Azər Həsrət (azer@azerhasret.com)

“Bakıda yüz dərənin suyu qarışıb. Biz elə Gəncədən başlamalıyıq. Milli dava üçün burdan etibarlı yer yoxdur.”

“…bir dövlətdə ki, danışmağa, yazmağa izn vermirlər, insanlar zülm və əsarət altındadır, haqq və ədalət unudulub – orda terrordan başqa yol qalmır. Mən cəlladlara və xalqa Allahsızcasına qan udduranlara qarşı terroru qəbul edirəm!”

“İndiki dövlət məmurlarının bəlkə də hamısı alçaqcasına erməni terror dəstələrinə ram olub, onların sifarişlərini yerinə yetirir və məzlum müsəlmanlara amansız cəza verirlər.”

“Ağsaqqal olmaq çətin işdir, bala! Gərək xalqa atılan gülləni sinənə çəkməyi bacarasan! Hamının əvəzinə düşünüb, hamının əvəzinə yanasan!”

“Erməni-rus müttəfiqliyinin arxasında kilsə dayanır! Ancaq bizim mollalar buğda yeyib cənnətdən çıxıblar. Yasin oxumaqdan başqa işləri yoxdur.”

“Anladıq ki, bu hökumətdən bizə əlac yoxdur. Özümüz özümüzə gün ağlamalıyıq. Bu, mənim qəti qərarımdır.”

“…sözümüzü və söz deyənlərimizi qorumaq üçün də güclü olmalıyıq. Ailəmizi, namusumuzu boş əllə qoruya bilmərik. Zaman dəyişilib.”

“Bizim silahsız da görməli işlərimiz çoxdur. Əgər o işləri vaxtında görə bilsəydik, üstümüzə silahla gəlməyə cəsarət eləməzdilər. Sözə sözlə, gülləyə güllə ilə cavab verəcəyik.”

“Biz savaşın, qonşular arasında münasibətlərin pozulmasının, qan tökülməsinin tərəfdarı deyilik; məqsədimiz düşmən hücumlarını dəf etməkdir. Ona görə də ağlıma “Difai” adı gəlib.”

Yuxarıdakı sitatlar Sabir Rüstəmxanlının bugünlərdə təqdimatı keçirilən “Difai fədailəri” bəlgəsəl romanındandır. Adından da göründüyü kimi iyirminci yüzilin başlanğıcında qısa müddətli fəaliyyət göstərən Difai Partiyasının yaranmasına aparan yollar, onun qurulması və gördüyü işlərdən bəhs edir bu bəlgəsəl-roman.

Kitabı dörd gün ərzində oxuyub bitirdim. Özü də zövqlə, böyük acgözlüklə. Oxuduqca o qanlı-qadalı, xəyanət və mübarizə dolu illər gözümün önündən kino lenti kimi gəlib keçdi. Hər səhifəsindən tarix, hətta deyərdim ki, ensiklopedik bilgilər yağan və üstəlik də Sabir Rüstəmxanlının qələmindən çıxan 448 səhifəlik kitab bu millətin hər bir fərdi tərəfindən oxunmalıdır. Oxunmalıdır ki, unutduqlarımızı xatırlayaq, xatırlayıb da necə mübarizə aparmaq lazım olduğunu öyrənək…

“Difai fədailəri” Əhməd bəy Ağaoğlunu baş qəhrəman kimi çox gözəl təsvir edir. Bu böyük şəxsiyyət cahil müsəlmanların uşaqlarını kafir məktəbində oxutmaq istəməməsi üzündən Şuşa məktəbində çoxsaylı erməni uşaqları ilə beş türk balasından biri kimi azlıqda oxumağa məcbur olur. Erməni həmyaşıdları tərəfindən aşağılanmalara və onların böhtanlarına baxmayaraq təhsilini başa vurmağı bacaran, bununla da sakit durmayaraq öncə Peterburgda, sonra da Parisin Sorbonna Universitetində yüksək təhsil alan Əhməd bəy, vətəninə dönüb bilik və bacarığını millətinin tərəqqisi üçün sərf edir. “Terrora terrorla cavab verilməlidir!”, deyən millət fədaisinin çalışmaları sonucunda “Daşnaksütun” adlı erməni terror təşkilatının əl-ayağı yığışdırılır…

Terrorçu ilə terror dilində danışmağı bacaran Əhməd bəy öz savadı, tərbiyəsi, davranışları ilə də hər kəsi məftun edir. Kəsərli qələmi var onun. Almanla almanca, ingilislə ingiliscə, fransızla fransızca, rusla rusca danışır və mədəni avropalıları heyrətə salır…

Kitabı oxuduqca onun mütləq senariləşdirilib ən qısa müddətdə film halına gətirilməsi fikri keçdi ağlımdan. Hətta bir film oyunçusu (aktyor) olmasam da böyük sevgi və həvəslə Əhməd bəy Ağaoğlunun rolunu oynamaq həvəsi yarandı məndə. Bu, sadəcə bir filmdə rol almaq həvəsi deyil, Əhməd bəy Ağaoğlunun düşüncə və davranışlarının qəlbimə yaxın olmasından irəli gəlir…

“Difai fəadiləri”ni xüsusən gənclərimiz oxumalıdır. Bu kitab masaüstü kitab olmalıdır hər kəs üçün…

Bu arada, Sabir Rüstəmxanlının qələmindən çıxan kitab haqqında yazmağın elə də asan olmadığını qeyd etməkdən özümü saxlaya bilmirəm.

Haşiyə: Təxminən on il öncə bir toyda təsadüfən Sabir bəylə bir masa arxasında oturtmuşdular bizi. Az sonra çıxış eləmək lazım gəldi. Öncə sözü təbii ki, Sabir Rüstəmxanlıya verdilər. Ondan dərhal sonra da məni mikrofona dəvət etdilər. Sabir bəyin hər kəs tərəfindən təqdir edilən çıxışından sonra çıxış etməyin asan olmadığını anladığımdan vəziyyətdən çıxmalı oldum: “Gərək mənə Sabir bəydən öncə söz verəydiniz. Çünki ondan öncə danışmaq asan olardı. Ancaq indi nə desəm Sabir bəyin sözündən güclü olan deyil. Ona görə də sadəcə təbriklərə qoşuluram”.

İndi də Sabir Rüstəmxanlının kitabı haqqında yazmağın asan olmadığını anlayaraq elə buradaca yazımı bitirirəm. Yalnız bir əlavəylə: “Difai fədailəri”ni hər kəs oxusun, xüsusən də mübarizə eşqi ilə alışıb yananlar.

S.A. “1918-ci il sentyabr ayının 15-də ağır döyüşlərdən sonra Türk-İslam Ordusu Bakıya girdi. Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, albay Bilal Qarabağlı da Nuru Paşayla yanaşı ordunun önündəydilər.”

Comments are closed.