Şamaxı şəhərindəki “Şahxəndan” qəbiristanlığında dəfn edilən görkəmli Azərbaycan şairi, mütəfəkkir Seyid Əzim Şirvaninin qəbirüstü abidəsi yenidən qurulub. APA-nın Şirvan bürosunun xəbərinə görə, Şamaxıdan seçilmiş millət vəkili Elxan Süleymanovun təşəbbüsü və maliyyə dəstəyi ilə əsaslı şəkildə bərpa edilən abidənin mayın 21-də açılışı olub. Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Asim Məmmədov, millət vəkilləri Sabir Rüstəmxanlı, Elxan Süleymanov, Qənirə Paşayeva, Xanhüseyn Kazımlı, Ərəstun Cavadov, Qüdrət Həsənquliyev, akademik Bəkir Nəbiyev, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və başqa qonaqlar iştirak edib.
Elxan Süleymanov tədbirdə Seyid Əzim Şirvaninin şeirlərini söyləyən iki şagirdə təqaüd verəcəyini və rayonda şairin adı veriləcək bir orta məktəbi əsaslı şəkildə təmir etdirəcəyini bildirib.
Şairin qəbirüstü abidəsinin bütün daş örtükləri mərmər-qranit daşlarla əvəz edilib. Məzarın üzərində mövcud olan sinə daşı və stela (yazı olan daş plitə) götürülüb, yerinə isə qranitdən büst və sinə daşı qoyulub. Oradan götürülən sinə daşı və stela tarixi abidə kimi rayon tarix-diyarşünaslıq muzeyinə təhvil verilib. Bərpa və yenidənqurma işləri zamanı abidənin ümumi sahəsi genişləndirilib, həmçinin məzarlıqda qəbirüstü abidəyə gedən yol bərpa edilib, abidənin ətrafında təmizlik-abadlıq işləri görülüb, ağac və gül kolları əkilib. Akademik Bəkir Nəbiyev abidənin açılışını bildirən rəmzi qırmızı lenti kəsib. Qeyd edək ki, 1960-cı ildə tikilmiş qəbirüstü abidədə son vaxtlar iri çatlar əmələ gəlmişdi. Yaxın vaxtlarda Şamaxıda Mirzə Ələkbər Sabirin qəbirüstü abidəsinin bərpası da nəzərdə tutulur.

Comments are closed.