaxıstan, Özbəkistan, Uyğurustan, Kərkük, Yakutiya, Krım, Qaqauz Eli və s. kimi türk ölkələri və muxtar qurumlarından gəlmiş gəncləri Azərbaycan Dil Qurumunda görməkdən məmnun olduğunu deyən Sabir Rüstəmxanlı Türk Dünyasına baxışları, milli kimliyimizlə bağlı düşüncələrini bölüşdü. Türklərin Balkanlarda, Uyğurustanda, Qarabağda soyqırıma məruz qaldığını, böyük bir ədalətsizliklərlə üz-üzə olduğunu deyən millət vəkili səsimizin eşidilməsi və milli varlığımızın qorunmasında ədəbiyyatın müstəsna rolundan danışdı və bu məsuliyyəti gənc yazarların çəkməli olduğunu söyləyib.
Gənc yazarlarla birgə ortaq əlifba, ortaq türkcə müzakirə olunub. “Doğrudur, buna zaman lazımdır və tədricən bu məsələ təbii yolla öz axarına düşəcək. Amma dünyanın müxtəlif yerlərindən gələn siz gəncliyin Türkiyə türkcəsini bilməyiniz və əsasən bu dildə danışmağınız bir daha təsdiqləyir ki, Anadolu türkcəsi bütün happy wheels demo türk ölkələrində tədris olunmalı və yeni nəsil bu ləhcəni bilməlidir. Sonra Anadolu türkcəsi qan yaddaşımızda yaşatdığımız və müxtəlif ləhcələrdə hələ də qorunub saxlanan sözlərlə zənginləşəcək və nəticədə ortaq türkcəmiz formalaşacaq” – deyə S.Rüstəmxanlı bildirib.
Çıxış edən gənc yazarlar əsərlərini sevə-sevə oxuduqları, milli varlığımızın ifadəçilərindən və Türk Dünyasının canlı əfsanələrindən olan Sabir Rüstəmxanlı ilə görüşü talelərinin tarixi anı kimi dəyərləndirdiklərini bildiriblər.
Milli atributların qarşılıqlı bəxşişindən sonra görüş ədəbiyyat, sənət müzakirələri ilə davam edib.







Comments are closed.