İqtidaryönlü gənclər təşkilatları rəsmi Bakının İranda həbs olunan gənc şairlərin azadlığa buraxılması üçün var gücü ilə çalışdığını deyərək, gəncləri təsirli aksiyalar keçirməyə dəvət ediblər. Müxalif yönümlü gənclər qurumlarının təmsilçiləri isə daha ciddi addımların atılmasının zəruri olduğunu bildiriblər. Onların fikrincə, bu iki gənc şair fars rejiminin siyasi qurbanına çevrilməməlidir. 
   
   Sonda gənclər mövcud durumdan çıxış yolu kimi vətəndaş cəmiyyəti institutları, hüquq müdafiə qurumları, gənclər təşkilatları və Xarici İşlər Nazirliyi təmsilçilərinin görüşünün keçirilməsini və vahid müdafiə strategiyasının hazırlanmasını təklif ediblər.
   
   Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin
 və VHP gənclər təşkilatının üzvü Samir Əsədli sözügedən tədbir haqqında “Şərq”ə məlumat verib. O, komitənin həyata keçirdiyi tədbirdən, irəli sürülən təkliflərdən və gəncləri narahat məsələlərdən danışıb: “Keçirdiyimiz tədbirdə 15 təşkilat, yəni həm partiya təşkilatları, həm də müstəqil fəaliyyət göstərən müxtəlif təşkilatlar bir araya gəldi. O cümlədən, Müsavat, VHP, ADP, AXCP və eyni zamanda  N!DA Vətəndaş Hərəkatı, “Azad Gənclik”, “Müsbət Dəyişikliklər”, “Dalğa” və s. Biz ilk olaraq qərara aldıq ki, vahid formada hərəkət etmək lazımdır. Bu işdə tək dövlətin yox, bütün Azərbaycan ictimaiyyətinin birgə fəaliyyətini bir istiqamətə yönəltmək vacibdir. Bununla bağlı keçirdiyimiz tədbirdə bir sıra təkliflər, hardasa 5-6 təklif irəli sürüldü və bütün təkliflərin konkretləşdirilməsini Müdafiə Komitəsi öz üzərinə götürdü. Yaxın günlərdə bununla bağlı yeni görüşlər olacaq və konkret təklifimizi irəli sürəcəyik”.
   
   Komitə üzvü şairlərin tezliklə sərbəst buraxılmadığı təqdirdə bu hadisənin digər arzuolunmaz olaylara da səbəb ola biləcəyini deyib: “Bilirsiz ki, biz müxalifət və müstəqil gənclər təşkilatları olaraq 7 təşkilat bir yerdə İran səfirliyinə görüşmək və məsələni müzakirə etmək üçün məktub göndərmişdik. Baxmayaraq ki, bir həftə vaxt keçib, amma hələ məktuba cavab verilməyib. Biz özümüz də gəncik. O şairlər bizim həmyaşıdlarımızdır. Gənc şairlərin taleyi bizim gənclərimizi daha çox narahat edir. Eyni zamanda bir şeyi nəzərə almaq lazımdır ki, məlum hadisədən sonra insanlarımızda aqressiya yaranıb. Yəni sabah İranın hər hansı vətəndaşına ölkəmizdə zərər yetirilsə, bunun məsuliyyətini heç kim daşımayacaq. Çünki İran bizim iki vətəndaşımızı günahsız yerə tutub saxlayıb və bütün Azərbaycan vətəndaşları da bundan narazıdır. Ölkəmizdə İran səfirliyinin nümayəndələri var, sadə İran vətəndaşları var. Səbri dolmuş hər hansı biri onlara qarşı aqressiv davrana bilər. Ona görə bu problem tezliklə həllini tapmalıdır.
 
   
   Tədbirdə digər bir məsələ də qaldırıldı ki, XİN ilə yenidən ətraflı görüş keçirilsin. Çünki Azərbaycan dövləti dəfələrlə qarşı tərəfə sorğu göndərməsinə baxmayaraq, İran rəsmi olaraq heç bir cavab verməyib. Sadəcə, hər iki dövlətin səfirlikləri, konsulluqları vasitəsilə şairlərlə qohumlarının görüşü olacağı bildirilir. Bu yaxşı haldır, əlbəttə. Bəs sonra necə olacaq? Prosesin hansı sonluqla bitəcəyi hamı üçün maraqlıdır”.
   
   S.Əsədli görüşdə birgə etiraz aksiyaları keçirilməsinin də gündəmə gətirildiyini deyib: “Təbii ki, geniş piketlərin, etiraz aksiyalarının keçirilməsinə tərəfdar çıxanlar da oldu. Mitinqlərin təşkil olunacağı nəzərdə tutulur və bunun olmayacağını heç kim sığortalamır. Yəni iş artıq o səviyyəyə gedib çıxacaqsa, biz lazımi strukturlardan icazə alaraq birgə aksiyalar keçirəcəyik”.

 Şərq qəzeti

Comments are closed.