Bu il keçiriləcək parlament seçkilərinə cəmi 9 ay vaxt qalıb. Ancaq həmin seçkidə kimlərin və ya hansı siyasi partiyaların iştirak edəcəyi hələlik bilinmir.
Maraqlıdır, partiyaların gənc fəalları öz namizədliklərini 2015-ci il parlament seçkilərində irəli sürəcəklərmi?
Bununla bağlı AzNews.az partiyaların gəncləri ilə əlaqə saxlayıb.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Təşkilat Komitəsinin rəhbəri Samir Əsədli də parlament seçkilərinə qatılacağını deyib: “Qərarım belədir ki, 64 saylı Sabirabad İkinci Seçki Dairəsindən namizədliyimi irəli sürüm. Artıq bu barədə VHP-nin Sabirabad rayon təşkilatı ilə məsləhətləşmələr aparıram”.

Müsavat partiyasının tanınmış fəallarından olan Tural Abbaslı bildirib ki, 2015-ci il parlament seçkilərində namizədliyini irəli sürəcək: “Çox böyük güman ki, bu dəfə də 2010-cu ildə olduğu kimi namizədliyimi 21 saylı Nəsimi Seçki Dairəsindən irəli sürəcəm”.

REAL hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı bildirib ki, seçki ilə bağlı hələ qərar verməyib: “Biz hələ namizədlərlə bağlı qərar verməmişik. Umumiyyətlə, hərəkat seckidə iştirak edəcək”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) gənclər üzrə müşaviri Sərxan Çarçiyev isə vurğulayıb ki, parlament seçkilərində partiya olaraq iştirak ediləcək: “Amma fərd olaraq hələ müəyyənləşdirməmişəm. Əgər müzakirələr olsa və məsləhət bilinsə 106 saylı dairədən namizəd olacam”.

Bahar RÜSTƏMLİ
AzNews.az

Comments are closed.