Sabir RÜSTƏMXANLI

Universitet illərimizdən yadigar bir buklet – dəvətnamə var, “Qönçələr” adlı. Unuversitetin ədəbi məclisi buraxmışdı. Hər dəfə ordakı dostlarımızı xatırlayanda, tələbəlik şəkillərimizə baxanda ürəyim sızıldayır. Hələ yalnız tələbə yoldaşlarımız və ya sayı o qədər də çox olmayan ədəbiyyat həvəskarları arasında tanınsaq da niyyətimizi gizlətmirdik; başımız havalıydı və ədəbiyyata da yeni bir hava gətirmək arzusundaydıq.

Deyəsən ümumuniversitet şeir axşamı ərəfəsində, ya da ədəbi birliyimizin reklamı kimi buraxılmışdı.
O vaxt universitetdə, digər ali məktəblərdə, zavodlarda, yataqxanalarda milli ruhu körükləyən, diqqəti canlı, bədii sözə yönəldən, kitabın təbliğinə xidmət edən belə şeir axşamları tez-tez keçirilirdi və 1988-ci ildə meydanlara axışan insanların çoxu o şeir məclislərindən keçib gəlmişdilər.
“Qönçələr”dəki saf gözləri, gözəl üzləri ilə gəncliyimizin o ümid və sevgi dolu illərini yenidən göz önündə canlandıran, dirildən dostlarımın çoxunu bu gün təqdim etməyə və tanıtmağa ehtiyac yoxdur: Nüsrət Kəsəmənli, Eldar Baxış, Ramiz Rövşən, Seyran Səxavət… Nüsrətlə, Eldar xeyli vaxtdır ayrılıb gediblər; ölüm sözünü artıq sayıram, çünki bir çox canlılardan daha canlıdırlar, sözləri və xatirələri ilə dipdiridirlər. Ramizlə Seyran ömürlərinin ən müdrik, yaradıcılıqlarının ən bəhrəli çağındadırlar.
O şəkillərimizlə bizi qırx beş ildən artıq bir vaxt ayırır. Azdır-çoxdur deyə bilmərəm. Xalqımız bir şər imperiyasından qopmaq, müstəqilliyini əldə etmək xoşbəxtliyi ilə yanaşı, haqsız savaşın faciələrini yaşayır. Yüzildən-yüzilə, minildən-minilə adlamış, ehkamların, sistemlərini çöküşünü, saxta ideologiyaların, qondarma liderlərin əriyib yoxa çıxmasını görmüşük. Bütün bunların ən gözəl salnaməsi və rəsmi dostlarımın yazılarıdır. Nə qədər sarsıntılar yaşasalar da ədəbiyyatımız və gələcəyimiz üçün gərəkli olan bir çox tarixi, mənəvi, psixoloji, poetik məqamları sözə köçürüb yaşatmağı da bacarmışıq.
O dəstənin içində “qönçə” sözünə ən çox layiq olan bir xanım qız da var idi: Rüzgar Əfəndiyeva.
Biz oğlanların ruhu, ovqatı, üsyankar təbiəti ilə qönçə sözü qətiyyən uyğun gəlmirdi. Bu söz təkcə Rüzgara yaraşırdı.
Yaşıla çalan gözləri, uzun, sarışın, bir az da qızılı saçları, incə rəftarı ilə o başqa qızlardan seçilirdi; belələri haqqında “zəmanə adamı deyil” deyirlər.
Rüzgar doğrudan da zəmanə adamı deyildi. Onun öz zaman, məkan anlayışı vardı. Bir şeirində dediyi kimi:

Dünya gözümün içində,
Ömrüm dözümün içində,
Öldüm özümün içində,
Bir misram qolumdan tutdu.

Saçımda ağ ümman yatıb,
Dalğasında zaman batıb,
Hər günümə güman çatıb
Bir misram qolumdan tutdu.

Dünyanı gözünə yığan, ömrün dözmək məcburiyyətindən adlayan, öz içində dirilib öz içində ölən insan bəzən bir şeir misrasının ümidinə qalır. Bu, insan taleyinin şəklidir, eyni zamanda ədəbiyyatın əbədiyyətini, insanın yalnız öz əməyində yaşaya biləcəyini göstərən gözəl bir poetik tapıntıdır. Ancaq onu əlavə eləmək olar ki, Rüzgarın öz qolundan, oxucularının qolundan tutan, özünü yaşadan, oxucularının içini işıqla, gözəl duyğularla dolduran misraları, şeirləri çoxdur.
Biz Rüzgarı şeirindən əvvəl sevmişdik. Hələ bircə misrasını eşitmədən onun saflığını, tərbiyəsini, sakit danışığını, solğun, titrək təbəssümünü, bizlərdən və dünyadan çox öz içinə baxan baxışlarını dəyərləndirmişdik… Bilirdik hansı evə getsə, hansı ocağa bağlansa ora xoşbəxtlik aparacaq…
Rüzgar şeir oxumaqdan çox dinləməyi xoşlardı. Bizə ilk dəfə hansı şeirini təqdim etdiyini də xatırlamıram, ancaq mənə elə gəlir onun şeir ömrü, ədəbi taleyi o vaxt oxunandan dillərə düşən aşağıdakı misralarından başlamışdı:

Tənə də, giley də yersizdir daha,
Qaytar o alışan, yanan eşqimi.
Sənin ki ürəyin buz bağlayıbdır
Qaytar o üşüyən, donan eşqimi.
Mənim üəryimdə dünyaya gəlib
Sənin ürəyində sönən eşqimi…
                (“Qaytar eşqimi”)

Yeri gəlmişkən, bilmirəm “525-ci qəzet”-də “100 gözəl sevgi şeiri”silsiləsindən yazdığı esselərlə televiziyaların bayağı meyxana və kiflənmiş qəzəl təbliğatı mühitində boğulan gənc oxucunun diqqətini əsil sevgi poeziyasının gözəlliyinə, zəngin duyğular və ruh fədakarlığı ənənələrinə yönəltməyə çalışan istedadlı yazıçı Pərvin öz layihəsinə uyğun Rüzgarın şeirləri ilə maraqlanıb yoxsa yox! Maraqlansa bu şeir haqqında “525-ci qəzet”in bir səhifəsini dolduran bir esse yazardı.
Çünki bu altı misrada bir adama yox, milyonlarla insana xas olan və doğrudan da, düşündürən sevgilər tarixçəsi, çoxlarının keçdiyi yol, məhkumluq troyektoriyası var və Rüzgar bunu yığcam şəkildə gözəl ifadə edib.
Rüzgarın qələmində, yazısında min illik qadın poeziyamızın ənənələri yaşayırdı: ana-bacı taleyi, qadın fədakarlığı, saf məhəbbət, sədaqət, ocağa bağlılıq, övlad sevgisi, insan ruhunu təbiət gözəllikləri ilə iç-içə görüb təsvir etmək. O da hamı yazan mövzulardan yan ötə bilmir: ömrü də yaz-payız fəsillərindən keçirən dünya və onun gözəllikləri – dağı, aranı, yolu, aylı gecələri, yağışı, qarı, çiçəkləri onu da duyğulandırır.
Ancaq Rüzgar bütün bunlardan və bir çox başqa mövzulardan məhz öz səsi və ahəngiylə, fərqli poetik dillə danışır.
Uzun müddət nə yazdığından, necə yazdığından xəbərsizdim. Sağlığında nəşr etdirdiyi “Yol gedirəm” kitabı dünyasını dəyişəndən sonra çatdı mənə. Oxudum və insan təbiətinin dəyişilməzliyinə, ardıcıllığına heyrətləndim.
Gördüm Rüzgar ədəbiyyata hansı sevgiylə, hansı səmimiyyətlə gəlmişdisə – eləcə də gedib. İlk şeirləri ilə son şeirləri eyni eşqlə, eyni kədərlə, eyni səmimiyyətlə yazılıb.
Əslində bu üç söz – səmimiyyət, sevgi və kədər onun yaradıcılığının mayasıdır.
O qədər boynumu bükmüşəm ki, mən,
Bilsə bənövşələr çəmənə çıxmaz!

Rüzgar Əfəndiyeva universitetə, ədəbiyyat dərnəklərinə doğrudan da boynubükük zərif bənövşə kimi gəlmişdi. Təəssüf ki, bənövşə taleyi yaşamaq, milli taleyimizin gətirdiyi boynubüküklük duyğusu ondan ömrünün sonuna kimi ayrılmamışdı.
Rüzgarın kəndlə, təbiətlə, içindən keçib gəldiyimiz günlərin müxtəlif rəngləri, yaşantıları, olayları ilə bağlı gözəl şeirləri var: “Kənd uşaqları”, “Gecə açan çiçəklər”, “Yol gedirəm”, “Gördüm payızdı”, “Şuşam” və s. Ancaq, şübhəsiz, o ilk npövbədə bir sevgi şairəsiydi.
Təsadüfi deyil ki, şeirlərinə çoxlu bir-birindən gözəl mahnı bəstələnib.
Onun mahnı janrının ustadlarından olan bəstəkar Oqtay Kazımi ilə əməkdaşlığı bu gün populyar olan bir çox gözəl mahnının yaranması ilə nəticələnmişdir.
Son kitabında həm Oqtay Kazımi, həm də Elza İbrahimova, Nəriman Məmmədov, Bahadur Hüseynov və Hüseynağa Qurbanovun bəstələdiyi şeirləri də yer alıb.
Rüzgarın mahnıları minlərlə ürəyin məhrəm duyğularının ifadəsidir.
Bir əhvalat danışmışdılar mənə. Xaricdən gələn qonaqları qaçqın düşərgəsinə aparırlar. Gəzib, baxır, camaatla söhbət edirlər; onsuz da faciənin dərinliyi göz qabağındadır.
Geri dönəndə qaçqın şəhərciyindən çıxan yolun üstündə bir uşaq görürlər. Uşaq onlara əhəmiyyət vermədən, daşın üstündə cırıq şalvarından çıxmış dizini qucaqlayıb öz-özünə oxuyurmuş:

Gəzdiyin yerləri çox dolanmışam,
Eşqinin oduna gizli yanmışam,
Artıq bahar deyil, qarlı bir qışam
Odlanıb yansan da axtarma məni!

Bu, vəziyyətdə yaşayan, yarıçılpaq uşağın səsindəki toxluq və cingilti, ruhu göylərə cəkən sehir, hamını ayaq saxlamağa məcbur edir. Uşaq öz işindədir:

Çıxıram dağlara, ay gülüm, sənsiz,
Daş da qəribsəyir dumansız, çənsiz,
Dolan bu dünyanı, get, dolan mənsiz,
Peşiman olsan da, axtarma məni!

Gələnlər gözüyaşlı ayrılırlar ordan. Bu Rüzgar Əfəndiyevanın sözünün sehridir.
Səsim ona çatsaydı deyərdim səni axtarmağa ehtiyac yoxdur.
Misraların oxucularının dilində, özün də doğmalarının, oxucularının arasında, sonu olmayan yoldasan.

Comments are closed.