İSTİQLAL MÜBARİZİNİN HƏYAT VƏ FƏALİYYƏTİNƏ HƏSR OLUNMUŞ MÜKƏMMƏL ƏSƏR

Özünü tanımayan, keçmişini, tarixini bilməyən və yaxud unudan, özünə və öz keçmişinə, tarixinə hörmətlə yanaşmayan insan, ictimai toplum ətraf-aləmdən anlayış, diqqət və hörmət uma bilməz. Zəngin tarixi təkamül yolu keçmiş, dünya mədəniyyət xazinəsinə dahi, bənzərsiz şəxsiyyətlərin irsini, ulu dövlətçilik tarixinin uğurlarını bəxş etmiş Azərbaycan xalqı bir çox dönəmlərdə özünün əzəmətli tarixini öyrənmək, bu tarixi obyektivcəsinə tarixi gerçəkliklərə uyğun olaraq araşdırmaq, özünü ətraf aləmə tanıtmaq, xalqın təkamül tarixində silinməz iz qoymuş şəxsiyyətləri layiqincə dəyərləndirmək imkanlarından məhrum olmuşdur. XIX əsrin ilk onilliklərində Azərbaycan dövlətçiliyinin itirlməsi, Vətənimizin şimal qisminin işğal olunaraq Rusiya imperiyasının tərkibinə daxil olunması, müstəmləkəyə çevrilməsi, 1918-1920-ci illərin qısamüddtəli azadlıq fəaliyyətindən sonra Sovet Rusiyasının işğalına məruz qalaraq yenidən müstəmləkə halına salınması, 1991-ci ilin sonralarından bu əsarətdə qalmağı həmin məhrumiyyətin başlıca səbəbi kimi dəyərləndirilir. Bu məqamda XIX əsrin məhşur alman mütəfəkkiri Hegelin fikri yada düşür: “Dövləti olmayan xalqın əslində tarixi də yoxdur!” (Kuzneüov V.N.Nemeükaə, «Klassiçeskaə filosofiə XVIII – naçala XIX vv. Moskva, 1989, str. 381»)

XX yüzilliyin 90-cı illərin əvvəllərində müstəqil dövlətçiliyi yenicə bərpa etmiş Azərbaycan cəmiyyətində XIX əsrin sonlarında XX əsrin əvvəllərində təşəkkül taparaq xalqın ictimai-siyasi, mədəni, mənəvi yüksəlişi, siyasi müstəqqilliyi uğrunda əvəzsiz xidmətlər göstərmiş, lakin ömrünün son qismini mühacirətdə keçirməli olmuş fədakar, bənzərsiz tarixi şəxsiyyətlərin zəngin elmi, bədii irsinə böyük maraq vardı. Xalqın Azərbaycan istiqlalına sadiq qalmış qismində bu görkəmli şəxsiyyətlərin elmi, ədəbi irsinə “müraciət”, “qayıdış” faktları həmin zamanın diqqəti cəlb edən gerçəkliklərindən idi. Ötmüş əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan xalqı yeni istiqlal məqamının əzəlini yaşayırdı, insanların düşüncəsində, fəaliyyətində müstəqillik ovqatı vardı. Azərbaycanın siyasi müstəqilliyə yeni qayıdışı istiqlal məfkurəsini bitkin ideologiya, təlim halına gətirmiş şəxslərin irsinin xalqa tanıdılması ilə müşaiyət olunurdu.

Tarixi şəxsiyyətlərin xidmətləri ilə bağlı olan mühakimələr onların müasir tələblərlə müqayisədə etmədikləri, edə bilmədikləri əsasında deyil, öz sələfləri ilə müqayisədə əldə etdikləri yeniliklərə, uğurlara istinadən yürüdülməlidir. Xüsusilə qeyd olunmalıdır ki, XIX əsrin II yarısında – XX əsrin ilk onilliklərində yaşayaraq gərgin ictimai-siyasi, mədəni-mənəvi, ideoloji, bədii fəaliyyət göstərmiş Vətən övladları (H.Zərdabi, M.Ə.Sabir, Ə.Hüseynzadə, C.Məmmədquluzadə, Ə.Ağaoğlu, Ə.Topçubaşov, F.Xoyski, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyov və b.) öz sələfləri ilə müqayisədə nəinki daha əzəmətli yeniliklər etmiş, uğurlar qazanmış, öz aktuallığını hətta XXI əsrdə də itirməmiş, irs qoyub getmişlər. Təəssüf ki, ötmüş əsrin 90-cı illərinin əvvəllərində həmin fədakər Azərbaycan övladlarının bu irsinin xalqa və beynəlxalq ictimaiyyətə tanıdılması prosesi məntiqi sonluğadək davam etmədi. Bu məqamda dahi Azərbaycan bəstəkarı, mədəniyyət xadimi, musiqişünası, dramaturqu, publisisti Üzeyir Hacıbəyovun (1885-1948) 1908-ci ildə “Tərəqqi” qəzetində nəşr olunmuş “Biz və dövr iş görürük?” adlı felyetonunun başlıca müddəaları yada düşür. Azərbaycan milli psixologiyasına dərindən bələd olan Üzeyir bəy Hacıbəyov ürək ağrısı ilə yazmışdı: “Biz bir iş görmək istədikdə bir şeyi yadımızdan çıxarırıq. O şey nədir? O şey nərdivandır! Necə yəni nərdivan? Nərdivan nədir? Nərdivan bir alətdir ki, onun vasitəsilə adam tədricən yuxarı çıxa bilər. Hər kəs nərdivansız yuxarı çıxmaq istəsə, elə yıxılar ki, təpəsi dağılar. Bu belə! Bundan başqa bir də biz həmişə başımızdan yekə iş görürük”  (Üzeyir Hacıbəyli, “Seçilmiş əsərləri”. Bakı, 1985. s. 384; Üzeyir Hacıbəyli, “Ordan-burdan”. Bakı, 1981. s. 112-114). Bir işi tamamlamadan digər bir işə keçid etmək və bütün keçidlərdə natamamlıq faktları saxlamaq kimi böyük bir problem hal-hazırda da Azərbaycan gerçəkliyi üçün aktualdır (X.Qasımov, “M.Ə.Rəsulzadənin elmi-ədəbi irsində orta çağların Azərbaycan mədəniyyəti məsələləri”. Şah İsmayıl Xətai, “III elmi-parktik konfransının materialları”, Bakı, 2008. s. 55).

Özümüzü, keçmişimizi, tarixi şəxsiyyətlərimizin həyat və fəaliyyətini, irsini öyrənmək, ətraf aləmə tanıtmaq, araşdırmaq, sahələrində natamamlığa, fasiləyə yol verməklə tədricən qloballaşan çağdaş dünyada Azərbaycan özəlliklərini itirmək olar. Tarixi elmlər doktoru, professor, çağdaş Azərbaycan ictimai-siyasi, mədəni həyatında görkəmli yeri olan C.P.Həsənlinin “Tarixi şəxsiyyətin tarixi: Əliməranbəy Topçubaşıv”(Bakı, 2013) adlı monoqrafiyası bu baxımdan diqqəti xüsusilə cəlb edir. C.P.Həsənlinin 12 fəsildən və 80 yarımfəsildən (paraqrafdan) ibarət olan bu kitabı Azərbaycanın böyük dövlət xadimi Əlimərdanbəy Topçubaşovun (1863-1934) həyatına və fəaliyyətinə həsr edilmiş, eyni zamanda rus dilinə tərcümə olunaraq 2014-cü ildə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində nəşr olunmuşdur. Əlamətdar haldır ki, bu irihəcmli, dərin məzmunlu monoqrafiya görkəmli Azərbaycan dövlət xadimi Ə.Topçubaşovun bu dünyaya gəlişinin 150, axirətə, əbədiyyətə qovuşmasının 80 illiyinə təsadüf etmişdir.

C. P. Həsənli oxucuları Ə. Topçubaşovun həyat və fəaliyyətinin bütün cəhətləri ilə tanış etmək üçün müxtəlif dillərdə (azərbaycan, rus, türk, ingilis, fransız) olan yazılı qaynaqlara, sənədlərə, elmi ədəbiyyata müraciət etmiş, onları tənqidi sürətdə təhlil etmişdir. Bu məqamda Jorj Klemanso, Vudro Vilson, Duayt Eyzenhouer kimi dövlət xadimləri müxtəlif dövrlərdə, xüsusilə orta çağlarda və müxtəlif ölkələrdə bir çox siyasi xadimlərə həsr olunmuş, əsasən mədhiyyə səciyyəsi daşıyan salnamələri haqqında SSRİ-nin rəsmi dairələrinin sifarişi ilə sovet tədqiqatçılarının ötmüş əsrin 80-ci illərində yazdıqları əsərləri xatırladır. Cəmil Həsənlinin  monoqrafiyası həmin əsərlər, salnamələr kütləsindən tamamilə fərqlənir, müstəsna bir əsərdir, müəyyən şəxslərin, dairələrin sifarişinin nəticəsi deyildir, araşdırma obyekti mədh etmək məqsədinə xidmət etmir. Bu kitab bütün Azərbaycan xalqının sosial sifarişinə uyğun olaraq yazılmışdır, yeni nəslin fədakar sələflərə dərin minnətdarlığının ifadəsidir, onlara olan mənəvi borcumuzun qismən ödənilməsinin parlaq faktıdır. C.P.Həsənli bu monoqrafiyanı yazmaqla xalqın öz fədakar övladlarından birinə – Ə.Topçubaşova bu minnətdarlıq duyğusunu bildirmək, mənəvi borcu qismən ödəmək missiyasını şərəflə yerinə yetirmişdir.

Azərbaycan tarixində ən parlaq şəxsiyyətlərdən biri olan Əlimərdanbəy Topçubaşov  “ömrünün ən azı əlli ilini fasiləsiz və yorulmadan çalışaraq xalq işinə sərf etmişdir” (M.Ə.Rəsulzadənin fikridir – red.). Nəcib nəsildən olmuş Ə.Topçubaşov gözəl ibtidai, orta təhsil almış, təhsilini öncə Sankt-Peterburq Universitetinin tarix-filologiya fakültəsində, sonra isə hüquq fakültəsində davam etdirmiş, əmək fəaliyyətinə Tiflisin dairə məhkəməsində başlamış, 30 yaşında ikən Azərbaycan mətbuatının banisi Həsənbəy Zərdabinin böyük qızı Pəri xanımla ailə həyatı qurmuşdur. Onun həyat və fəaliyyətinin erkən dövrü ilə bağlı olan faktlar öz əksini C.P.Həsənlinin monoqrafiyasının I fəslində tapmışdır. Ə.Topçubaşovun həyat və faliyyətinin Bakıda keçmiş dövrü əsərin II fəslində araşdırılır və oxuculara təqdim edilir. Bu dövrdə o, türk və müsəlman əhalisinin hüquqlarının yorulmaz müdafiəçisi kimi tanınmışdır. Rusiya imperiyasında baş vermiş 1905-ci il hadisələri Ə.Topçubaşovun fəaliyyət məkanını xeyli gücləndirirdi və o, Rusiya imperiyasında türklərin, bütün müsəlman xalqların hüquqları uğrunda mübarizə aparan mütərəqqi qüvvələrin öndərinə çevrildi. Onun bu mübarizəyə həsr olunmuş həyatı öz əksini C.P.Həsənlinin monoqrafiyasının III-VI fəsillərində tapmışdır.

Böyük həyat və mübarizə təcrübəsi olan Əlimərdanbəy Toçubaşov Azərbaycanda müstəqil dövlət qurucularının ön cərgəsində olmuş, Azərbaycan Parlamentinin ilk sədri seçilmiş, Paris Sülh konfransında Azərbaycan Cümhuriyyətinin nümayəndə heyətinə başçılıq etmiş, Versalda öz ölkəsinin qabaqcıl dünya dövlətləri tərəfindən tanınmasına nail olmuşdur. O, ABŞ prezidenti Vudro Vilsonun (1912-1920) qəbul etdiyi ilk Azərbaycan dövlət xadimi idi. C.P.Həsənlinin əsərinin VII-X fəsillərində Ə.Toçubaşovun siyasi, diplomatik fəaliyyətinin həmin mərhələsinin başlıca məqamları araşdırılır və oxuculara təqdim edilir. 1920-ci ilin aprel ayının 28-də “yeniləşmiş” Rusiyanın rəsmi dairələri Azərbaycanda olan mühafizəkar, qyeri-milli qüvvələrin dəstəyinə arxalanaraq, ölkəmizə hərbi müdaxilə təşkil edərək AXC hakimiyyətini devirdilər. Ə.Topçubaşov və onun məsləkdaşları bu təcavüzlə, doğma Vətənin yenidən əsarətə düşməsi faktı ilə barışmadılar. Ə.Topçübaşov ömrünün sonunadək Azərbaycanın siyasi müstəqilliyinin bərpa olunması uğrunda mübarizə apardı. Cəmil Həsənlinin kitabının XI-XII fəsillərində onun bu mübarizə tarixi ilə bağlı olan məqamlar araşdırılaraq nəzərimizə çatdırılır. Monoqrafiyada xüsusilə qeyd edilir ki, o, Qafqaz xalqlarının ictimai-iqtisadi, siyasi, mədəni birliyi ideyasının yorulmaz təbliğatçısı olmuşdur. 1934-cü ilin iyul ayının 14-də erməni siyasi mühacirləri istisna olmaqla Qafqazı tərk etmiş bütün siyasi mühacirlər Qafqaz Konfederasiyasına dair paktı imzaladırlar. Azərbaycan Milli Mərkəzi adından bu paktı Ə.Topçubaşov və M.Ə.Rəsulzadə (1884-1955) imzaladılar. Həmin sənədi qəbul etmiş qüvvələr Sovet Rusiyası tərəfindən hərbi təcavüz yolu ilə Qafqaz xalqlarının siyasi müstəqilliyinə son qoyulmasına qəti etirazlarını bildirir, həmin xalqların siyasi müstəqilliyini bərpa etməkdə, Qafqaz Konfederasiyasını yaratmaqda qərarlı, israrlı olduqlarını göstərirdilər. Lakin XX əsrin 30-cu illərin sonlarına doğru sovet rejiminin “yeniləşmiş” imperiya daxilində öz mövqelərini gücləndirməsi, Avropa ölkələrində fəaliyyət göstərən Qafqaz mühacirlərinin pərakəndə hala düşməsi, xüsusilə 1934-cü ilin noyabr ayının 5-də Ə.Topçubaşovun Paris yaxınlığındakı Sen-Klu məntəqəsində vəfat etməsi bu arzunun gerçəkləşdirilməsini qeyri-mümkün hala gətirdi. Onun dəfni Avropadakı Qafqaz, Mərkəzi Asiya və Rusiya mühacirlərinin əzəmətli nümayişinə çevrildi. Bu mərasimdə çıxış etmiş M.Ə.Rəsulzadə demişdi: “Biz Əlimərdanbəyin vəfatı ilə milli həyatımızda mühüm mərhələni təcəssüm etdirmiş insanla vidalaşırıq, çünki Əlimərdanbəy Topçubaşovun adı bütöv bir nəslin və həyatın müəyyən bir dövrünün sinonimidir”. O, xüsusilə qeyd etmişdi ki, Ə.Topçubaşov “Qafqaz Konfederasiyası ideyasının ilk carçısı olmuşdur”.

Əlimərdanbəy Topçubaşov bu ideyanı hələ 1914-cü ildə, gürcü şairi A.R.Seretelinin (1840-1914) dəfn mərasimində elan etmişdi. M.Ə.Rəsulzadə Ə.Topçubaşovun dəfn mərasimində qeyd etmişdi: “Şübhə yoxdur ki, Qafqaz konfederalistləri onun simasında bu ideyanın ən qocaman nümayəndələrindən birini itirmişlər…  Biz – azərbaycanlılar Əlimərdanbəyin simasında milli hərəkatın müəyyən dövrünün nümayəndəsini, müstəqil Azərbaycanın böyük dövlət xadimini, Azərbaycanın müstəqilliyi uğrunda görkəmli mübarizi itirmişik… O, bu dünyaya mübariz kimi gəlmişdi. Həmin illərdə Rusiya türkləri və xüsusilə azərbaycanlılar özlərinin milli həyatının quruculuğunda, yeni mərhələnin başlanğıcında idilər… O, ömrünün sonuna qədər dili, qələmi, coşqun enerjisi ilə milli mübarizənin müdafiəçisi olmuşdur”.

C.P.Həsənli əsərin “Nəticə” qismində qeyd edir ki, Əlimərdanbəy Topçubaşovun 70 illik həyatından bəhs edən bu kitab bir qədər gecikmişdir. Bu məqamda xalqımızın “gec olsun, güc olsun” deyimini xatırlamamaq qeyri mümkündür. Bir qədər “gecikmiş bu kitab”ın gücü, əhəmiyyəti göz qabağındadır və əsər müəllifinin öz uğuruna sevinməyə, həyatı milli mücadilədə keçmiş sələflərinə tarixçi borcunu ödədiyinə görə fəxr etməyə haqqı var.

XVIII əsrin ilk onilliklərindən XIX yüzilliyin ilk onilliklərinədək xanlıqlar şəklində, pərakəndə halda olmuş, 1918-ci ilin mayınadək Rusiya imperiyası tərkibində qalmış Azərbaycanın siyasi müstəqilliyi 1918-1920-ci illərin tarixi gerçəkliyi olmuş və bu tarixi məqamda xalqımızın aparıcı siyasi xadimlərindən biri, Vətənin siyasi müstəqilliyini hər şeydən uca tutmuş Ə.Topçubaşov olmuşdur. Bu, onun Azərbaycan xalqının tarixini, mədəni-mənəvi dəyərlərini dərindən bilıməsi, yaşadığı ekstremal, mürəkkəb, taleyüklü dövrün xalqla bağlı olmuş problemlərini aydın sürətdə anlaması və Azərbaycanın, xalqın inkişaf perspektivlərini düzgün müəyyənləşdirməsi ilə bağlı idi. Ə.Topçubaşov XX əsrin 20-ci ilində yenidən rus (sovet) təcavüzünə məruz qalmış, bu yüzilliyin 70 ilini də müstəmləkə halında yaşamış Azərbaycan xalqının dövlətçilik tarixinin, ənənələrinin əzəmətinə istinadən xalqın siyasi potensialına dərin ümidlər bağlayırdı. O, XX əsrin böyük qismini əsarətlə yaşamış doğma xalqının müstəqil yaşamaq hüququna malik və layiq olduğunu yorulmadan xalqın özünə və beynəlxalq aləmə sübut etməyə çalışırdı. Ə.Topçubaşovun müasiri olmuş M.K.Atatürkün (1889-1938) fikrincə, “əgər bir millət böyükdürsə, özünü tanımaqla daha böyük olu”. (Utkan Qocatürk. “Atatürk”. Bakı, 1991, s.157). Doğma xalqını öz əzəmətinə, xoş gələcəyinə inandırmağa çalışmış Ə.Topçubaşov son nəfəsinədək nəcib ənənlərinə sadiq qalmış, xalqa xidmətin misilsiz nümunəsi kimi millətin qan yaddaşına köçmüşdür.

Ə.Topçubaşov hətta 1918-1920-ci illərdə (Azərbaycan Cümhuriyyəti dövründə) siyasi həyatda, vəzifədə ön mövqelərə çıxmağa can atmamış, xalqa xidməti özünün başlıca vəzifəsi hesab etmişdir. “Millətə əfəndilik (ağalıq – red.) etmək olmaz, xidmət etmək olar. Bu millətə xidmət edən, onun əfgəndisi olur”. (Utkan Qocatürk, “Atatürk”.s.128). Ə.Topçubaşov millətə bütün varlığı ilə xidmət etmiş, zəngin irsi ilə yaxın gələcəkdə də həmin xidmətini davam etdirən bu cür millət “əfəndilərindəndir”. Ə.Topçubaşov şəxsiyyətinin əzəməti Cəmil Həsənlinin iki dildə nəşr olunmuş fundamental əsərində mükəmməl, aydın şəkildə təqdim edilir və düşünürük ki, onun haqqında bu üslebda ikinci bir əsərin yazılması qeyri mümkündür. Azərbaycan tarix elminə bəxş etdiyi bu töhfəsinə görə C.P.Həsənliyə dərin minnətdarlığımızı bildirir və ona yeni uğurlar diləyirik.

 

Xeyirbəy Qasımov,

Dilavər Əzimli

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi əməkdaşları   

Comments are closed.