Sosial şəbəkələr insanların sosiallaşması, biri-biri ilə əlaqə qurması üçün çox önəmlidir. Son dövrlər həm də siyasilərin diqqətini çəkən sosial şəbəkələrin istifadəçiləri, günü- gündən artır. Dünya ölkələrinin əksər siyasiləri, hətta ölkə prezidentləri də sosial şəbəkələrdə fəaliyyət göstərir, müəyyən məsələlərə münasibət bildirirlər. Azərbaycanda da bu ənanə artıq formalaşmağa başlayıb. 

Bəs Azərbaycandakı mövcud siyasi partiyaların fəaliyyətində sosial şəbəkələrin rolu hansı səviyyədədir? 

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Gənclər Təşkilatının sədri Samir Əsədlibildirib ki, sosial şəbəklərdə ən aktiv partiyalar VHP, Müsavat və AXCP-dir:

“İndiki internet əsrində siyasi partiyaların sosial şəbəkələrdəki fəaliyyəti çox mühümdür və son illərdə siyasi təşkilatlar demək olar ki, təbliğat işlərini sosial şəbəkələrdə aparır. Demək olar ki, “Tvitter” və “Facebook”da siyasi partiyaların fəaliyyəti və təbliğatı ilə bağlı, müntəzəm olaraq məlumatlar yayılır. İnternetdə aktiv olan insanlar operativ olaraq, partiyaların fəaliyyətindən xəbər tutur. Həmçinin partiyaların mətbuat xidmətlərinin gündəlik informasiyaları sosial şəbəkələrdə paylaşılır və KİV-lər də bundan faydalanır. Sosial şəbəkələrdə əsasən AXCP, VHP və Müsavat partiyaları daha aktivdir. Bu partiyaların sosial şəbəkələrdə hesabları, səhifələri və qrupları var”.
 
Samir Əsədli sosial şəbəkələrdəki aktiv fəaliyyətləri nəticəsində, partiyanın sıralarına xeyli gəncin daxil olduğunu deyib:

“VHP-nin üzvləri sosial şəbəkələrdə xüsusilə aktivdir. VHP Gənclər Təşkilatı üzvlərinin bütün sosial şəbəkələrədə profilləri var. Bu şəxslərin sosial şəbəkələrdə aktivliyi, partiyanın cəmiyyətdə daha çox təbliğ olunmasına gətirib çıxarır. Xeyli sayda gənc, eyni zamanda xaricdə təhsil alan azərbaycanlı tələbələr partiyamızın sosial şəbəkələrdə fəaliyyətini izlədikdən sonra, sıralarımıza qoşuldular. 100-dən artıq gənc “Facebook”dakı təbliğatımızın nəticəsi olaraq, partiyamıza üzv oldu. Demək olar ki, hamısı aktiv partiyaçıdır. Son zamanlar demək olar ki, partiyanın rayon təşkilatlarının sədrlərinin çoxunun “Facebook”da profili var. VHP-nin özünün isə “Tvitter” hesabı açılıb. Həmçinin “Facebook”da Sabir Rüstəmxanlının, VHP Gənclər Təşkilatının və bir çox rayon təşkilatlarının fan-səhifələri fəaliyyət göstərir”.

Sədan Bünyadova

Publika.az

 

Comments are closed.