Azərbaycan ədəbiyyatında adı qranitdən tökülmüş çox yazarlar var. Hamısı da  məhz həyatdan köçdükdən sonra klassik hesab olunublar. Amma öz sağlığında həm modernist, postmodernist, həm də klassik hesab olunan bir ad daha cəlbedicidir. Sabir Rüstəmxanlı adı! Bir dəfə şairin yaradıcılığını analiz edərkən sonda “Sabir Rüstəmxanlı müasir Azərbaycan ədəbiyyatının patriarxıdır!” nəticəsini hasil etdim. Bu fikir əvvəlcə birmənalı qarşılanmadı. Amma sonra çoxları eyni fikri etiraf elədi. Azərbaycanda eyni qədər  gözəl poeziya, həm publisistika, həm də proza nümunələri yarada bilən ikinci bir yazar yoxdur. Digər yazarlarımız bir sahədə yüksək səviyyəli əsərlər yarada bildiyi halda digər sahədə eyni səviyyəli əsər təqdim edə bilməyiblər. Bu çox çətindir deyə. Buna görə də Sabir bəyin təkcə “Xalq şairi” fəxri adı ilə təltif edilməsi tam görünmür. “Göy tanrı”, “Ölüm zirvəsi”, “Difai fədailəri”, “Xətai yurdu” və “Sunami” romanlarından sonra Sabir bəyin həm də Xalq yazıçısı fəxri adını haqq etdiyini düşünürsən. Təəssüf ki, bizdə bir yazara yalnız  bir ədəbi sahə üzrə fəxri ad verilir. Ona da təəssüf ki, Azərbaycanda publisistika sahəsi üzrə ali fəxri ad təsis edilməyib. Halbuki müasir publisistika bir çox məqamlarda poeziya və prozadan daha çox önə çıxa bilir. Hazırda da ədəbi əsər oxucusundan daha çox publisistik yazıların oxucuları var. Mən Sabir Rüstəmxanlını özüm üçün “Ömür kitabı” ilə kəşf etdim. Sonra onun sinəsi Azərbaycan eşqi ilə döyünən çox gözəl şair, daha sonra isə mükəmməl nasir olduğuna əmin oldum. Oxucuları Sabir bəyin “Sunami” romanının sehrindən tamam qurtulmamış, “Əbədi sevda” adlı yeni şeir kitabı ilə qarşılaşdılar. Kitabın tərtibat işlərinə görə “Təhsil-Nəşriyyat- Poliqrafiya” müəssisəsini alqışlamağa dəyər; çox nəfis və yüksək peşəkarlıqla nəşr olunmuşdur. Kitabı oxuyub qurtardıqdan sonra ilk təəssüratım bu oldu ki,“Əbədi sevda” kitabını dəqiq və tam şərh etməklə daha qalın kitablar yaranar. Kitabın hər bölməsi ayrıca bir kitab qədər dəyərlidir. Bölmələrdən  seçmə şeirlərə nəzərən kitab barəsində mükəmməl rəy ifadə etmək çox çətindir.

        “İçimdəki dərd ağacı” bölməsində “Özümə” adlı şeir şairin kimliyinin obrazını yaradır.

                                       Fikri Tanrı yanında

                                       Sözü el amanında,

                                       Ürək dəyirmanında

                                       Kədər üyüdən adam.

        Onu şəxsən tanıyanlar üçün digər şeirlərində əslində Sabir bəyin öz həyatı  misralanır, poetik ifadələrlə təqdim olunur. Şair bu kitaba ayrıca bir ad qoymaq istərdisə onu “Manifest” adlandırması daha dolğun olardı; Sabir Rüstəmxanlının həyat manifesti! Bütünlüklə Vətənə sevgidən  yoğrulmuş, azadlıq mübarizəsində bərkimiş bir şairin şərəfli həyatı. “Torpağı ot deyil, kişi göyərdən Vətən”  üçün “Gərək biz bacaraq qurban verməyi”  deyir şair və “İçindəki dərd ağacına”  söykənir. “Sevincimin nə zamansa ildırımtək vuracağı içimdəki dərd ağacı”  boyda ürək daşıyan şair bir başqa şeirində azadlıq uğrunda şəhid olan hər kəsə ağı deyir, onun dərdini özünküləşdirir. 1990-cı ilin yanvar şəhidlərinə həsr etdiyi misralar daha kövrəkdir.

                          Elə dünən

                          Ilk sevginə doğru yol gedirdin,

                          Ömründə bircə dəfə vəfasız çıxdın –

                          Getdin…sevgilinin yox,

                          Ölümün görüşünə …

      Azərbaycan müstəqillik qazandıqdan sonra milli azadlıq mücadiləsinin indi də  hər kəsin öz içində davam etməli olduğunu önə çəkən şair insan ləyaqətinin daha uca tutulmalı olduğunu vurğulayır. “Hər şeydən daha uca Vətən sevgisidir” deyir.

                       Rütbəsiz yaşamaq olar dünyada,

                       Vətənsiz yaşamaq yaşamaq deyil!

       Qəlbi hər zaman Azərbaycanın ərazi Bütövlüyünə həsrətlə döyünən Sabir Rüstəmxanlı bu kitabında da Cənubi Azərbaycan və Təbriz məhəbbətini nəzmə çəkir, qoca Təbrizi Bakı kimi ayağa qalxmağa çağırır.

                       Qüdrətinə şəkk eləyə bilmədim,

                       Qoca Ərkə ərk eləyə bilmədim,

                       Nə yatırsan, dərk eləyə bilmədim.

                       Ey dünyanı yola salan, Təbrizim,

                       Ey karvandan dala qalan, Təbrizim.

        Cənubi Azərbaycanın paytaxtı sayılan şəhərə digər şairlərimizin yazdığı şeirlərdən fərqli olaraq Sabir bəyin Təbriz poetikasında nisgildən, üzüntüdən və pessimizmdən daha çox mübarizə ruhu, qələbə əzmi və gələcəyə nikbin ümidlər hakimdir. “Məqsədin hara, mənzilin də ora”  deyimi Sabir Rüstəmxanlının  həyat yoludur. Heç nahaq deyil ki, o indi həm də amacı Şimalla Cənubu birləşdirmək olan  Dünya Azərbaycanlıları Konqresinin sədridir. Sabir bəyin bütövlük ideyaları türkçülükdən yoğrulmuşdur. Onun publisistikası  ictimai- siyasi xarakterli şeirlərinə də öz təsirini əsirgəmir və oxucu bir şeirində bir qəzetlik mətləb yükünü anlayır, qəbul edir. Düşmən əsarətində olan torpaqlarımız qarşısında şair özünü xəcalətli sanır və “O torpaq bizləri götürməyəcək!” deyir. Sabir bəyin  namərdliyə, ədalətsizliyə, ləyaqətsizliyə, əclaflığa, rəzilliyə qarşı hayqırtısı təkcə bir şairin deyil, həm də başıpapaqlı hər bir türk kişisinin zəhmidir, hökmüdür.

                                   Peşəsi diz çöküb yalvarmaq olan

                                   Kişi mərhəmətsiz ölsə yaxşıdır.

                                   Əcnəbi payına göz dikən xalqın

                                   Payı Əzrayıldan gəlsə yaxşıdır!

      İnsanlıq adına, türkün böyüklüyünə və soydaşlıq mənsubiyyətinə yaraşmayan naqislikliklərə qarşı şairin qəzəbi və nifrəti kitabdakı şeirlərin bir çoxunun əsas qayəsini təşkil edir. “Qiyamət”, “Fürsət”,”Yasaq”  şeirlərində sanki Sabir bəyin düyünlənmiş yumruqları havanı yarır, misralar happy wheels demo ağzından vulkan kimi püskürür. Amma “Anam”, “Tanrıyla görüş”,”Atam yadıma düşür”, “Ayla üz-üzə”, “Tanrının gözü”,”Bacılarım”, “Anamdan ayrılarkən” adlı şeirlərində şair həlimləşir, titrəyir, çənəsi əsir, sanki səsi pıçıltıya çevrilir.  Kitabın “Sevgimə toxunma” adlı bölməsində biz tamam başqa bir Sabirlə qarşılaşırıq. Buradakı şeirlərində o sinəsi insanlıq, övladlıq, aşiqlik, ərlik, atalıq sevgisi ilə çağlayan bir lirik şairdir. “Gəlmə”,”Səni düşünürəm”, “Səadət”, “Sənin gözlərinlə”, “Səs”,”Sən gələndən”,  ”Qış ovqatı” və “Yaz-payız arası” silsiləsindən olan şeirlər xüsusilə diqqəti cəlb edir, oxucunu duyğulandırır. “Dostların qəlbimdə ucalan yeri” bölümündə şairin aşiq ruhu dünyasını dəyişmiş dostlar, millətin böyük və nurlu simaları barəsində xatirələr, ağılar, mərsiyələr pıçıldayır.

                                    Sızlayır qarşıda payız yelləri,

                                    Sanmasın yenidən doğulacaqdır.

                                    Tufandan yorulmuş dərya kimidir

                                    Özü öz içində boğulacaqdır.

       “Təklik”  bölümündə şair  yüz yaşlı müdrik qoca qədər dərin fəlsəfi duyğulara qapılır, həyat, insan, ölüm  barədə minilliklərə söykənən misralar doğur.

                                   Nə keçmiş, nə gələcək, ömür keçdi an kimi,

                                   Səssizlik örtür məni, qranit yorğan kimi!

        “Qoşmalar, gəraylılar” bölümündə isə Sabir Rüstəmxanlı əlində telli saz tutmuş aşıq kimi meydan sulayır, gözəl deyimlərilə ruhu oxşayır. Bir kitabda bu qədər rəngarəng ampluada çıxış edə bilən şairin bir dünya yüklü təfəkkür və qəlb sahibi olması bir daha aydınlaşır.  Günümüzün acı həqiqətidir, şair var ki, cəmiyyətin normalarına, adət-ənənələrə, tabulara qarşı şoular yapmaqla, televizor ekranlarında məskunlaşmaqla və ya şairlər var ki, yalnız iqtidara və ya müxalifətə yarınmaqla, şair də var ki, şeirlərinə mahnılar yazdırmaqla məşhurlaşır. Sabir Rüstəmxanlı bunların heç birinə uyğun  şair deyil. Amma onun məşhurluq çəkisi qeyd etdiyim yollarla tanınan şairlərin cəm halında hamısından daha ağır gələr. Çünki onun məşhurluğu milyonlarca insanın toplaşdığı ümumxalq  mitinqlərindən, Milli Məclis tribunalarından, dünya tele-ekranlarından və onlarca  ağır çəkili kitabından vəsiqə alır. Sözləri Sabir Rüstəmxanlıya məxsus olan çox az mahnıya rast gəlmişəm. Eldar Mansurovun və Gülər Həsənovun bəstəsində. Təkcə ona görə yox ki, daha çox zövqsüzlüyə xidmət edən əksər müasir mahnılara  onun şeirlərinin dərin məna yükü uyğun deyil, məncə ona görə ki, hər bəstəkarın  Sabir Rüstəmxanlının sözlərinə mahnı bəstələməsinə hünəri çatmır. Hər kəs türkiyəli sənətçi Əhməd Şəfəq olmaz ki! Ona yalnız sinəsi özü qədər müstəqillik, azadlıq, türkçülük atəşi ilə yanan sənətçilər yanaşa bilər. Həm də ona görə ki, Sabir bəyin şeirlərinin öz musiqisi, öz mahnısı var. Barış Manço kimi, Azərin kimi, Araz Gursəs kimi müğənnilər onun şeirlərini götürüb, bir elə əlavə bəstəyə ehtiyac bilmədən, gözəl bir mahnı kimi rahatca oxuya bilərlər.           

                                               “Vətənim yaralı, elim yaralı,

                                                Ürəyim yaralı, əlim yaralı.

                                                Qaçqınam, köçkünəm –

                                                Halımı sorma!

                                                Sıx məni köksünə -halımı sorma!

       Sabir bəyin kitaba daxil etdiyi “Dünya ovcumdadır” və “Poemalar” bölümü ayrıca və geniş diqqət, yozum və şərhlər tələb edən gözəl misralarla zəngindir. Bu bölmələrdəki şeirlər yaşanmış gerçək həyatdan və bir yolçunun çiyninə  atdığı xurcun dolusu ürfandan qidalanır. Bu səbəbdən Sabir bəyin kitabını birnəfəsə və qısa zaman ərzində oxuyub bitirmək mümkün və doğru deyil. Oxuduqca “Əbədi sevda” adlı şeirinin ruhunun bütün səhifələrdə dolaşdığının şahidi olursan. Bu şeir  haqlı olaraq kitabın adı səviyyəsinə qaldırılmışdır. “Əbədi sevda” şeiri  Sabir Rüstəmxanlının öz şəxsində hər bir Azərbaycan türkünün dəqiq həyat amalını kodlaşdırır. “İcazəli cəngavər, qalstuklu qoyunlar mənim ruhumu duymaz!” deyən şair türk ruhunu anlamaqdan ötrü elmli, savadlı olmağı, gənclik və ya ahıl yaşı da əsas tutmur. Bəs o nədir? Onu haram nütfədən  doğulan, haram tikə yeyən, “bir çiçəyin mehrinə sıxılıb ağlamayan”  kəslər anlamaz. Göy`lərə bağlanmayan, sərhədsiz düşünə bilməyən, Çindən Qobustanacan yazılı daşların toz basmış güzgüsünü silib həqiqi tarixi görə və Ərgənəkon  eşqindən yeni günlər  doğa bilməyənlər bir şairin – bir türk oğlu türkün böyük ruhunu duya bilməz.

                                   Altaydan Balkanlara

                                   Tanrıdan Savalana,

                                    uzanan tarix yolu

                                    qopuz simləri kimi

                                    hələ kökdən düşməyib,

                                    biz göylərdən gəlsək də,

                                    yolu mən ağartmışam,

                                    yollar göydən düşməyib.

      Azərbaycan müstəqillik qazandıqdan sonra  ortaya atılmış etnik separatçılar, geriyə dönmək iddiasında olan kommunistlər, demokrat, islahatçı, qlobalist maskası taxmış, faşist təfəkkürlü  qullar, Azərbaycanın müstəqilliyindən bəhrələnməkdə olan “hədiyyə cocuqlar”ı  bu boyük yolu  duya bilməz. Tanrıya qədər yol çəkmək  arzusunda olan böyük ruh  daşıyıcıları olan insanlar əbədi sevda aşiqləridir. Sabir Rüstəmxanlı  onlardan biri, bizim üçün öndə gedənidir. Öndə gedən şəxslərin nurundan yollar işıqlanar, ziyası gələcək günlərə, illərə qədər çatar.

 

                                                                                                  Hafiz Mirzə

                                                                                           www.hafizmirza.com

Comments are closed.