İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflının APA-ya müsahibəsi

 

– İctimai Palatanın seçki siyasətini necə dəyərləndirirsiniz? Qurumdakı mövcud durum bu birliyin gələcəyini şübhə altına ala bilərmi?

– İctimai Palatanın daxilindəki mübahisələrin bünövrəsinin kənar qüvvələr tərəfindən alovlandırıldığı qənaətindəyəm. İctimai Palatanın Koordinasiya Şurasında bu məsələ ilə bağlı ciddi müzakirələr olub. Dəfələrlə deyilib ki, sosial şəbəkələrdə bu mübahisələri alovlandıranlar var. Onlar saxta profillərlə girib, iki partiyanı qarşı-qarşıya qoymaq istəyirlər. Hər halda, bunun qarşısını almaq olar. Açığı, AXCP vəə Müsavat Partiyası üzvləri arasında sosial şəbəkələrdə və ya digər yerlərdə aparılan mübahisələri müzakirə etmək həvəsində deyiləm.

– Bu iki partiya arasındakı gərginliyi yaradan amil nədir?

– İctimai Palata çərçivəsində mübahisə formasında müzakirələrin olması normaldır. Lakin bunun təhqir şəklini alması qəbul olunan deyil. Doğrusu, İctimai Palatanın seçkilərdə iştirak etmək istəyən iki namizədi var. Bunun biri İsa Qəmbər, digəri isə Əli Kərimlidir. Bu namizədlərin hər birinin tərəfdarları var. Bu partiyalar da öz sədrlərini İctimai Palatanın vahid namizədi olaraq görmək istəyirlər. Ancaq fikrimcə, iradə nümayiş etdirərək vahid namizədin üzərində dayanarıqsa, partiyalar arasında və ümumən İctimai Palatada daxili gərginlik azalar.

– Sizcə, İsa Qəmbər və Əli Kərimli arasında edilən seçim vəziyyəti daha da gərginləşdirməzmi?

– İctimai Palatada ən fəal qurumlar AXCP ilə Müsavat Partiyasıdır. Amma qəti əminliklə deyirəm ki, əgər İctimai Palata vahid namizəd məsələsində öz arasında bir razılığa gələrsə, nəinki bu qurumda fikir birliyi yaranacaq, hətta digər müxalifət partiyaları da İctimai Palatada birləşəcəklər. Ancaq vahid namizəd məsələsinin müəyyənləşdirilməsi problemə çevrilərsə, üçüncü şəxsin namizədliyinin irəli sürülməsi üçün axtarışların aparılması labüd görünə bilər.

– Üçüncü şəxsin namizədliyinin irəli sürülməsi indidən daha uyğun variantlardan hesab olunurmu?

– Hələlik bu məsələ prioritet deyil.

– Müsavat Partiyasının başqanı İsa Qəmbər seçkilərdə iştirakını qətiləşdirib. AXCP və İctimai Palatada təmsil olunan vətəndaş cəmiyyətinin nümayəndələri isə hər biri fərqli mövqe nümayiş etdirir. Bütün bunlar İctimai Palatada səmimi münasibətlər olacağı gözləntilərini heçə endirmirmi?

– Bilirsiniz, siyasətlə səmimilik bir-birinə düz gəlməyən və çətin uyuşan anlayışdır. Hər bir təşkilatın öz mövqeyi və maraqları var. İctimai Palata üzvü olan istənilən şəxs təmsil etdiyi təşkilatın, arxasında dayanan siyasi qüvvənin maraqlarını güdür. Həmin maraqları gözləyəndə isə səmimilik kənarda qalır. İctimai Palatanı qarşı-qarşıya qoyam isə iki əsas məqam var. Bir məsələ seçkidə iştirakı dərhal elan etmək, digəri isə seçki mühitinin yaradılmasına hazırlıq uğrunda mübarizə aparmaqdır. Hər iki yanaşmanı düzgün qəbul etmək olar. Lakin seçki mühiti yaradılmazsa, seçkiyə getməkdə də lüzum görmürəm. Axı seçkiyə oynamağa getmirik. Çünki 20 il özümüzü təbliğ etmişik. Cəmiyyətimiz 20 ildir bizi siyasətdə görür. Yenidən nə ilə özümüzü təbliğ və ya təqdim etməliyik?

– Onda seçkidə vahid qüvvə ilə iştirakı daha optimal variant hesab etmək olarmı?

– İstənilən halda seçkiyə vahid qüvvə ilə getmək müxalifətin qaçılmaz formatı olmalıdır.

– Belə olan təqdirdə, Müsavat başqanı İsa Qəmbərin namizədliyini irəli sürməsini necə dəyərləndirirsiniz?

– Bir müddət əvvəl keçirilən görüşlərimizin birində bu məsələ müzakirə olunmuşdu. Bizim mövqeyimiz bu oldu ki, kim namizəd olmaq istəyir, namizədliyini irəli sürsün. Əlbəttə, burada məsələ təkcə namizədliyin irəli sürülməsi ilə bitmir. Yəni bundan sonra başqa addımların atılması da zəruri olur. Açığını deyim ki, mərkəzləşdirilməmiş, razılaşdırılmamış və İctimai Palatada iki qütblüyün yarandığı bir anda namizədliyin belə tez-tələsik irəli sürülməsinin əleyhinə idim. İndi də bunu əleyhinəyəm.

– Bütün bunlardan sonra İctimai Palata müxalifətin seçkidə vahid qüvvə ilə iştirak üçün format yaradılmasını təmin edə biləcəkmi?

– İki yanaşmanın olmasında problem görmürəm.

– İctimai Palatanın Koordinasiya Şurasının üzvlərindən bir hissəsi öz namizədini artıq müəyyənləşdirib. Siz bu məsələdə mövqeyinizi qətiləşdirmisinizmi?

– Mənim İctimai Palatada tutduğum mövqe bir qədər fərqlidir. Çünki orada üzvü olduğum partiyanı təmsil edirəm və zamanı çatanda partiya olaraq öz qərarımızı verəcəyik. İndiki halda fərdi olaraq mövqeyimi açıqlayıb, VHP-ni AXCP və ya Müsavat Partiyası ilə qarşı-qarşıya qoymaq fikrim yoxdur. Yəqin məni anlamaq olar. Zamanı gələndə bu məsələyə aydınlıq gətirəcəyəm. Əlbəttə, seçkiyə müxalifətin vahid namizədlə getməsinin tərəfdarıyam.

– İctimai Palatada iddialı namizədlər arasında güzəşt imkanları necə, varmı?

– Məncə, mümkündür.

– Bununla bağlı hansısa addımlar atılıb, yaxud atılması gözlənilirmi?

– Konkret kimin-kimə güzəşt etməsindən söhbət gedir?

– İsa Qəmbər namizədliyini irəli sürüb. Əli Kərimli də iddialıdır. Məhz bu iki şəxs bir-birinə güzəşt edə biləcəklərmi?

– Hesab edirəm ki, güzəşt olmalıdır və olacaq.

APA/ Ramil Məmmədli 

Comments are closed.