VHP Diasporla İş Şöbəsinin Güney Azərbaycanda həftə ərzində baş verənlərlə bağlı hesabatı: – Ötən iki həftə ərzində Güney Azərbaycan bir sıra hadisələrlə yadda qaldı. Belə ki, avqustun 12-də Güney Azərbaycanın Əhər, Heris və Vərziqan şəhərlərində yüzlərlə adamın ölməsinə, minlərlə insanın yaralanmasına və on minlərlə soydaşımızın evsiz-eşiksiz qalmasına səbəb olan Qaradağ zəlzələsindən bir il ötdü.

Bundan əlavə, Zəncanda avqustun 11-i və 15-də keçirilmiş etiraz aksiyalar nəinki Arazın o tayında, hətta dünyada böyük əks-səda doğurdu. Minlərlə soydaşımızın qatıldığı ilk aksiya dinc şəraitdə keçirilsə də, ancaq İran polisi növbəti aksiyaya müdaxilə etdi və baş vermiş toqquşma zamanı onlarla adam həbs olundu. İnsanlar isə sadəcə Zəncam şəhərində fəaliyyət göstərən iki müəssisənin – Sink və Qurğuşun zavodlarının fəaliyyətinin dayandırılmasını tələb edir, hər iki zavodun ətraf-mühitə xeyli ziyan vurduğunu, xərçəng və digər müxtəlif xəstəliklərə səbəb olduğunu bildirirlər.

Eyni zamanda iki azərbaycanlının daşqalaq edilməklə öldürülmək təhlükəsi qarşısında olduğu barədə məlumat yayılıb. Belə ki, Zəhra Pur Sayi və Əli Sayi Başsız zinada günahlandırılaraq daşqalaq olunmaqla ölüm cəzasına məhkum ediliblər. Bu hökm 2012-ci il dekabrın 16-da onlara elan edilib. Hazırda azərbaycanlı məhbuslar Təbriz şəhərinin mərkəzi həbsxanasında daşqalaq ediləcəkləri günü gözləyirlər. 

Bundan əlavə, avqustun 12-də Təbrizdə azərbaycanlı jurnalist və yazıçı həbs edilib. İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) bir neçə mülki geyimli əməkdaşı Həmid Zare Məhəmmədinin atası evinə gedərək, məhkəmə hökmünü göstərməklə mənzilə daxil olublar və evdə axtarış aparıblar. Azərbaycanlı jurnalistə məxsus kompüter və bəzi şəxsi əşyalar müsadirə edilib, daha sonra əllərinə qandal vurulan H. Zareni özlərilə aparıblar.

Həmçinin Təbrizdə 3 azərbaycanlı keşiş – Fərşid Müdərris Əvvəl, Məhəmmədrza Piri və Yaşar Fərzin No ETTELAAT əməkdaşları tərəfindən həbs edilib. Onlar iyulun 11-də tutulsa da, xəbər indi yayılıb. Onların mənzillərində axtarış aparılıb, bir sıra şəxsi əşyaları müsadirə edilib. Hazırda keşişlərin ETTELAAT-ın təkadamlıq kameralarında saxlanıldıqları bildirilir. Onların həbsinin səbəbləri barədə heç bir məlumat verilmir. Bu vəziyyətdən ciddi narahat olan ailələri dəfələrlə əlaqədar orqanlara müraciət etsələr də, ancaq heç bir nəticə verməyib.

Eyni zamanda azərbaycanlı fəalların növbəti kütləvi həbsi həyata keçirilib. Belə ki, avqustun 22-23-də 15 azərbaycanlı fəal həbs edilib. Onlar Güney Azərbaycan Məşrutə Hərəkatının ildönümünü anmaq üçün Savalan dağında keçirilən tədbirə getmək istəyərkən ETTELAAT əməkdaşları tərəfindən tutulublar. Həbslər Ərdəbil, Xiyov, Əhər və Parsabad (Muğan) şəhərlərində həyata keçirilib. Saxlanılan şəxslər Mənsur Seyfi, Milad Qadiri, Kiyumərs İslami, Səccad Culani, Əli Əhmədi, Meysəm Culani, Əhməd Məhəmmədpur, Mürtəza Qüdrəti, Bəhram Bəradərən, Beytulla Bərzigər, Məhəmməd Xakpur, Cəfər Ağaməhəmmədi, Əli Feyzi, Fəyyaz Kərimi və Əkbər Əbulzadədir. Bundan əlavə, ETTELAAT əməkdaşları azərbaycanlı fəalları həbs edərkən gözləri görməyən S. Culanini təhqir edib və sazını əlindən alaraq sındırıblar. Artıq tutulanların hamısı azadlığa buraxılıb.

Bundan başqa, tanınmış azərbaycanlı yazıçı-publisistin məhkəməsi olub. Məhkəmə prosesi avqustun 22-də Xiyov İnqilab Məhkəməsinin birinci şöbəsində olub. İbrahim Rəşidi (Savalan) hakimiyyət əleyhinə təbliğat aparmaqda və müxalif qruplarla əməkdaşlıqda təqsirli bilinib. Azərbaycan fəal Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən eyni ittihamlarla mühakimə edilərək 1 il azadlıqdan məhrum olunduğundan Xiyov İnqilab Məhkəməsinin birinci şöbəsi işi birləşdirib. Yəni İ. Rəşidi İranın Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsinin də təsdiqlədiyi birillik həbs cəzasını çəkəcək.

Eyni zamanda tanınmış azərbaycanlı vəkil Cavid Hutənkian avqustun 19-da Təbriz şəhərinin mərkəzi həbsxanasından azadlığa buraxılıb. O, zinada günahlandırılaraq daşqalaq olunmaqla edama məhkum edilmiş azərbaycanlı Səkinə Məhəmmədi Aştianinin vəkili olub. C. Hutənkian 2010-cu il oktyabrın 10-da S. Aştianinin oğlu Səccad Qadirzadə və onlardan müsahibə almaq istəyən iki alman jurnalistlə birlikdə ETTELAAT əməkdaşları tərəfindən ofisində həbs olunub. Əvvəlcə ETTELAAT-ın təcridxanasında saxlanılan vəkilin sonradan Tehranın Evin həbsxanasına köçürülərək işgəncələrə məruz qaldığı bildirilir. C. Hutənkian 6 il azadlıqdan məhrum edilib. Təbriz İnqilab Məhkəməsi ona 1 il, Təbriz Ümumi Məhkəməsi isə 5 il həbs cəzası verib. Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi hər iki qərarı qüvvədə saxlayıb.

Həmçinin tanınmış azərbaycanlı fəal qandallanaraq xəstəxanaya aparılıb. Belə ki, Ayaq sümüyünə platin yerləşdirilmiş Abdullah (Güntay) Səduqinin ortopedlər tərəfindən müayinə edilməsinə ehtiyac yaranıb. Bir ay əvvəl ayağı şişən azərbaycanlı fəalın müayinəsinə həbsxana rəhbərliyi icazə verməyib. Azərbaycanlı fəalın əli-ayağı qandallı şəkildə xəstəxanaya aparılması onun ailə üzvlərini olduqca kədərləndirib. ETTELAAT əməkdaşları A. Səduqini bu il mayın 13-də evindən aparıb. Azərbaycanlı fəal 2011-ci il avqustun 24-də Təbrizdə iftar mərasimi zamanı Urmiya gölündəki ekoloji fəlakətin aradan qaldırılması ilə bağlı çıxış yollarını müzakirə edərkən 29 azərbaycanlı fəalla birlikdə həbs olunub. A. Səduqi sonra müvəqqəti olaraq zəmanətlə azadlığa buraxılsa da, məhkəmə tərəfindən bir il azadlıqdan məhrum edilib. O, həmçinin bir il şərti həbs cəza alıb.

Bundan əlavə, ötən həftə Təbriz, Ərdəbil və Urmiyada çoxsaylı edamlar həyata keçirilib və dara çəkilənlərin arasında azərbaycanlılar da var.

Bu arada İran dövlət televiziyası il ərzində Urmiya gölünün su hövzəsinin sahəsinin genişləndiyi barədə məlumat yayıb. Xəbərdə bildirilir ki, hazırda Urmiya gölünün sahəsi 3476,94 kv. km-dir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 89,99 kv. km genişlənmə deməkdir. Ötən ilin eyni dövründə Urmiya gölünün su hövzəsinin sahəsi 3386,95 kv. km olub. Bundan başqa, hazırda Urmiya gölündə suyun səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 24 sm qalxıb. Belə ki, indi Urmiya gölündə suyun səviyyəsinin tarazlığı 1270,87 metrdir. Eyni zamanda hazırda Urmiya gölündəki suyun həcmi 12,60 mlrd. kubmetrdir. Ötən ilin oxşar dövründə isə bu rəqəm 11,83 mlrd. kubmetr təşkil edib.

İranın Qərbi Azərbaycan vilayətinin Ekologiya və Ətraf Mühitin Mühafizəsi İdarəsinin müdiri Həsən Abbasnejad isə bildirib ki, Araz çayının suyu ilə Urmiya gölünün xilas edilməsi bəhanədir: “Araz çayının suyunun Urmiya gölünə axıdılması layihəsi yalnız kənd təsərrüfatı, sənətkarlıq və turizmi inkişaf etdirmək məqsədilə həyata keçirilir. Bu layihəni belə bir məqsəd üçün reallaşdıran şəxslər Urmiya gölü quruyandan sonra bölgədə artıq kənd təsərrüfatının məhv olacağını bilmirlər? Hazırda Urmiya gölünün yalnız 1/3 hissəsi qalıb: “Həmin hissə də quruyanda yerində qalacaq duz kütlələri Azərbaycan, Kürdüstan, Məşhəd və Tehran vilayətləri də daxil olmaqla bütün İranı əhatə edəcək”.

Bundan başqa, İran hökuməti Urmiya gölünü ekoloji fəlakətdən xilas etmək üçün işçi qrupu yaradıb. İran Nazirlər Kabinetinin yeni tərkibinin avqustun 18-də keçirilmiş ilk iclasında belə bir qərar qəbul edilib. İşçi qrupuna İranın Energetika və Kənd təsərrüfatı nazirliklərinin, həmçinin Ətraf mühit və Ekologiya İdarəsinin, eyni zamanda Planlaşdırma və Strateji Nəzarət İdarəsinin nümayəndələri daxildir.

Onlara iki ay ərzində bundan əvvəl aparılmış araşdırmaları və görülmüş işləri nəzərə alaraq yekun sənəd hazırlamaq tapşırılıb.

İranın energetika naziri Həmid Çitçian isə bildirib ki, Urmiya gölündəki mövcud vəziyyətə diqqət göstərmək rəhbərlik etdiyi qurumun ən başlıca prioritetlərindəndir: “Urmiya gölü problemi qısa müddətdə nazirliyin iş planına daxil ediləcək. İran Energetika Nazirliyi bu gölü yenidən həyata qaytarmaq üçün əsaslı addımlar atmağa çalışacaq”.

 Qeyd edək ki, H.Çitçian əslən Təbriz şəhərindəndir. İran prezidenti Həsən Ruhaninin hökumətində təmsil olunan azərbaycanlı nazirdir.

Comments are closed.