Rafiq Manaflı: “İran tərəfi ilk növbədə şovinist siyasətə son qoymalı, insanların milli haqlarını tanımalıdır”

İran Azərbaycan Xarici İşlər Nazirliyinə nota təqdim edib. Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.  Qeyd edək ki, İran tərəfinin Azərbaycan XİN-ə təqdim etdiyi nota millət vəkili Sabir Rüstəmxanlının Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşəbbüsü ilə “Azərbaycanın quzeyi və güneyi arasında əlaqələr: mövcud durum, perspektivlər və vəzifələrimiz” mövzusunda keçirilən konfransda çıxışı ilə əlaqədardır. Sabir Rüstəmxanlı çıxışında İran ərazisində Cənubi Azərbaycan dövlətinin qurulmasını təklif edib.

Məsələ ilə bağlı “Üç nöqtə”yə danışan Sabir Rüstəmxanlının sədri olduğu Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı bildirdi ki, İran tərəfi məsələni həddindən artıq şişirtməklə məşğuldur:  “Biz Sabir bəyin açıqlamasında hər hansı separatçılıq faktı görmürük və bununla bağlı siyasi qalmaqal yaratmağa lüzum yoxdur. Lakin İran tərəfi bu məsələni açıbsa, lk öncə bu fikirlərin yaranmasının səbəblərini araşdırsınlar. Bu gün İranda 30 milyondan çox soydaşımız milli-mədəni hüquqlarından məhrumdur, son zamanlar isə repressiyalar və zəlzələdən əzab çəkən soydaşlarımıza qarşı biganə münasibət bu xalqın özünün müqəddəratını təyin etmək yolunda zərurətlər ortaya çıxarır”. 

O vurğuladı ki, İran tərəfi ilk növbədə separatçılığa meyillər üçün olan zəmini aradan qaldırmalı, insanların milli haqlarını tanımalı, daha sonra kiməsə irad bildirməlidir: “Sabir Rüstəmxanlı Dünya Azərbaycanlıları Konqresinin sədridir, və bu qurumun rəhbəri kimi də, Güney Azərbaycanda baş verən proseslərə biganə qala bilməz. O dövləti bizim soydaşlarımızın əksəriiyyəti öz dövləti hesab edir, çünki qurulmasında, möhkəmlənməsində iştirak ediblər. Lakin bu ölkədə aparılan farslaşdırma siyasəti Azərbaycan türkləri üçün milli təhlükə daşıyır və
əgər rəsmi Tehran öz ərazi bütövlüyünə görə narahat olursa, milyonlarla insanın milli haqlarından məhrum olması faktına diqqət yetirsin, şovinist siyasətə son qoysun
”.


Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə
bildirdi ki, DAK sədrinin fikirlərini şərh etmək istəmir: “Lakin onu deyə bilərəm ki, Azərbaycan tərəfdən yox, İran tərəfdən gərginlik var və bu gərginliyi ilk növbədə İran tərəfi aradan qaldırmalıdır. İran rəsmiləri, din xadimləri dəfələrlə Azərbaycanı “İranın şimal vilayəti” adlandırıb, ölkəmizin daxili işlərinə müdaxilə ediblər. Bu məsələni də nəzərdən qaçırmaq olmaz”.

Əgər İran tərəfi həqiqətən də separatçılığa qarşıdırsa, o zaman ilk növbədə işğalçı Ermənistana və Qarabağda yaradılmış separatçı rejimə maddi və mənəvi dəstək verməkdən əl çəkməlidir.

Bu gün heç kimə sirr deyil ki, Tehrandakı siyasi dairələr müxtəlif vasitələrlə Ermənistana kömək edir,  bu dövlətin öz aqressiv hərəkətlərini davam etməsinə  dəstək verirlər. Belə olduğu təqdirdə, separatçılığa dəstək verən bir dövlətin, 100 minlərlə müsəlmanın qaçqın və məcburi köçkün düşməsinə göz yuman bir rejimin separatçılıqdan gileylənməsi məntiqsiz görünür”.

 

Rüfət 

“Üç Nöqtə” qəzeti


Comments are closed.